adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Dekabr 2014 13:39
9582
ƏDƏBİYYAT
A- A+

Mixaylo qəlbimizdədir

Bu gün Sovet İttifaqı Qəhrəmanı,  adı dillərdən düşməyən qəhrəman Azərbaycan oğlu Mehdi Hüseynzadənin doğum günüdür.

M. Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub, 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olub, 1937-ci ildə Leninqradda Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirib.

Böyük Vətən Müharibəsi başlandıqdan sonra, 1941-ci ilin avqustunda Mehdi orduya çağrılıb, 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşüb.

1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yuqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaradıb. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayırdı.

Mixaylo ləqəbi ilə tanınan cəsur döyüşçünün qəhrəmanlığı saymaqla bitməz. O, faşistlərin olduğu onlarca dəmir və şosse yolları körpüsünü, binaları partladıb, Şimali İtaliyanın Udin səhərində 700 nəfər yerli partizan və Sovet əsirini əsarətdən qurtarıb. Yeni qərargahın göstərişinə əsasən alman hərbi paltarında təkbaşına faşist təyyarə meydanına gəlib bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağıdıb. 

1944-cü il noyabrın 16-da Mehdi partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlir. Qəhrəman döyüşçü, xeyli faşist öldürür. Lakin döyüşərkən ağır yaralanır, çoxlu qan itirərək həlak olur. Mixaylonun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olunub: "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".

"Mixaylo” sənədli filminin rejissoru Tahir Əliyevin araşdırmalarına görə,  "Uzaq sahillərdə” filmindən tamaşaçıya tanış olan Mehdinin dostu Visilinin əsl adı Sar olub. Mehdi onunla birgə əməliyyatdan qayıdırkən ikimərtəbəli evin çardağında gizlənirlər. Bu zaman xəbər gəlir ki, almanlar artıq Vitovli kəndinə hücum edib və onlar Mixaylonun axtarışına başlayıblar. Mehdi ilə Sar almanlarla döyüş olacağını gözləmirmiş. Sar çardaqdan aşağı enərkən almanlar onu vururlar. Bunu görən Mixaylo pəncərədən tullanır və bu zaman snayper gülləsinə tuş gəlir. Ağır yaralanan Mixaylo kənddən çıxmağa müvəffəq olsa da, çoxlu qan itirdiyindən yoluna davam edə bilmir, elə oradaca dünyasını dəyişir. Lakin almanlar onun cəsədini tapa bilmirlər. Mehdi Hüseynzadənin cəsədini 12 yaşlı bir qız tapır. Mixaylonu elə tapıldığı yerdə dəfn edirlər. Üç gün sonra almanlar xəbər tutduğundan onun nəşinin artıq burada saxlamağın mümkün olmadığına görə, 30 kilometr kənarda yerləşən Çepovani kəndində qardaşlıq qəbiristanlığında dəfn ediblər. Həmin qəbiristanlıqda ən birinci qəbir Mehdi Hüseynzadənin məzarıdır.

Mixaylonun qəhrəmanlığı inidilmadı. 1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Azərbaycan yazıçıları İmran Qasımov və Həsən Seyidbəyli "Uzaq sahillərdə" povestində Mehdi Hüseynzadənin bədii surətini onu bir daha xalqının qəlbində ucaltdı.

Bundan başqa sloveniyalı yazıçı Peter Amalietti Mehdi Hüseynzadəyə həsr edilmiş "Mixaylonun təkbaşına qisası” ("Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlik roman yazıb.