adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YANIQ KƏRƏMi

VAHİD ƏLİFOĞLU
27661 | 2008-07-26 01:07
(Əvvəli ötən şənbə sayımızda)
   
   Kərəm istədi ki, cavab versin, birdən elə bil ətraf bir az da işıqlandı. Hər ikisi istər-istəməz çevrilib arxaya baxdı. Əsli tül köynəkdə dayanmışdı qapının ağzında, xumar-xumar baxırdı Kərəmə. Günəşin işığı çəpdən necə düşürdüsə tülün altında Əslinin nə qədər gizli, sirli yerləri vardısa hamısı görünürdü. Kərəmin ağzı açıq qalmışdı. Vahan Əslinin atası olduğunu unutmuşdu. Gözləri ac pişik gözlərinə oxşayırdı.
   ... Əslinin çiyələk dodaqları tərpəndi:
   - Xoş gəlmisən, Kərəm...
   Kərəm sanki yatmışdı, ayıldı. Maşından sazı götürüb basdı sinəsinə, "baş sarıtel" üstə görək Əsliyə nə dedi:
   
   Günəş kimi çıxan Əsli,
   Ay qız, öldürmə Kərəmi.
   Oğrun-oğrun baxan Əsli,
   Ay qız, öldürmə Kərəmi.
   
   Ahın çənim, dumanımdı,
   Bircə kəlmən gümanımdı,
   Bal dodağın dərmanımdı,
   Ay qız, öldürmə Kərəmi.
   
   Mən lal idim, dil olmuşam,
   Pərdə-pərdə zil olmuşam,
   Yanıb-yanıb kül olmuşam,
   Ay qız, öldürmə Kərəmi.
   
   Kərəm aldanmaz hər ada,
   Sirrin aşkar etməz yada,
   Bu quru can sənə fəda,
   Ay qız, öldürmə Kərəmi...
   
   Aldı görək Əsli Kərəmə "Dilqəmi" üstə nə dedi:
   Mən neyniyim, Xan Kərəmim,
   Vahan məni vermir sənə.
   Dəryalardan dərin qəmim,
   Vahan məni vermir sənə.
   
   Canım həsrət çəkən olub,
   Sinəm dərdə məkan olub,
   Aramızda tikan olub,
   Vahan məni vermir sənə.
   
   Əsli yara mehrlidi,
   Qara Keşiş zəhərlidi,
   Köynək tikib sehrlidi,
   Vahan məni vermir sənə...
   
   Söz tamama yetdi. Vahan da, Kərəm də, Əsli də qarışdılar bir-birlərinə ağladılar... Nə xeyri. Əsli onsuz da tilsimdəydi...
   ... Kərəm başını qoymuşdu Əslinin dizinə. Vahan Kərəmin dişini çəkirdi. Yarın dizi necə rahat, necə şirin idisə Kərəm hiss etmədi. Vahan Kərəmin ağzında dişə oxşar nə vardısa çəkib qoydu yerə...
   ... Kərəm qoltuğunda saz girdi həyətinə. Anaxanım arvad yüyürdü Kərəmin qabağına. Kərəmin üzündə, gözündə sağ istahat yox idi. Anaxanım əllərini atdı saçına. Bir vay-şivən başladı gəl görəsən... Haya qonum-qonşular da yığışdı. Kərəm sazın "çömçəsini "basdı sinəsinə (qolunu ermənilər sındırmışdılar - V.Ə) aldı görək "Ruhani" üstə nə dedi:
   
   Ay həzərat, düşdüm dildən,
   "Saqqallılar" döydü məni.
   Maşınım da getdi əldən,
   "Saqqallılar" döydü məni.
   
   Sular dondu, oldu axmaz,
   Şimşəklərim bir də çıxmaz.
   Vahangildən çıxar-çıxmaz,
   "Saqqallılar" döydü məni.
   Qollarımı sındırdılar,
   İmanımı dandırdılar
   Ciyərimi yandırdılar,
   "Saqqallılar" döydü məni.
   
   Kərəm deyər əkmərəm heç,
   Sevdasız ev tikmərəm heç.
   Əslidən əl çəkmərəm heç,
   "Saqqallılar" döydü məni...
   
   ... Kərəm sazınan dediyini sözünən də xırdaladı. Məlum oldu ki, Mardakertin ortasında "saqqallılar" Kərəmi maşından düşürüb o ki var döydükdən sonra sazını da sındırıb veriblər qoltuğuna və payi-piyada yola salıblar evinə... Kərəm yəhəri alınmış at kimi əyləşmişdi evin pilləkəninda, anası Anaxanım isə dizinə döyə-döyə bayatı deyirdi... Bu kədərli, iztirablı dəqiqələrdə görkəmli şair Vahid Əlifoğlu da qubarlanıb sinəsinə gəlmiş bu şeiri mismarladı bu yazının dümbülünə:
   
   Bu sevginin yolları nə darmış,
   Saz simiymiş hər cığırı dünyanın
   Nə qədər ki, əfsanələr varmış,
   Heç yoxumuş, heç axırı dünyanın...
   
   Bel bağlama dumanlanan xəyala,
   Kimsən axı, kimsən axı, nəçisən?
   Söykənmisən gümanlanan xəyala,
   Tək qəlbinin sönməz ahı, nəçisən?
   
   Fələk yansın, məzarımış məhəbbət,
   Qərib gəlir, siz yol verin, dağlar hey.
   Vallah, qardaş, azarımış məhəbbət,
   Oğul deyib, anan səni ağlar hey...
   
   Dostun gələ, səni çətin tanıyar,
   Əllərini bu bulaqda yu, yanır.
   Belə yanmaq qismət deyil hamıya,
   Gözlərində torpaq yanır, su yanır...
   
   Baş qoymuşdun yar dizinin üstünə
   Ay biçarə, otuz iki diş hanı?
   Əlini qoy sağ gözünün üstünə,
   Baş budusa, ona dəyən daş hanı?
   
   Dünya üzü neçə səhər açıldı,
   Toy gününün səhəri açılmaz.
   Qara geysin, bütün sirlər açıldı,
   Bir köynəyin düymələri açılmaz...
   
   Qara Keşiş, od-ocağın qaralsın,
   Nəyi verib, daha nəyi alırsan?
   Qapın düşsün, ay çırağın qaralsın,
   Ömür ucuz, baha nəyi alırsan?..
   
   Dərdi sındır, vaxtsız qəmi çiliklə,
   Açılmamış torpaq olan gülə bax.
   Al bu bəxti şüşə kimi çiliklə,
   Ay həzərat, adam dönüb külə bax...
   
   Beli sınsın kim çəkdisə belini,
   Xeyir-dua əsirgədi, yanasan.
   Mən neynirəm gözü yaşlı gəlini,
   İpək tellər süpürgədi, yanasan...
   
   Özü yanıb, özü sönən Xan Əsli,
   Çeşmə olub nə susar, nə kiriyər.
   O illər də buza dönən Xan Əsli,
   Saçlarının istisindən əriyər...
   ... Bu şeir o vaxtlar yazılıb ki, ata-babalarımız aşıqların ifasında "Əsli Kərəm"i dinləyib həftələrlə yas saxlayırdılar. Amma indi o kişilərin nəvələri "Yanıq Kərəmi"yə oynayırlar. Ayıbdı vallah, a kişilər, ayıbdı.
   ... Heyif ki, başı küllü Kərəm o vaxtlar bilməyib ki, haxçıxdan arvad olmaz ey, məşuqə olar... Bu da belə... Oğul ona deyirəm bu yazının ciddi, ya qeyri-ciddi olduğunu aydınlaşdırsın...
   ... Siz yüz yaşıyın villalarda, dəniz kənarında, mən də iki əlli Haramıda...

TƏQVİM / ARXİV