adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Gecə saat on ikidə gəmilər fit verəcək

SAMİRƏ ƏŞRƏF
32246 | 2014-12-20 01:12



Başımıza hansı oyunlar gətirəcəyindən xəbərsiz olduğumuz 2015-ci ili qucaqlayıb təhvil almağımıza çox az vaxt qalıb. Bu ildə yaşadığımız nə varsa, hamısını qoltuğumuza vurub birtəhər o ilə keçməliyik. Keçməmək mümkün deyil. Heç elə iş olar? Hamı şələ-şüləsini yığışdırıb fişəng, bomba partla-pardlada, sağlıq deyə-deyə o biri ilə ayaq basa, sən də mısmırığını sallayıb oturasn köhnə ildə ki, mən getmirəm. Əvvəl bir-iki xoş sözlə səni yola gətirməyə çalışarlar. Yox, əgər bundan bir iş əmələ gəlməsə o zaman səni tutub it kimi çırparlar ağlın başına gələr. Və oynaya-oynaya hoppanıb keçərsən o biri ilə. Bu belə. İndi keçək bu başıbəlalı bayramın pərdə arxasında baş verənlərə.
Yeni il mənim çox sevdiyim bayramdı. Bunun da təbii və özəl səbəbləri vardır ki, bu səblələrin də böyük qismi düşür uşaqlığımın üstünə. Hər dəfə bu bayram yaxınlaşanda yadıma ekran efir qəzetindəki rus kanallarının verlişlərini diqqətlə oxuyub yeni ildə göstəriləcək qış cizgi filmlərinin vaxtını qələmlə haşiyəyə alan sarışın qızcığaz düşür. Yeni ili həm də dizə qədər qarı olan rayonumuzda oxuduğum məktəbdə keçirilən ilıq bayramları, Pepsi və apelsinlə ilk tanışlıq dönəmləri ilə də xatırlayıram.
İndi geriyə çevrilib baxanda o illərdən əlimdə qalan təkcə kodlaşmış xatirələr yığınıdı. Həmin xatirələrin üzərinə mənim ildə bircə dəfə olsun belə sığal çəkməyə heç bir səlahiyyətim çatmır. Çünki, həmin məkan artıq yoxdu. Dağıdılıb, məhv edilib. Artıq yaddaşımda nə qalıbsa, onlara sığınıb öz aləmimdə, özümə məxsus qeyd edirəm yeni ilimi.
Bəs insanlar necə qeyd edir? Fikir veirirəm ildən, ilə bəzənib-düzənən mağazaların, vitrinlərin sayı azalır. Yerdə qalanlar da ancaq alverinin yaxşı getməsi üçün canfəşanlıq edən mağaza sahibləridi.
Bizim insanlarımız heç bir əlamətdar günün, bayramın əhəmiyyətini dərk edə bilmirlər. Bayram deyən kimi onların ağlına ilk olaraq beş-altı cür yemək-içmək, ləbləbi, plov, dolma, toyuq qızartması gəlir. Onlar hələ də anlamırlar ki, bir qazan plov, toyuq qızartması ilə iş bitmir. Ötən il hansısa bayramda iki növ xörək hazırlamışdım, az qala bütün nəsil üstümə hücum çəkdi ki, niyə bayram günündə belə az təam hazırlamısan?! Mən də yalandan dedim ki, çoxlu yazım vardı çatdıra bilmədim. O dəqiqə hamı səsini kəsdi. Nə etməli, əgər səni anlamırlarsa, sən də məcbursan dalaşqan uşaqlar demişkən yalançılıq etməyə. Çünki, bizim insanların arasında bir balaca fərqli və ən əsası səmimi olmaq belə çətin məsələdi. O dəqiqə səni gözümçıxdıya salıb əmr edəcəklər ki, məhz onlar kimi olasan. Gərək ki, onlar kimi saatlarla efirdəki düşük verlişərə, seriallara baxasan. Boş vaxtlarını ya telefonun watsaapında, ya da şou-biznes saytlarında, sosial şəbəkələrdə eşələnəsən. Səhər, günorta, axşam gic-gic yemək reseptləri axtarıb sonra da mətbəxə təpiləsən.
Niyə görəsə insanları heç olmasa bayramlarda başa salmaq olmur ki, ay bacı, ay qardaş bayramda istirahət etmək, şənlənmək, gəzmək lazımdır. Vacib deyil burdan vurub Himalay dağlarına gedəsən. Elə burda öz məmləkətində də bir tikə allah verəndən yeyib, içməklə, ən əsası səmimi seviclə bayramı qeyd edib yola vermək olar. Əsas odur ki, etdiklərin sənin ürəyinə yatsın.
Yoxsa, şam ağacı, elə gəldi, plov belə getdi, nə bilim gecə saat on ikidə gəmilər fit verəcək kimi düşük söhbətlərlə bayram keçirtmək lazım deyil. Öz adıma və şəxsimə deyirəm ki, allah kəsin elə bayramları.



TƏQVİM / ARXİV