adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Dekabr 2014 17:04
4614
DÜNYA
A- A+

Yaxın 30 ildə Yaponiya yerlə yeksan ola bilər

Yaponiyalı seysmoloqlar güclü zəlzələnin baş vermə ehtimalının artmaqda olması ilə bağlı qorxunc qənaətə gəliblər. Təbii fəalkət Yaponiyanın əhalinin ən sıx yaşadığı mərkəzi Kanto rayonunu dağıda bilər. TASS agentliyinin məlumatına görə,  mümkün dağıdıcı fəlakət ehtimalı hazırda 78 faiz səviyyəsinə çatıb.

Yaxın üç onilliyin təbiət hadisəsinin ölkənin ən böyük liman şəhəri olan İokohamaya zərbə vuracağı ehtimalı yüksəkdir.

Eləcə də həmin vaxt zəlzələnin Yaponiya yaxınlığındakı Nankay tektonik sınığında 8-dən yuxarı maqnitudada olacağı təhlükəsi son dərəcə yüksək olaraq qalır. Ekspertlərin məlumatına görə, təbii fəlakətin ölkəyə vuracağı zərər 220 trilyon yien (1,8 trilyon ABŞ dolları) həcmində ola bilər.

Hökumət komissiyasının rəyinə görə, 900 kilometrlik Nankay sınığında baş verəcək güclü zəlzələ nəticəsində ölkənin Sakit okean sahillərində 20 metrdən artıq hündürlükdə sunami yarana bilər.

Qeyd olunur ki, 2011-ci ildə baş vermiş faciəli hadisələrdən sonra yapon seysmoloqlar xüsusi səylə yeni araşdırmalar apararaq təbiətin növbəti zərbəsinin vaxtını və yerini daha dəqiq müəyyən etməyə çalışırlar. Lakin hər dəfə həmin araşdırmaların nəticələri yaxın otuz ildə Yaponiyanın güclü zəlzələ ilə üzləşəcəyi ehtimalı barədə kədərli proqnozlar gətirir. Ona görə də ölkə hakimiyyəti yerli əhalinin xüsusilə yeraltı təkanlardan sonra dağıdıcı sunaminin yarandığı sahilyanı zonalardan təcili köçürülməsi marşrutları və planlarına böyük diqqət ayırır.