adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BİZDƏN YAŞLI UŞAQLAR

VƏSİLƏ USUBOVA
26902 | 2014-12-20 01:18


Niyə onların baxışlarında həmişə saflıq, məsumluq axtarırıq?! Ağlımıza da gəlmir ki, bu gözlərin dərinliyinə baxaq, oradakı ağlı, müdrikliyi görək, belə az yaşda dərin-dərin mənaların haradan qaynaqlandığının fərqinə varaq. Hələ heyranlığı, təəccübü demirəm. Onlar dünyanı olduğu kimi görüb qəbul edirlər. Hələ yalanlara, riyalara yer olmayan beyinlərində, ürəklərində sevgiynən qorxu yanaşı yaşayır. Dünyada hər şeyin ancaq onlardan ötrü mövcud olduğuna inanırlar. Necə də haqlıdılar. Adam bu inama qibtə edəndə belə özünü xoşbəxt sanır. Heç nəynən razılaşmırlar, "yox" sözünü eşitmək belə istəmirlər. İstədikləri mütləq olmalıdı. Vardı-yoxdu bilməzlər, gecədi-gündüzdü anlamazlar, mağaza və dükanların bağlılığı da onlardan ötrü bəhanə ola bilməz...
Dünyamızın kiçik hökmdarları! Əgər taleyimiz əlinizdə olsaydı, necə edərdiniz?! Yəqin hamımızı öz istəklərinizə tabe edərdiniz, biz də əlləri bağlı qullarınız olardıq onda. Dünya sizin düşüncələrinizlə idarə olunsaydı, nələr baş verərdi, görəsən?! Hər şeyin yaxşısını özünüzə götürərdiniz, əlbəttə. Bəs, böyüklərə nə verərdiniz?! Sizi dünyaya gətirən, qoruyan, yedirib-geydirən adamlarla necə rəftar edərdiniz?!
Bunları təsəvvür eləmək belə necə də əyləncəlidi...
Hərdən qarşımızda oturdub başlarına ağıl qoymaq istəyirik. Bu anda bizi necə miskin görürlər, bir təsəvvür etsəydiniz. Baxışlarında nə mənalar gizlənir, İlahi! Məzəmmət, qınaq, inamsızlıq... bizi utandırmağı da bacarırlar. Həqiqət ancaq onların qəlbində, dilindədi. Heç nəyin sonunu düşünmürlər. Nəylərinə gərəkdi?! Mühakimə olunmayacaqlar, işdən qovulmayacaqlar, tribunadan salınmayacaqlar... Bunlar baş verəndə hansı məhrumiyyətlərlə üzləşmək də veclərinə deyil. İstədiklərini tələb etməyə adamları var, axı... Müti böyüklər bəs nə üçündü?!.
Mağarada yaşayan insan uşaqlarından çoxmu bilirdi, görəsən?! "Mənim-sənin" anlamırdı. Yediyini yeyir, qalanını da tullayırmış, yəqin. Bəlkə uşaqların cığallığı ayıltdı onu?! Hansı uşaqsa bir gün hər şeyi qucağına yığıb "bunlar hamısı mənimdi" deyəndən sonra gözləri böyüdü, ilk dəfə qəlbinə qara ləkə düşdü bədbəxt insanın...g
Dünyanın da qara günləri o gündənmi başladı?!.
Yox, yoxgsənin məsum varlığına bu ağırlıqda günahı yükləmərəm, mələk üzlüm! Sənin qucağın o qədər az şey tutur ki... Dünyanı idarə etməyi sizdən öyrənsəydik, nə vardı ki... Azğın iştahlarımızla ən böyük zərbəni elə sizlərə vurmuşuq. Yer üzünün ucsuz-bucaqsız zəmilərində yetişən bol çörəyi aranızda bərabər bölmək istəmədik. "Mənim balam daha çox yesin, daha yaxşı geyinsin" dedik. Sizi də biz cığallığa öyrətdik. Bizi qınamaqda, danlamaqda, avam görməkdə haqlısız...
Getdikcə daha çox günahkar oluruq qarşınızda. Qaçdı-tutdu oynadığınız torpaqlar od tutub yanır, analarınızın isti qucağı qanla dolur, eviniz başınıza uçur, təknələriniz çörəksiz qalır... Dünyanın üzü bozarır, sərtləşir, soyuyur. Uşaqlığı yaşamamış böyüyürsünüz, şıltaq istəklərinizin əvəzinə qəm-qüssə dolur kiçik ürəklərinizə. Bizsə sizi xoşbəxt edə bilmirik. Deyəsən, heç istəmirik də...g
Deyirəm, bizi qarşınıza qoyub əməlli-başlı bir danlayasınız, başımıza ağıl qoyasınız. Beyinlərimizi puç ideologiyalardan arındırıb öz bilgilərinizi qoyasınız yerinə. Təbii, saf düşüncələrinizlə içimizdəki xıltı təmizləyib biz bədbəxtləri də ayıldasınız. Dünyanı necə var, eləcə qəbul eləməyimizə yardımçı olasınız...
Sizin ağlınıza inanmaq biz böyüklərin işinə necə də yarayardı. Axmaq ağlımızla yaratdığımız bütün ehkamları çiynimizdən atardıq. Yaratdığımız hər şeyin bir gün özümüzə qarşı çevriləcəyini anlayar, bundan belə nələr ola biləcəyini dərk edərdik...
Bizdən ötrü dünya kiçilir gündən-günə. Onu biz cılızlaşdırdıq dar düşünə-düşünə. Amma sizə görə dünya necə nəhəngdi, sirlidi, gözəldi... Tamaşasından doyulmayacaq halını acınacaqlı günə qoyduq təbiətin. Əvəzini siz ödəyəcəksiniz innən belə...
Kimin yaxasından yapışacaqsınız, kimdən haqq-hesab çəkəcəksiniz?! Faydası olmayacaq!
Bircə yolu var: bizə oxşamayın!
Bizdən ağıllısınız, öz ağlınızda qalın! Kirlənməyə, azmağa qoymayın ağlınızı! Biz avamlar heç qocalanda da sizin kimi müdrik olmayacağıq...


TƏQVİM / ARXİV