adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Dekabr 2014 16:24
3666
MƏMLƏKƏT
A- A+

Mətbuat Şurası nekroloq yaydı

Dekabrın 20-də Azərbaycanın tanınmış jurnalisti Məryəm Abbas qızı Həsənzadə vəfat edib.

 

M.Həsənzadə 1932-ci ildə Bakıda dünyaya göz açıb. Orta təhsilini paytaxtın 132 saylı məktəbində alıb. Azərbaycan tarixində xeyriyyəçiliyi ilə tanınan Hacı Zeynəlabdin Tağıyev nəslinə mənsubluğu Məryəm xanımın xarakterinə xas nəciblik xüsusiyyətlərini şərtləndirib. Xüsusilə qadın həmkarları onun mənəvi keyfiyyətlərini özlərinə nümunə götürüb, yaradıcılıqlarına örnək sayıblar. Bu örnəyi zəngin həyat yoluna çevirən yaşantılar kifayət qədərdir.

 

M.Həsənzadə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin ilk qadın məzunlarından olub. Hələ tələbəlik illərində müxtəlif janrlarda qələmə aldığı yazılar respublika mətbuatında müntəzəm yer alıb.

 

Gənc jurnalistin milli mətbuatımızın aparıcı nümunələrindən olan «Xalq qəzeti»nə (keçmiş «Kommunist») ədəbi işçi kimi qəbul olunması böyük etimad sayıla bilərdi. Məryəm xanım nəinki bu etimadı doğrultdu, eyni zamanda neçə-neçə jurnalist kadrların püxtələşmələrində məktəb rolunu oynadı. Nəşrdə 40 ilə yaxın müddətdə müxbir, mədəniyyət yazarı kimi fəaliyyət göstərdi.

 

M.Həsənzadənin yaradıcılıq dünyasında publisistik düşüncələr aparıcı xətti təşkil edib. Rəssam məharətilə cızdığı portretlərin görünməyən tərəflərinin təqdimatında duyulan sözün qüdrəti olub. Yorulmaq bilməyən səmərəli fəaliyyəti jurnalistə geniş oxucu auditoriyası qazandırıb. Müəllifin bir sıra qələm nümunələri "Ürəyəm, arzum sənsən” adlı oçerklər kitabında toplanıb. Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı, dövrün sayılıb-seçilən mükafatlarından «Qızıl qələm»lə təltif olunan Məryəm xanım öz peşəsini övladlarına da sevdirib.

 

Azərbaycan Mətbuat Şurası Məryəm Həsənzadənin dünyasını dəyişməsini onun ailəsi ilə yanaşı, bütövlükdə milli mətbuatımız üçün böyük itki sayır. Mərhumun doğmlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin!

 

Azərbaycan Mətbuat Şurası