adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

MƏN NƏ VAXTSA BELƏ YAZILAR YAZMIŞAM

VAHİD ƏLİFOĞLU
25688 | 2008-08-03 16:01
Bu heç də gecikmiş yazarın şairlik iddiaları deyil. Siyasi hadisələrdən, hər gün televiziya ekranlarına çıxıb millətin əsəbləri ilə oynayan, məntiqsiz mühakimələri ilə bizi bezdirən "tanınmış politoloqların" söhbətlərindən qaçmaqdıg Təkcə mən belə düşünmürəm. Məni əhatə edən yüzlərlə sadə adamların ehtiyacıdıg Oradakı "etibarla gələn etibarlı gələcək" çoxdan keçmişdə qalıb və indi bəlkə də belə yazıların əsl məqamıdı. Əlbəttə ki, bu yazıların sanballı, tutarlı olması heç də yazının mövzusu deyil və ola bilməz. Əvvəla mən tanınmış, ordenli, medallı, Ali Sovetin neçə-neçə çağırışlarını yola vermiş yazıçı deyiləm. İkincisi də hələ biz Seyidəhmədlidə yaşayanda qardaşım qızı Bakıdan bir kitab tapıb gətirişdi və mən o kitabdakı şerləri oxuyandan sonra qəti əmin olmuşdum ki, mən heç vaxt belə şerlər yaza bilməyəcəyəm. Bu nə istedadsızlıqdan, nə də inamsızlıqdan irəli gəlmişdi. Halbuki, o vaxtlar "xalq şairi" "xalq yazıçısı" adı daşıyanlar utanmadan, qızarmadan "Azərbaycan" jurnalının 15-20 səhifəsini cılız, mənasız yazılarla doldururdular. Bu kitab Məmməd Arazın "Dünya sənin, dünya mənimg" kitabıydı (Bu kitabı nümunə göstərməyin bu yazının "Ədalət" qəzetində getməsi ilə əlaqəsi yoxdur -V.Ə). Və o vaxtlar bu şerləri göndərdiyim ünvanlardan həmişə eyni cavablar gəlirdi. "Zəifdi, bədbindi" və s. Bəlkə də belədig İndi ki, Məmməd Araz yoxdu bu dünyadag Deməli, şer yazmaq və yaxud çap etdirmək olar. Vallah, mən bu fikirlərimdə tam səmimiyəm...
   
   Qarlı axşamlarda həsrəti var,
   Ordan da bəlkəli payıza Sarı.
   Ömrümdə bir incə qız həsrəti var,
   Baxır on yeddidən otuza Sarı...
   
   Sığalı, yatımı bu yağan qarın,
   Xına yaxılmamış əllərdə qaldı.
   Bir onu bilirəm axtardıqlarım,
   O qızın qaldığı illərdə qaldı.
   
   Hər şeydən qoruyub təmiz, müqəddəs,
   Uca tutduğun da səni eşitmir.
   Vaxtında hayına kar olduğum kəs,
   İndi qışqırıram, məni eşitmir...
   
   Gör qazanıb nəyi, itirib nəyi,
   Əlçatmaz etmişəm bu yaxın dadı.
   Onun gəlişində bənövşə iyi,
   Hardasa, hardasa lap yaxındadı...
   
   Tapılmaz, tapılsa qışın qarına,
   Ocaq baxışıynan od-alov salar.
   Nəfəsi bahardı ağ saçlarıma,
   Əlini başıma çəksə qaralar...
   
   ... O qız həmişəlik itib, xəbərsiz,
   Ağlıma gəlməyən xəyallar kimi.
   Mənim olmayacaq, yatıb xəbərsiz,
   Gecələr keçdiyim vağzallar kimi...
   
   
   Bu payız ömrümün körpə tamahı,
   Sevgi umacağı uman deyil ki.
   Sönmüş marağımın barsız günahı,
   Sənin gözlərini yuman deyil ki.
   
   Ötəri yaxınlıq dönməyən səda,
   Axan ulduzlartək düşürsən yada.
   Batan gəmilərə görünən ada,
   Qayalı sahildi, liman deyil ki...
   
   Ən böyük itkidi yalan təsəlli,
   Cürbəcür havalar çalan təsəlli.
   Qarlı gecələrdən qalan təsəlli,
   Yaşıl səhərlərə güman deyil ki...
   
   Buzdu axarları od baxışların,
   Yadam vədlərinə yad çağırışların.
   Gecikib, gecikib yalvarışların,
   Susmaq gözləməkdi, aman deyil ki.
   
   Əlində sevginin xınası olan,
   Bir evin əbədi sonası olar.
   Hər gözəl uşağın anası olan,
   Gözəl məhəbbətə ünvan deyil ki...
   
   
   Bahar ömrün payızı da varmış,
   Bitirmədi neçə budaq, ay hayıf.
   Çığırdığım qulaqlar da karmış,
   Batdı, getdi bu səs-soraq, ay hayıf.
   
   Bezdirməyin, başdan keçər inadım,
   Üzü soyuq qışdan keçər inadım.
   Deyirdim ki, daşdan keçər inadım,
   Acizmiş məndən uzaq, ay hayıf.
   
   Əzab verdin, əzablardan doymadın,
   Nə atmadın, nə əlindən qoymadın.
   Həmişəlik qalmağa qıymadın,
   Bir gün sönər bu od-ocaq, ay hayıf.
   
   O, çəmənin yaz ağlayar vərində,
   Bənövşəsi dustaq olub dərində.
   Çiçəkləri dərilmədi yerində,
   Xəzəllədi qucaq-qucaq, ay hayıf.
   
   Dünənimdə nə qalmışdı, indi heç,
   Axtardığım cığırlar var, çəndi, heç...
   Kirpiklərdən bircə damcı endi, heç,
   Dərya dərdi oyadacaq, ay hayıf.
   
   Vahid Əlifoğlu, baxtın oyanmaz,
   Baxt atdığı sərrast olar, yayınmaz.
   Günahlarım özgə yurdda dayanmaz,
   Öz qapıma qayıdacaq, ay hayıf.
   
   Bu batan günəşin, bu gedən günün,
   Yol gedər qisməti üzü qüruba.
   Bir ocaq var, həm mənimdi, həm sənin,
   Hardasa dağılar közü qüruba.
   
   Neçə sarı payızları varaqla,
   Bitirməz payızda qalan budaqlar...
   Dan yerində kilidlənən dodaqlar,
   İndi pıçıldayır sözü qüruba.
   
   Mən itirdim, itirdiyim sən idin,
   Gecdi daha, nə harayla, nə də din.
   Heç bilmədin ayrılanda nə dedin,
   Aldadıb apardı bizi qüruba.
   
   Dəli gecələrdən xoşbəxtlik uman,
   Əbədi həsrətdi bu çən, bu duman...
   Yarımçıq məhəbbət, yalançı güman,
   Axırda dönərmiş özü qüruba...
   
   Bu məhəbbət şerləridi, yoxsa nə? Bilmirəm. Amma mən bu şerləri otuz beş il bundan qabaq yazmışam. Özü də bir qızın ünvanına... Hamı eyni cür sevmir və sevgisini də eyni cür çatdırmır... Bu şerlər də o qıza çatmadı...
   
   Əbülfət Mədətoğlu deyir ki, sevgi şerlərini pıçıltı ilə deyərlər... Pıçıltı yaraşır on altı, on yeddi yaşında oğlana və elə həmin yaşda da qıza...
   
   ... Mən əllini keçmişəm. Üzümü tutduğum qız da əllini keçib. Nə mənim qulağım pıçıltını eşidəndi, nə də onun...
   Ona görə də bu şerləri qışqıra-qışqıra dedim...
   
   P.S. Kasıbın olanından. Bəlkə siyasətdən əlimizi, gözümüzü, qulağımızı çəkib bir az da sevgidən danışaq? Necə bilirsiniz?
   
   

TƏQVİM / ARXİV