adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Dekabr 2014 20:27
4417
SİYASƏT
A- A+

“ABŞ Azərbaycanda oyuncaq hökumət qurmaq arzusundadır”

ABŞ-ın Beynəlxalq Münasibətlər Şurasının Dağlıq Qarabağda yaşayan əhalinin 95%-nin etnik baxımdan erməni olması ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanda ciddi narazılığa səbəb olub. Bununla bağlı açıqlama verən millət vəkili Fəzail Ağamalı bunu ABŞ-ın Azərbaycana növbəti təzyiqi kimi dəyərləndirib:

"Təəssüf ki, bu gün Azərbaycana ən müxtəlif səviyyədə təhdid və təzyiqlər var. ATƏT–in Minsk qrupunun həmsdəri olan ABŞ işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində konkret addımlar atmaq, Ermənistanı təcavüzkar dövlət elan etmək, ona qarşı sanksiyalar tətbuq etmək əvəzinə, həmin torpaqların işğalda qalmasının tərəfdarı kimi çıxış edir. Bu gün ABŞ Ermənistanı himayə edən dövlətlərdən biridir. Bu, ABŞ siyasətinin mahiyyətidir. Işğalçı dövlətə müxtəlif adlarla qrantların ayrılması, Dağlıq Qarabağın erməni icmasına maliyyə yardımlarının göstərilməsi, ABŞ-ın Azərbaycana qarşı münasibətdə ikili standartlardan çıxış etdiyini və hər zaman ermənilərin yanında olduğunu göstərir. İndi bu məsələni ortalığa atmaqla əslində yeni bir mübahisə, yeni təhdid vasitəsini gündəmə gətirmiş olurlar. Dağlıq Qarabağ ərazisində ermənilər yaşasa da, orada xeyli sayda Azərbaycan icması var idi. Xocalı, Şuşa kimi iri yaşayış məntəqələrinin də sakinlərini azərbaycanlılar təşkil edirdi. Kəndlərdə də kifayət qədər soydaşımız yaşayırdı. Lakin daha sonra ABŞ və onun müəyyən dairələri tərəfindən ermənilərin müdafiə olunması səbəbi ilə bu insanlar öz dədə-baba yurdlarından qovuldular, Xocalı soyqırımı baş verdi. Bunların hamısına isə ABŞ göz yumdu”.

F.Ağamalı ABŞ-ı Azərbaycanda oyuncaq hökumət qurmaq niyyətində də ittiham edib:

"Biz hər zaman ABŞ-dan ədalət gözləmişik. Lakin ABŞ Azərbaycana qarşı ədalətli mövqe nümyiş etdirmir. ABŞ bu gün Azərbaycanı qapazaltına, öz forpostuna çevirmək istəyir. ABŞ Azərbaycanda onun maraqlarını təmin edəcək oyuncaq hökumət qurmaqla ölkəmizi idarə etmək arzusundadır. Ölkə prezidentinin həyata keçirdiyi müstəqil siyasət, dövlətçiliyin möhkəmlənməsinə xidmət edən addımların atılması ABŞ-dakı bəzi dairələrdə narahatlıqla qarşılanır. Bu isə bizdə təəssüf doğurur. Mən ABŞ-ın hakimiyyət orqanlarına, yetkililərinə sadə bir sual vermək istəyirəm. ABŞ kimi Azərbaycanın da azad, müstəqil dövlət olmaq haqqı varmı? Bəli var. Bu haqq qanlı döyüşlər, ağır mübarizələr nəticəsində əldə olunub. Bütün dünya bu haqqı tanımağa məcburdur”.