adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

TƏNQİDÇİ ÖMRÜ

VAQİF YUSİFLİ
50004 | 2014-12-19 10:11
Həyatını ədəbi tənqidə həsr edənlərin başı həmişə qovğada olur. Siz mənə bir tənqidçi nişan verin ki, o, örünü xoşbəxtlik və səadət içində keçirib. Deyə bilməzsiniz. "Tənqidimizin vicdanı" (Səməd Vurğun) adlandırılan Məmməd Arif əllinci illərin əvvəllərində haqsız hücumlara məruz qaldı, mütəfəkkir alim Heydər Hüseynov haqqında qərəzli söz demədiyi üçün acı töhmətlərə "layiq görüldü". Mikayıl Rəfilinin ölümünə az qalmış "Kirpi"də karikaturası getmişdi. Cəfər Cəfərov,Yaşar Qarayev, Qulu Xəlilov ağır xəstəlikdən əziyyət çəkə-çəkə dünyalarını dəyişdilər. Aydın Məmmədov maşın qəzasının qurbanı oldu. Bunlar bir yana, əksər hallarda ədəbiyyatın kəm-kəsirini, süstlüyünü də tənqidçilərin boynuna yıxırlar. Ömrünü-gününü ədəbi tənqidə həsr edən bir söz adamı kimi mənim də həyatımda belə acılıqlar az olmayıb. Lap bu yaxınlarda dimdiyindən sarılıq getməmiş bir cavan "Kulis"də bütün kinini, qəzəbini üzərimə yıxdı.
Mən əziz dostum, yetmişinci illərin sonlarından ünsiyyətdə olduğum professor, Respublika Dövlət Mükafatı laureatı Nizaməddin Şəmsizadənin həyatında da belə qara nöqtələri izləmişəm. Demirəm ki, bizim tənqidi yazılarımızda səhvlər, hətta yanlışlıqlar yoxdur, amma kəmfürsətlərin "tənqid" oxları yazdıqlarımıza deyil, özümüzə, şəxsiyyətimizə tuşlanır. Özü də ədəbiyyatın sərrafları yox, ucuz şöhrət naminə məşhur olmaq istəyənlər tərəfindən. Bizim nəsildən olan Aydın Məmmədov da, Kamil Vəli də, Nadir Cabbarlı da, Nizaməddin Şəmsizadə də bu cür naşılar tərəfindən "döyülmüşük". "Döyülmüşük", amma yaxşı ki, yolumuza davam etmişik.
Nizaməddin Şəmsizadənin altmış yaşı tamam olur. Və bu yazıda mən onun 35 ildən artıq ədəbi-tənqidi fəaliyyətini bütünlüklə dəyərləndirmək, onu bir alim və tənqidçi kimi təriflər selinə qərq etmək fikrində deyiləm. Onu da gizlətmirəm, demirəm ki, bizim dostluğumuz və ünsiyyətimiz bu vaxtacan heç bir zədə almayıb. Yox, bu illər ərzində aramızda incikliklər də olub, bir-birimizi açıq şəkildə tənqid də eləmişik. Amma bunlar müvəqqəti, keçəri olub, yenə üz-üzə gəlib salamlaşmışıq, əl-ələ vermişik, çörək kəsmişik.
Əziz dostuma bu yazıda bir neçə xatırlamam var.
1. Sənin Ədəbiyyat İnstitutuna gəlişini yaxşı xatırlayıram. Onda sən indiki kimi kök, dolu deyildin. Mən aspirant idim, sən kiçik elmi işçi. Tənqidimizin korifeyi Yaşar Qarayevin şöbəsində otururduq. Yaşca səndən altı-yeddi il böyük idim, amma həmyaşıdlar kimi deyirdik-gülürdük, zarafatlaşırdıq. Hərdən mənə "ustad" da deyirdin. Dostluğumuz da o vaxtdan başlandı. Qubanın İspik kəndində toyun oldu, getdik, iştirak etdik. İspikin təmiz havası məndə belə bir təəssürat oyatdı ki, bu gözəlliklər, təbiətin bu səfalı mənzərəsi naqis adam yetirməz. O toydan otuz beş il keçib. İndi üç yetkin qızın, bir oğlun var. Hamısı ailə qurub. Səhv eləmirəmsə, dörd ya beş oğul, bir qız nəvən var və eşitdiyimə görə, hamıdan çox o qız nəvəni istəyirsən. Bir sözlə, ətrafında, "məmləkətində" beş balaca nizaməddinlər fırlanır və onlardan hansının böyük Nizaməddinin yolunu davam etdirəcəyini Allah qoysa görəcəyik. Böyük qızın Fidan artıq filologiya üzrə fəlsəfə doktorudur, mənim rəhbərlik etdiyim Ədəbi tənqid şöbəsinin (Ədəbiyyat İnstitutu) əməkdaşıdır. Başqa bir qızın İTV-də çalışır.
2. Sən gözəl natiqsən. Dəfələrlə sənin aparıcı olduğun tədbirlərdə, ədəbi məclislərdə göstərdiyin məharətin şahidi olmuşam. Natiqlik tamadalıq deyil, mən deyərdim, şəxsən ədəbiyyatçıya, söz adamına lazım olan ən gözəl keyfiyyətdir. Yalnız ədəbiyyat haqqında bilgilərlə kifayətlənmək, məlumatlı olmaq azdır, gərək bildiklərini səlis və rəvan şəkildə çatdırmağı bacarasan. Yox, artistlik eləməyəsən, fikrini, duyğu və düşüncələrini məntiqi ardıcıllıqla auditoriyaya çatdırasan. Sən bunu çox gözəl bacarırsan. Çünki hazır, illər boyu beyninə, ağıl mərkəzinə yüklədiyin ehtiyat fondu yetərincədir.
3. Sənin bir pedaqoq kimi uzun illər İncəsənət Universitetində fəaliyyətin də həyatının ayrılmaz bir parçasıdır. Biz hər ikimiz BDU-nun filologiya fakültəsini bitirmişik və bizə dərs deyən müəllimlərin (Mir Cəlalın, Muxtar Hüseynzadənin, Səlim Cəfərovun, Bəxtiyar Vahabzadənin, Tofiq Hacıyevin, Əkbər Ağayevin, Firidun Hüseynovun) pedaqoji ustalıqlarının şahidi olmuşuq. Mən yalnız üç il kənddə müəllim işlədim, illər keçəndən sonra bir il Xarici Dillər Universitetində özümü sınadım, amma davam etmədim. Səbrim, qərarım çatmadı. Amma sən bu yolda illərdir təcrübə qazanmısan. Ali məktəb müəllimliyi sənin həyatında özünü təsdiq etmənin bir nümunəsi olub. Ədəbiyyat tarixini, Ədəbiyyat Nəzəriyyəsini, Dünya Ədəbiyyatını tədris eləmək, özü də tələbələrin gözlədiyi və sevdiyi müəllim olmaq asan məsələ deyil. Təsadüfən, ömrümdə yalnız bircə kərə sənin leksiyana oturub qulaq asmışam və nə gizlədim, auditoriyadan çıxanda özümü tələbə kimi hiss etmişəm. Yorulmayasan, Nizaməddin müəllim! Fəxr elə ki, Azərbaycanda səni sevən neçə keçmiş tələbən var və onların əksəriyyəti indi məşhur sənət adamlarıdır.
4. Kafedra müdiri işləmisən İncəsənət Universitetində. Şöbə müdiri işləmisən Ədəbiyyat İnstitutunda. Nə üçün, niyə kafedra müdirliyindən çıxarıldın, nə üçün, niyə şöbə müdirliyi səsverməsində uduzdun, bu məsələyə münasibətimi bildirməyəcəyəm. Həyatda qalib də gəlmək olar, uduzmaq da. Amma hiss eləyirəm ki, sınmamısan. Vəzifə idi, gəldi və getdi, amma Şəmsizadə qüruru yaşayır axı. Yenə bəzi dövlət tədbirlərində, ədəbi məclislərdə Şəmsizadə öndə görünür. Darıxma, Allah bizə ta əzəldən bir əbədi vəzifə verib; İNSANLIQ.
5. Tanınmış ədəbiyyatşünas Şamil Vəliyev (Körpülü) sənin əlli yaşın olanda-2004-cü ildə "Azərbaycanşünas alim" adlı bir monoqrafiya çap elətdirib. O monoqrafiyada sənin bütün elmi-tənqidi fəaliyyətin əks olunub. Səndən yaşlı tənqidçilər-ədəbiyyatşünaslar (Abbas Zamaqov, Kamal Talıbzadə, Yaşar Qarayev və b), həmçinin yaşıdların və səndən yaşca cavanlar haqqında gözəl fikirlər söyləyiblər. Səni istedadlı bir alim kimi dəyərləndiriblər. Tənqid də ediblər səni. Bunlar təbiidir. Bir alim-tədqiqatçı ömrünün ağlı-qaralı səhifələridir.
Ötən on ildə də bu fəaliyyətin miqyası bir az da genişlənib. Mətbuatda xeyli yazıların işıq üzü görüb. Ədəbi prosesdə fəal iştirak etmisən.
Mən səni ən əvvəl bir tənqidçi kimi qiymətləndirmək istəyirəm. Belə bir kitabın da var: "Tənqidin ədəbi prosesdə rolu". Mən ədəbi tənqidə həvəslənən, tənqidçi olmaq istəyən cavanlara məsləhət görərdim ki, o kitabı səhifə-səhifə oxusunlar. Bilsinlər ki, tənqidin ədəbi prosesdə rolu nədən ibarətdir və izləsinlər ötən əlli-altmış il ərzində Azərbaycan ədəbi tənqidinin keçdiyi yolu. O kitabda ən maraqlı fəsil mənim fikrimcə, "Tənqidçi şəxsiyyəti və ədəbi proses"dir. Yazırsan ki: "Tənqidçi şəxsiyyəti tənqid yaradıcılığının başlıca şərtidir. Ədəbi tənqidi əsərin əsas obrazı tənqidçinin öz şəxsiyyətidir. Ədəbi-bədii yaradıcılıq formalarının heç birində müəllifin şəxsiyyəti tənqiddə və lirikada olduğu qədər aydın görünmür. Uğurlu tənqidi məqalələr və lirika nümunələri üzərində apardığımız müşahidələr belə qənaətə gəlməyə əsas verir ki, tənqidçi "mən"i də "lirik mən" qədər həlledici bədii-psixoloci funksiyaya malikdir". Bəli, tənqidçi şəxsiyyəti onun araya-ərsəyə gətirdiyi hər hansı yazıda mütləq nəzərə çarpmalıdır, bizim ünlü tənqidçilərimitz-Məmməd Arif, Məmməd Cəfər, Mehdi Hüseyn, Cəfər Cəfərov, Kamal Talıbzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev, Asif Əfəndiyev, Elçin, Akif Hüseynli, Şamil Salmanov məhz bu cür tanınmışlar. Təbii ki, təhlil etdikləri əsərlərə obyektiv qiymət verməklə, yazıçının yazdığı əsərinin bədii məziyyətlərini elmi şəkildə açıqlamaqla. Tənqidçinin üslubu da seçilməlidir. Üslub bir mənada, elə şəxsiyyətin ifadəsidir. Həmin fəsildə sən Cəfər Cəfərovun, Kamal Talıbzadənin, Yaşar Qarayevin, Elçinin ədəbi-tənqidi fəaliyyətini izləyir, onların tənqidçi manerası, üslubu və özünəməxsusluğu haqqında söz açırsan. Mühakimələrin əksəriyyəti dəqiqdir. Təbii ki, mübahisə yaradan məqamlar da var. Hətta professional nöqteyi-nəzərdən tam əsaslandırılmayan fikirlərə də rast gəlmək olar. Amma bunları-bu fikir və mülahizələri nəzəri cəhətdən hazırlıqlı, rus və dünya tənqidi fikrinə bələd olan bir tənqidçi söyləyir.
Nəzəriyyədən söhbət düşmüşkən...g Sənin 2012-ci ildə çap etdirdiyin "Ədəbiyyat nəzəriyyəsi" dərsliyin yaxşı bir nəzəriyyəçi kimi tanınmağına da səbəb oldu. Bu kitab haqqında onu deyə bilərəm ki, indiyə qədər yazılan "Ədəbiyyat nəzəriyyəsi" və "Ədəbiyyatşünaslığın əsasları" dərsliklərindən fərqli şəkildə diqqəti cəlb edir. Doğrudan da, ehtiyac var idi yeni tipli, yeni düşüncə tərzinə malik bir "Ədəbiyyat nəzəriyyəsi" yaratmağa. Sənin "Ədəbiyyat nəzəriyyəsi" kitabın hansı məziyyətləri ilə seçilir? İlk növbədə, dərsliyin mənzərəsi, təqdim olunan materiallar genişliyilə maraq doğurur. On bölmə və hər bölmə ədəbiyyat nəzəriyyəsinin mühüm bir problemini əhatə edir. Dərsliyin müasirliyi, ilk növbədə, məlum problemlərə, daha doğrusu, mövzulara yeni düşüncə tərzi ilə yanaşılmasında özünü göstərir. Nəzərə almaq lazımdır ki, ədəbiyyat nəzəriyyəsi dərsliyi öz oxucu auditoriyasının genişliyinə görə seçilir: müəllimlər, tələbələr, professional oxucular və s. Buna görə, sən mümkün qədər hamının başa düşəcəyi bir tərzdə oxucularınla ünsiyyət qurmağa çalışmısan. Bu ünsiyyət, təbii ki, sənin nə dərəcədə məlumatlı olmağınla, tədqiq etdiyin predmeti hansı səviyyədə oxucuya mənimsətməyinlə bağlıdır və bunu bacarmısan. Daha qırx ilin tənqidçi-ədəbiyyatşünası necə olmalıydı ki? Dünya elmi-nəzəri fikri ilə tanış olmadan ədəbiyyat nəzəriyyəsinin hər hansı problemini izah etmək çətin olardı. Həmin dərslikdə "Bədii əsərin arxitektonikası", "Bədii əsərin dili və üslub" bölmələri mükəmməlliyilə seçilir. Hər bir bədii əsəri bütöv, mürəkkəb poetik sistem hesab edirsən, bu sistemin mərkəzində, onun bütün fikri-bədii komponentlərini birləşdirən qüvvə kimi sənətkar şəxsiyyətinin dayandığını göstərirsən. Çünki əsər sənətkar qəlbindən qidalanır. Bədii əsər yaradıcılıq prosesinin məhsuludur.
Yaradıcılıq prosesində bədii əsərin strukturunda mövqeyinə, daşıdığı estetik yükə və bədii tutumuna görə obraz da mühüm əhəmiyyət kəsb edir və sən bu məsələni də elmi cəhətdən düzgün izah etmisən. Milli xarakter haqqındakı anlayışların da dəqiqdir: "Milli xarakter milli mənəviyyatın ən yüksək zirvəsidir". Digər bölmələrdə də sənin nəzəriyyəçi bilgilərin dəqiqliyi ilə seçilir. Ümumən, bu dərsliyi nümunəvi hesab etmək olar.
Ammagəziz dost, mənim fikrimcə, sən bu dərsliyin daha mükəmməl nəşrini hazırlamaq barədə düşünməlisən. Orada bəzi qüsurlar nəzərə çarpır və bu kitaba həsr etdiyim resenziyada ("Azərbaycan" jurnalı, 2013, № 1) bunları göstərmişəm. Xüsusilə sitatlar həddindən artıq çoxdur. Bəzən nəzəriyyəçi kimi yox, bəlağətli şair pozasında görünürsən, "şairanə təfəkkürün" üstün gəlir. Yaxud, elə məsələ var ki, bir neçə cümlə ilə onu bitirirsən, halbuki, o, daha əhəmiyyətli idi və s. Təbii ki, bunları aradan qaldırmaq sənin üçün çətin olmaz.
"Şair təfəkkürü" dedim. Əziz dost, sən şeir də yazırsan, öz hisslərini gizlədə bilmirsən və bunları nəzm şəklində oxucuya çatdırmaq istəyirsən. Nə deyim? Mən də vaxtilə, 28 yaşına qədər şeir yazırdım, amma sonra hiss elədim ki, Füzulinin bircə beytini, Əli Kərimin bircə şeirini yaza bilməyəcəyəm, əl çəkdim. Amma sənə məsləhət görmürəm şeirdən əl çəkəsən.. İnsan öz içindəki hissləri boğmamalıdır. Yaz, qardaş!
Sənin onlarla məqalələrin haqqında da ayrıca danışa bilərəm. Sən tənqidin resenziya janrında bir sıra maraqlı nümunələr yaratmısan. Məsələn, gözəl şairimiz Çingiz Əlioğlunun kitabına yazdığın bir resenziya bu janrda son otuz ildə meydana gələn beş-altı gözəl nümunədən biridir. Bir resenziya ilə bir şairi kəşf eləmək deyərlər buna.
Əziz dost! Sən "Tənqidin ədəbi prosesdə rolu" kitabının sonunda üzünü oxucuya tutub deyirsən: "Bu kitab bitmir. Çünki həyat tükənmir, ədəbiyyat tamamlanmır. Hər gün körpə uşaq doğulduğu kimi yeni əsərlər də yaranır. O uşaqlar həmin əsərləri oxuyacaq. Yeni əsərlər həmin oxucular üçün yazılır. Bir sözlə, tənqidin ədəbi prosesdə rolu davam edir. Həyat varsa, ədəbiyyat və oxucu da olacaq".
Belə bir nikbinliyə ancaq sevinmək olar.
Elə isə, yolun daha uğurlu olsun.

TƏQVİM / ARXİV