Elçin Səlcuq və onun "Proloq"u

ETİBAR CƏBRAYILOĞLU
43833 | 2008-07-12 00:09
Heyif deyil ədəbiyyat həvəskarı olmaq... Şənbə günü tezdən ərki çatan dostlardan biri sənə telefon açır ki, bəs filan qəzetdə şeirim çap olunub. Sən də özünə gələn kimi köşkə qaçıb satıcını sevindirirsən. Həmin qəzeti alıb dostunun şeirini oxuyursan.
   Yoxsa ədəbiyyatşünas olmaq... Gərək yuxarılarda oturanlardan kiminsə qohumunun ən zəif cızma-qarası barədə təxminən palaz boyda məqalə yazasan, təbii ki, tərif dolu. Sonra onu elmi iş kimi bir az da böyüdəsən. Sənin bu işini bəyənələr, deputat seçələr. Parlamentdə "Damazlıq haqqında" Qanun layihəsi üzərində baş sındırasan. Nə isə zülm işdi.
   Ədəbiyyat həvəskarı olmağa heç nə çatmaz. Ötən şənbə Mahir Qarayev telefon açıb dedi ki, "Proloq"da şeirlərim çıxıb, vaxtın olsa, al oxu. Az sonra dostumun da şeirləri dərc olunan "Proloq" əlimdə idi. Özü demişkən, çap olunmaq üçün yazmayan Mahirin silsilə şeirləri qəzetdən boy verirdi:
   
   Maşından, uşaqdan bab olmaz bizə,
   Qanımız yaramır mühərrik üçün;
   Hələ çox cavandıq onda deyəsən-
   Sən arvadlıq üçün , mən ərlik üçün.
   
   Və yaxud,
   
   ... Şamı sönmüş evin girəcəyində,
   Səni hürkütməsin bu yanıq iyi;
   Bir ovuc külümü at pəncərədən,
   Unut bir bədənlik o sür-sümüyü.
   
   Və ya
   
   Nə ətdi, nə balıq,
   nə yük, nə şələ-
   nə xeyrə yarayır, nə də ki şərə;
   xəlvəti yazılan, gizlin oxunan
   sevgi məktubudur fahişələrə!
   
   "Proloq"un hesabına çoxdan bəri görünməyən Səməd Qaraçöpdən də xəbər tutdum. Öz aramızdı, şairin "ikinci nəfəs"i açılıb:
   
   Mənim gördüyümü heç kim görməsin,
   Gözümü açandan- dünya məndən öc;
   Heç nəyə göz yuma bilmədim deyə
   Məni göz açmağa qoymadılar heç.
   
   Və yaxud
   
   Məni danışdırmayın,
   Söz də küsdürüb məni.
   Allah şair yaradıb,
   Allah susdurub məni.
   
   Və ya
   
   Dünyaya gözümü açandan elə
   Dünya heç üzümə yaxşı baxmayıb;
   Adıma bir daxma göndərib Allah,
   O isə hələ də gəlib-çıxmayıb.
   
   Bir cavan qəbirdi, bir qoca daxma,
   Yaxında hansıdı, uzaqda hansı?!
   Yarışa giriblər mənim yolumda,
   Yarışa giriblər- udan aparsın!
   
   "Proloq"un hələlik sonuncu sayı dopdolu bir qəzetdi. Qəzeti varaqlayanda gördüm Aydın Canıyev bu dəfə ədəbiyyata girişib. Elə bilməyin ki, dostum şeir və ya hekayə yazıb, böyük yazıçımız Əkrəm Əylisli barədə maraqlı bir yazıya imza qoyub. Şeirləri əməlli-başlı mübahisə doğuran Sevinc Pərvanə hekayə də yaza bilirmiş. Şərif Ağayarı da şair kimi tanıyırdım. "Proloq" mənə göstərdi ki, Şərifin yazıçılığı da varmış... Rafiq Tağını oxumağa sadəcə vaxtım çatmadı. Dostum günahımdan keçər. Bilir ki, bir-iki günə yenidən "Proloq"u əlimə götürüb "Kiçik ailə xronikası: Xanhüseyn, Güllü, Sədəf, Əlihüseyn"i oxuyacağam.
   Ədəbiyyat həvəskarı kimi Elçin Səlcuqdan istədiyimi aldım. Nəhayət ki, Elçin və onun komandası Anarı, Fikrət Qocanı söyməyən, Yazıçılar Birliyini yaş yuyub quru sərməyən qəzet ortaya qoydular. Əsl ədəbiyyat "Proloq"u.
   Elçin Səlcuğun qəzetinin hələ ki, son sayını deyəsən çox təriflədim. Həmin sayda Aqil Abbasla müsahibə də dərc olunub. Sonra deyəcəklər ki, köşə yazarı kimi çalışdığı qəzetin təsisçisi və baş məsləhətçisinə yaltaqlanır. Sonra da gəl uzun-uzadı izahat ver ki, mənim təriflə işim yoxdu. Mən sadəcə, ədəbiyyat həvəskarıyam. Növbəti şənbəni gözləyirəm dostlardan biri zəng edib desin ki, "Proloq"u al...

TƏQVİM / ARXİV