adalet.az header logo
  • Bakı 20°C

QARTAL UCALIQ SEVƏR

10108 | 2014-12-20 01:23
ZUVANDA QAPI BURADAN AÇILIR

Bu yolu ilk dəfə 1957-ci ilin baharında getmişdim. Hər tərəf yamyaşıl idi. Bağlar çiçək açmışdı. Sürülər yamaclara yayılmışdı. Sükutu dağ çayının şırıltısı, birdə çobanın tütəksəsi pozurdu.
Orta məktəbi bitirməyə iki ay qalmış 148 yaşlı Mahmud Eyvazovun görüşünə tələsirdik. Sinfimizin uşaqları deyib-gülür, ağsaqqalın əlini sıxacaqlarına görə sevinirdilər. Qayaların arasından keçən yola çatanda müəllimimizin gur səsi eşidildi:
- Uşaqlar, maşından düşün, Köyüləcən piyada getməliyik.
"QAZ-51" dayandı. Bir-bir aşağı endik. Müəllim sözünə davam elədi:
- Bura qədimdən "Dağlar qapısı" adlanır. Zuvand buradan başlanır. Vaxtilə Ərdəbilə,
Təbrizə ticarətə gedənlər bu yoldan keçiblər. Mahmud babanın kəndi Pirasora da yolun üstündədir.
Qalan məsafənin yarısını maşınla, yarısını da piyada getməli olduq. Büzeyir kəndinə çatanda qədim insan məskəni mağaraya baxdıq, bumbuz bulaqların suyundan içdik, yarpızından daddıq.
Mahmud baba ilə görüşümüzdən 60 ilə yaxın vaxt keçsə də, yaddaşımdan silinməyib. Elə bil bu gün həmsöhbət olub, zarafatlarına qulaq asıb, məsləhətlərini dinləmişik.
Biz Pirasorada dağ vüqarlı ağsaqqallarla da tanış olduq. Dənzi əmi, usta Rəşid, Alışan kişi, Babaş dayı, kolxoz sədri Qurban kəndin tarixindən, Mahmud babanın ömür yolundan söhbət açdılar. Xoş təəssüratla qayıtdıq.
Bu görüşdən on il sonra, mətbuatda çalışdığım zaman Pirasora kəndinin ağsaqqallarıyla, ziyalılarıyla yaxından tanış oldum, duz-çörək kəsdim. Onlarda dosta sədaqət, ehtiram və hörmət gördüm. Bu keyfiyyətlərə görə indi də abad obada çoban dostum, müəllim həmfikirim, qələm əhli həmsöhbətim, şəfalı əlləri ilə xoş ovqat yaradan tanışlarım var.

DƏNZİ
KİŞİNİN ÖVLADLARI

Pirasoranın tarixi barədə söhbətləri Dənzi kişidən eşitmişəm. O, kəndin canlı tarixi idi, sinəsi bu oba ilə bağlı rəvayət və hadisələrlə doluydu. Yazıçı Məmmədhüseyn Əliyev Mahmud Eyvazov haqqında "Dağlar oğlu" romanını qələmə alanda hadisələrin çoxunu Dənzi əmidən eşitmişdi. O, elat həyatı keçirmişdi. Qışı aranda, yayı dağlarda yola salmışdı. Xan bulağının üstündə çadır qurub övladlarını başına yığmışdı. Yaylaqlara qarış-qarış bələd idi. Sürünü harada otarmağı, harada gecələməyi yaxşı bilirdi.
Çobanlıq Dənzi kişinin ata-babasından ona yadigar qalmışdı. Ağsaqqal ənənəni davam etdirib övladlarına verdi. Böyük oğlu Araz əli ağac tutandan ömrünün axırınacan sürü dalınca getdi. Halal çörək qazandı, el-oba üçün çalışdı.
Çoban Sarxan Dənzi kişinin ikinci övladıdır. Ötən əsrin 60-cı illərindən başlayaraq adı respublikanın tanınmış adamları sırasında çəkilirdi, səsi mötəbər məclislərdən gəlirdi. Qazandığı uğurlara görə iki dəfə Lenin ordeni ilə, Oktyabr İnqilabı və QırmızıƏmək Bayrağı ordenləri ilə təltif olunmuşdu. Haqqında mahnı yazılmışdı, televizya filmi çəkilmişdi. Respublikanın "Əməkdar heyvandarı" fəxri adı ilə təqaüdə çıxdı.
Pirasora damazlıq qoyunçuluq təsərrüfatında çoban Sarxanın təcrübəsi gənc heyvandarlar tərəfindən həvəslə öyrənilir. Cavan həmkarları ilə söhbətlərində bu el məsəlini tez-tez çəkir: "Qoyun yata-yata yetişər". Sınaqdan çıxmış kəlamdır.
Hacı Meyxos ailənin üçüncü oğludur. Haqqında bir azdan söhbət açılacaq.
Alxas da qardaşlarının yolu ilə getmişdi, yarım əsrdən artıq çoban çomağı əlindən düşməmişdi. Qışın boranlı günləri onu imtahana çəkmişdi, ancaq itgiyə yol verməmişdi, doğma yurda üzüağ qayıtmışdı.
Sürücü Şəmi Dənzi oğlunu xatırlamamaq günah olar. Sarxan kişinin oğlu, ali təhsilli zootexnik Şakir əmisi barədə deyir: "O sükan arxasındaydı. Dağ yolları onu yormurdu. Ot-ələf daşıyır, köçləri arana endirir, qışın sərt çağında köməyə gəlirdi. Uzun ömür sürmək qisməti olmadı, dünyasını tez dəyişdi".
Hüseynovlar ailəsində ilk dəfə ali məktəbə İman Dənzi oğlu daxil olmuşdu. O, Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra rayonda baş baytar həkimi işlədi. Insafla desək, heyvandarlıq təsərrüfatları üçün çox iş gördü, dağ kəndlərində yeni məntəqələrin açılmasına nail oldu. Xəstəliklərə qarşı mübarizə tədbirlərini gücləndirdi. Bu gün də seçdiyi ixtisasa sadiq qalıb, cins mal-qara yetişdirməklə məşğuldur.
"Bəyverdi müəllim". Kənddə Dənzi kişinin sonbeşiyini belə çağırırlar. O, pedaqoji institutu bitirib, ali təhsilli bioloqdur. Uzun illər boya-başa çatdığı kənddə məktəb direktoru işləyib. Pirasora məktəbinin məzunlarının sorağı ölkənin elm ocaqlarından, universitetlərindən gəlir. Onların yetişməsində direktorun, rəhbərlik etdiyi pedaqoji kollektivin zəhməti az olmayıb.
Bəyverdi müəllim həm də kənd bələdiyyəsinin sədridir. Sosial problemlərin həlli üçün özünüidarə qurumunun imkanlarından istifadə edir. Təşəbbüsü ilə yeni məktəb tikilir, qarşıdan gələn ildə qapılarını şagirdlərin üzünə açacaq.
Pirasora xalça ustaları ilə də tanınır. Qız-gəlinlər ilin hər vədəsində işsiz durmur. Evlərdən kirkiz, həvə səsi gəlir. Burada toxunan xalılar, kilimlər, cecimlər, mərfəclər, xurcunlar, corablar adla deyilir. Dənzi əminin qızları Pəri və Növrəstənin xalça toxumaqda tayı bərabəri yox idi. Yetmişinci illərdə bacılarla görüşən xalq şairi Mirvarid xanım Dilbazi bu misraları bədahətən demişdi:

Naxış üstə naxış vurub,
Ay xalı toxuyan qızlar!
Sözlü baxıb, sözlü durub,
Könlümü oxuyan qızlar!

PİLLƏ -
PİLLƏ YÜKSƏLİŞ

Hacı Meyxosla ilk tanışlığım 1967-ci ildə olub. "Komsomol" kolxozunun qoyunçuluq fermasının müdiri idi. Qışlaqda raykomun birinci katibi Səmid Qulamovun keçirdiyi heyvandarların müşavirəsində görüşmüşdük. Axşam onun fermasındakı qonaq otağında gecələdik. Qardaşları Sarxan, Araz və Alxas da burdaydılar.
Söhbətindən öyrəndim ki, Meyxos 14-15 yaşında, yeddiillik məktəbi bitirəndən sonra kolxozda çalışıb, gücü çatan işdən yapışıb. Sonra ona qaramal fermasının müdirliyi tapşırılıb. Bu çətin vəzifənin öhdəsindən gəlib. Mal-qaranın sayını artırıb, məhsuldarlıqdakı gerilik aradan qaldırılıb. İdarə heyəti onu qoyunçuluq fermasına göndərməyi məsləhət bilib. Dörd ilə bu axsayan sahədə dönüş yaradıb. Kolxozçular onu təsərrüfata sədr seçmək istəyəndə rayon mərkəzində kimsə su bulandırıb. Bu, Meyxos Hüseynovun əlini işdən soyutmayıb, əvvəlki işgüzarlığını davam etdirib, Şuşada Kənd Təsərrüfatı Texnikumunu qiyabi bitirib.
Nəhayət, 1969-cu ildə kolxozçuların tələbi nəzərə alındı. Hesabat-seçki yığıncağında ağsaqqalların təklifi ilə Meyxos Hüseynov sədr seçildi. İllər ağır keçirdi. Rayonda ərzaq qıtlığı təsərrüfat başçıları üçün başlıca problem idi. Sədr kəndlərdəki yararlı torpaqlara taxıl əkdi. Ancaq bu üç kəndin əhalisini ərzqla təmin edə bilməzdi. Neftçala rayonunda adlı-sanlı sədr Nuruş Əliyevlə görüşdü, əkin üçün torpaq istədi. Sözü yerə düşmədi. Pirasora fermasına yaxın torpaq aldı, səpin keçirdi. Yayda kolxozçuların ərzağa ehtiyacı tam ödənildi.
Hacı Meyxos Hüseynov nə az, nə çox 45 ildir bir elin ağsaqqalı, bir təsərrüfatın başçısıdır. Müstəqillik illərində kolxoz və sovxozlar ləğv edilib əmlakı paylansa da, bu təsərrüfata toxunulmayıb, damazlıq müəssisəsi kimi saxlanılıb. Yeni binalar tikilib, avadanlıq alınıb, yaylaq və qışlaq sahələri ayrılıb.
Bu illər ərzində təsərrüfat respublikada öndə olub, keçmiş ittifaqın və respublikanın mükafatlarını alıb. Damazlıq təsərrüfatında "Pirasora" qoyun cinsi yetişdirilib. Bu cinsdən olan qoyunlar çəkisinə, yun verməsinə görə Qarabağ qoyunlarını üstələyib.
Müəssisənin gəlirləri artdıqca burada çalışanların güzəranı yaxşılaşıb. Son illərdə yeni evlər, xidmət obyektləri tikilib, kəndin bir ucu dağlara söykənib. Pirasorada maşınsız ailələr tək-təl tapılar. Hər gün kənddən Bakıya avtobus marşrutu işləyir, sərnişinlər mənzil başına vaxtında və rahat çatdırılır.
Dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşən kəndin evlərində televizordan musiqi, telefon zəngləri eşidilir. Mədəniyyət evi, kitabxana, poçt şöbəsi, feldşer məntəqəsi, dükanlar qapılarını sakinlərin üzünə açır. Əlbəttə, bütün bunların fəaliyyət göstərməsində el ağsaqqallarının da zəhməti, qayğı və diqqəti olub.
Hacı Meyxos Hüseynovun uzun illər səmərəli fəaliyyəti dəyərləndirilib, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2008-ci il 31 oktyabr tarixli sərəncamı ilə "Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adına layiq görülüb. Bu gün də ictimai fəaliyyətini davam etdirir. Rayon Ağsaqqallar Şurasının fəxri üzvü, gənclərin etibarlı məsləhətçisi və yol göstərənidir.
Yazını qələmə alarkən ağsaqqalın həmyaşıdları, kəndin hörmətli adamlarını dinlədim. Ferma briqadiri Alıqulu Əyyubov söhbətə birinci qoşuldu. Dedi ki, qırx ildən çoxdur Hacı Meyxosla çiyin-çiyinə çalışıram. Az adam tapılar bizim direktor kimi səbirli olsun. Bu, təsərrüfatçı üçün vacib məsələdir. Sürüyə bir dəfə baxmaqla işimizə qiymət verir, yaxşını pisdən seçir. Düz söz xoşuna gəlir, yalan danışanı eşitmək istəmir. Yaxşı işçiyə həmişə arxa durur, qayğısına qalır, gözünün yağını belə əsirgəmir.
Bu təsərrüfatlarda zəhmət çəkənlərdən biri də Şirməmməd Bağırovdur. Sadə peşəsi var, yük maşınının sürücüsüdür. Mahmud babanın nəvəsidir. Ömrünün 75-ci payızını artıq yola salıb. O, Hacı Meyxosun dostlarına sədaqətindən misallar gətirdi. Onlardan söhbət salanda alimlərin, sənət adamlarının, tanınmış xadimlərlə bərabər sadə insanların adlarınıda eşitdik. "Hacının qapıları xoşməramlı dostlarına həmişə açıqdır" söylədi.

MEHRİBAN AİLƏ BAŞÇISI, QAYĞIKEŞ ATA

Pirasorada çoxuşaqlı ailələrdən söz-söhbət gedəndə Hacının ailəsi də yada düşür. Mərhum Minayə bacı ilə 7 oğul, 3 qız böyüdüblər. Oğlanları ev-eşik sahibidir, özlərinə həyat yolu seçiblər.
Ailənin ilk övladı Hüseynbabadır. Ali təhsilli iqtisadçıdır. Atasına təsərrüfatın idarə olunmasında kömək eləyir. Eldə xeyriyyəçi kimi hörməti var. Xanbala həkimdir, tibb elmləri üzrə fəlsəfə doktorudur. Respublikada təcrübəli və tanınmış terapevtlərdən biri sayılır. Şəfalı əlləri neçə-neçə xəstəni sağaldıb, ailələri sevindirib, xeyirxahlığıyla yaddaşlarda qalıb.
Hacı Meyxosun iki övladı -Babəklə Nazim böyük qardaşın yolunu seçiblər, gənc iqtisadçılardır. Namiq müəllimdir. Əlinağı təsərrüfat işləri ilə məşğuldur. Davud ali məktəbdə təhsil alır. Evin qızları Zöhrə, Gülnisə, Mahirə və Mahnur gəlin köçüblər, hərə bir evin xanımı, qayğıkeş anadır. Ailəcanlı Hacı Meyxos qızlarına baş çəkir, nəvələrini başına yığır, onların təhsil uğurları ilə maraqlanır. "Dövlətdə dəvə, övladda nəvə" deyib qürur hissi keçirir.

***
Azərbaycanın tanınmış sənət adamlarından bir neçəsi ilə Pirasorada qonaq olub Hacı Meyxosun, sovet sədri mərhum Rəisin süfrəsində duz-çörək kəsmişik. Məşhur fırça ustası Nadir Əbdürrəhmanovun Pirasoraya haçan gəldiyi yadımda qalmayıb. Yadımda qalan onun burada çəkdiyi "Dağ adamları" və "Talış qızı" əsərləri, bir də kənddən çıxıb aşağı enəndə dediyi bu sözlərdir:
-Qardaş, buralarda ancaq qartallar qanad çala bilər.
Mən hörmətli rəssamın fikrinə şərik çıxıb: "Babalarımız yurd seçəndə bu diyarı bəyəniblər. Qartaltək ucalığı sevib dağlar qoynunda məskən saliblar" dedim. Belə insanların xələflərindən biri haqqında söhbət açdığım 80 yaşlı Hacı Meyxosdur. Ömrü uzun olsun!


TƏQVİM / ARXİV