KİRVƏ

FAİQ QİSMƏTOĞLU
43886 | 2014-12-20 01:12


...Biri bir balaca çətinə düşəndə, ayağı büdrəyəndə, ya da vəzifə kreslosu laxlayanda gözü böyüyür, yollar axtarır: o yollardan biri də hansısa arxalı adamı kirvə tutmaqdır. Elə ki, həmin adamı ələ ala bildi, onunla dil tapdı və kirvəlik başl tutdu, day ona zaval yoxdur. Nə vaxta qədər ki, kirvəsi yüksək postda əyləşib, ona qorxu olmur və işləri də "xod" gedəcək...
Bu elə bir qohumluqdur ki, həmin qohumluğu çoxları qardaşdan, bacıdan və digər qohum-əqrəban əziz tutur. Bəs zarafat deyil, fillankəsin oğlunun qanı sünnət olarkən həmin vəzifəli şəxsin dizinin üstünə tökülür. Yəni yeni bir qan qohumluğu yaranır. Amma bu qan qohumluğunun müddəti nə qədər ola biləcək, onu bir Allah bilir, bir də kirvə olanlar.
Elə ki, vəzifəli kirvənin kreslosu əldən getdi, onu işdən çıxardılar, o dəqiqə o biri kirvənin kürkünə bit düşür: nə gecəsi olur, nə də gündüzü. Loru dildə demiş olsaq, ilan vuran yatır, o yata bilmir. Çünki kişinin oğlu yapışdığı kreslonu qorumaq üçün başqa bir yollar fikirləşir. Fikirləşir-fikirləşir, axırda yenə çıxış yolu tapır. Balaca oğlu qalıb axı. Ona da bir kirvə lazımdır. Bəs köhnə kirvə nə olsun?! Əşi, köhnə kirvəni də birtəhər yola verəcək və razı salacaq.
Axır ki, təzə kirvəyə də "söz atdı", təzə kirvə də onunla razılaşdı. Elə həmin adama da bu lazım idi. Kişini yola gətirsin və bir müddət də vəzifədə oturub özünə bir gün ağlasın.
Kəndimizdə imkanlı adam tanıyıram ki, onun nə az, nə çox - düz dörd kirvəsi var. Hər dəfə də vəzifədə qalmaq üçün dəridən-qabıqdan çıxır və həmin adamları axır ki, yola gətirir...
Bir dəfə də onu möhkəm yoxlayırlar və həbs etmək istəyirlər. Bu vaxtı hüquq-mühafizə orqanlarında işləyən bir hörmətli insanla kirvə olmaq istəyir. Həmin hüquqşünas da hər şeyi başa düşür, onun dəvət etdiyi qohumluğu rədd edir. Bundan sonra həmin kişinin qanı bərk qaralır, amma yenə dinc durmur. Bakıda vəzifədə işləyən bir bank işçisi ilə kirvə olur. Elə bank işçisi də həmin adamı tutulmaqdan xilas edir. Sonra xeyirdə-şərdə o adam qohum olmaq istədiyi hüquqşünasa deyir ki, sən kirvəliyi rədd eləsən də Allah filankəsin canını sağ eləsin, onunla qohum oldum. O da məni canavarın ağzından xilas elədi. Axırda pislik sənə qaldı.
Görün, bəzisi özünü müdafiə eləmək, cinayətin üstünü ört-basdır eləmək üçün hansısa vəzifəli adamla qohum olmaq istəyəndə rədd cavabını "pislik" kimi dəyərləndirir. Qəribə də olsa dədə-babadan bir-birilə kirvə olan və onu bir neçə nəsil yaşadan insanlar da görmüşük. O insanların kirvəliyi, qohumluğu heç bir təmənna üstündə qurulmayıb, başqaları da onları kirvə tutmaq istəyəndə deyiblər ki, dədə-babadan bizim öz kirvəmiz var. Biz başqasına kirvə ola bilmərik. Bax, bu əsl qohumluq, əsl sədaqət nümunəsi sayıla bilər.
Bir neçə gün bundan əvvəl televiziya kanallarının birində aparıcı pullu, və "bərkgedən" müğənniyə deyir ki, mənimlə kirvə ola bilərsənmi?! O da aparıcını sındırmadı və əlini uzadıb kirvəliyə razılıq verdi. Sanki aparıcının kefi bundan sonra ala buluddan nəm çəkirdi və çöhrəsində gülüş yarandı. Kişi sevindi ki, axır ki o da pullu adamla qohum oldu. Hansı ki o məşhur müğənninin nə az, nə çox düz dörd kirvəsi var.
Bizimkilər vəzifədə qalmaq üçün, mövqeyini saxlamaq üçün ya kirvə olurlar, ya da bir-birinə qız verirlər. Bu kirvəliyi başa düşmək olur, burda heç kim nəsə itirmir, sadəcə olaraq ola bilər ki, tamahı güc gəlsin və o kirvə də bu tamah müqabilində ona istədiyini eləməsin. Amma qız alverini başa düşmürük. Elə ailələr bir müddətdən sonra dağılır və nəticədə böyük uçurum yaranır.
Sevgisiz, istəksiz, məhəbbətsiz qurulan ailələrin axırı da bu cür sonluqla qurtarır. Ancaq buna fikir verən kimdir. Deyirlər ki, vəzifədə qalmaq istəyirsənsə filankəsin kor qızı da işə keçir. Yəni o kor qızı alır ki, kimsə onu tutduğu vəzifədən tərpətməsin.
Dünya isə fırlanır. Bu gün milyonu olan sabah müflis günə düşür. Çox qara niyyətlər və tamahlar üzərində qurulan qohumluğun da ömrü sabun köpüyü kimidir. Bir anlıq gəlir və bir anlıq da gedir. Amma kirvəlik, öz aramızdı, çox şirin şeydi, bizim də kirvəmiz olub. Onunla olan əlaqələrimiz heç vaxt qırılmayıb. Çünki o kirvəlik nə var-dövlətin üstündə qurulmuşdu, nə də hansısa tamahın. Məqsədli və tamah üstündə qurulan kirvəliyin ömrü, ay bacılar, qardaşlar, çox gödəkdi...


TƏQVİM / ARXİV