adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Dekabr 2014 17:48
6583
İDMAN
A- A+

Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə beynəlxalq turnir keçirilib

Dekabrın 20-də Bakı Tennis Akademiyasında kikboksinq üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beşinci beynəlxalq turnir keçirilib.

Adalet.az xəbər verir ki, artıq ənənəvi hal alan turnir K-1 və loukik versiyaları üzrə keçirilib. Kikboksçularımız bu dəfə Türkiyə komandası ilə qarşılaşıblar.

Loukik üzrə 60 kiloqram çəki dərəcəsində təşkil olunan iki görüşün qalibi milli komandamızın üzvləri ondoqquzqat dünya və altıqat Avropa çempionu Eduard Məmmədov və Zöhrab Əzimov olublar. Digər idmançımız Orxan Məlikov (91 kq) da fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Türkiyə təmsilçisi Hamza Kendircioğlu isə 91 kiloqramdan yuxarı çəki dərəcəsində qalib adını qazanıb.

K-1 yarışlarında Azərbaycan yığma komandasının heyətində Elşad Ələsgərov (57 kq), Elnur Dəryagir (63,5 kq), Ramal Aslanov (70 kq), Çingiz Əlləzov (71 kq) və Anar Məmmədov (91 kq) Türkiyə yığmasında isə Ali Çakır qızıl medala sahib olublar.

Belarusu təmsil edən əslən azərbaycanlı kikboksçu Çingiz Əlləzovun rəqibi üzərində nokautla qalib gəlməsi isə yarışa xüsusi rəng qatıb. Karyerasını Belarusda davam etdirən 21 yaşlı Çingiz indiyə kimi 6 dəfə dünya çempionu (Tay boks) və 3 dəfə Avropa çempionu adını qazanıb. Peşəkar karyerası ərzində 33 döyüş keçirən idmançı 31 görüşdə qalib olub. Bu döyüşlərin 23-də kikbokçu rəqiblərini nokauta salıb. Həvəskar yarışlarda 200 döyüş keçirən Çingiz 199 görüşü qələbə ilə başa vurub yalnız bir döyüşdə məğlub olub. Ümumilikdə, aktivində 235 döyüş olan Çingiz Allazov 232 görüşü qalib başa vurub ki, bunların 197-də nokaut qeydə alınıb.

Beləliklə, görüşün ümumi nəticəsində 8:2 hesabı ilə Azərbaycan kikboksçuları qalib gəlib.

Yüksək səviyyədə təşkil olunan yarışın idarə olunması üçün WAKO-dan (Dünya Kikboks Federasiyası) Serbiya, Xorvatiya və Belarusu təmsil edən hakimlər briqadası dəvət olunub.

Xatırladaq ki, ötən il belə bir turnir Avstriyanın paytaxtı Vyanada keçirilib. Turnirdə Azərbaycanın tanınmış kikboksinq ustaları Avropanın 10 ölkəsini (Avstriya, İtaliya, Türkiyə, Macarıstan, İsveçrə, Serbiya, Hollandiya, Rumıniya, Polşa, Bosniya və Herseqovina) təmsil edən idmançılarla qarşılaşıb. Turnir çərçivəsində 12 döyüş keçirilib. Həmin görüşdə idmançılarımız böyük uğurlar qazanıblar. Turan Qafarov, Vüqar Kazımov, Ramal Aslanov, Pərviz Abdullayev, Zabit Səmədov rəqibləri üzərində parlaq qələbə qazanıblar. Ümumilikdə komanda hesabında Azərbaycan və Avropa kikboksçuları xalları yarı böldülər, qarşılaşma 6:6 hesab ilə başa çatıb.. Böyük ajiotaj yaradan yarış bir sıra Avropa kanallarında yayımlanıb.


Sahib ƏSƏDBƏYLİ