adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Dekabr 2014 18:18
12514
SİYASƏT
A- A+

2015-ci ildə müharibə olacaq?

Elman Nəsirov: "Ermənistan lokal əməliyyatlar həyata keçirə bilər"


Zaur Rəsulzadə: "Azərbaycan tərəfi diqqətli olmalıdır"


Elxan Şahinoğlu: "ABŞ təşkilatının Dağlıq Qarabağı da müharibə riski olan geosiyasi siyahıya salması doğrudur"


Zahid Oruc: "İkinci Qarabağ müharibəsinin başlaması Azərbaycanın özəl qərarı olacaq”


ABŞ-ın Beynəlxalq Əlaqələr Şurası gələn il üçün baş verəcək müharibələrin proqnozunu verib. "Global Conflict Tracker" proqnozunda 34 geosiyasi risklər arasında Qarabağ müharibəsinin baş verməsi də yer alır.

Proqnozun verilməsi üçün təşkilat 2200-dən çox ictimai-siyasi xadim arasında sorğu keçirib.


Adalet.az bununla bağlı siyasi ekspertlərin fikirlərini öyrənib.


Politoloq Elman Nəsirov hesab edir ki, proqnoz hadisələrin ümumi gedişatına əsaslanaraq tamamilə reallığı əks etdirir: "Bunlar yeni fikirlər deyil. Çünki bundan bir qədər öncə ABŞ-ın Vudro Vilson İnstitutunun hesabatı dərc olunmuşdu. Orda qeyd olunmuşdu ki, bu münaqişə 60 ildən çoxdur davam edən Fələstin-İsrail münaqişəsinə bənzəyir. Hesab edirəm ABŞ-da bu hesabatı hazırlayarkən belə bir məsələyə diqqət yetirilib ki, faktiki olaraq bu danışıqların əhəmiyyəti yoxdur. Bundan savayı Ermənistanda iqtisadi vəziyyət daha da gərginləşir. Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar Ermənistana da təsirsiz ötüşməyəcək. Ermənistanı hər il yüz min əhali tərk edirdisə, növbəti ildə bunun ədədi deyil, həndəsi silsilə ilə artması mümkündür. Ölkədə inqilab baş verə bilər. Bu gün Errmənistan müxalifəti də hökumətin istefasını tələb edir. Belə bir halda Ermənistan rəhbərliyi auditoriyanın diqqətini daxili problemlərdən yayındırmaq üçün sərhəddə atəşkəs rejimini kobud şəkildə pozar, hətta lokal əməliyyatlar həyata keçirə bilər".

Politoloq, müstəqil jurnalist Zaur Rəsulzadə proqnozun tək 2015-ci il üçün deyil, bütün dövrlər üçün aktual olduğunu, hər zaman ehtiyatlı olmaq lazım gəldiyini deyir: "Qarabağ müharibəsi həmişə risk faktoru olub. Nə qədər Rusiyaya bu konflikt lazımdırsa, o qədər də ABŞ-a lazımdır. Bu konflikt geopolitik konfliktdir. ABŞ və Rusiya qarşıdurmasında bu konfliktin də alovlanma ehtimalı var. Hesab edirəm ki, Azərbaycan tərəfi diqqətli olmalı, ordusunu möhkəmləndirməlidir".

Politoloq Elxan Şahinoğlu da proqnozu qanunauyğun hesab edir : "Azərbaycanla Ermənistan arasında müharibənin başlamayacağından kimsə sığortalanmayıb. Ermənistan işğal altındakı torpaqları boşaltmayınca müharibə riski qalır. Atəşkəsin tez-tez pozulması da bu riskin böyük olduğundan xəbər verir. Əlbəttə, müharibə növbəti itkilər və bölgədə başqa dövlətlərin də maraqlarının toqquşması deməkdir. Hadisələrin bu istiqamətdə inkişafı kimsəyə xeyir gətirməz. Ancaq bunu ilk növbədə Ermənistan hakimiyyəti və ona dəstək verən Moskva anlamalıdır. Əks halda işğal faktı ortadan qalxmadıqca müharibə ehtimalı da azalmayacaq. Bu mənada ABŞ təşkilatının Dağlıq Qarabağı da müharibə riski olan geosiyasi siyahıya salması doğrudur".

Məsələ ilə bağlı digər KİV-ə açıqlama verən millət vəkili Zahid Orucun sözlərinə görə, müharibəni doğura biləcək bir neçə səbəb var: "Onlardan biri beynəlxalq vasitəçilik missiyasının iflasa uğramasıdır. İnsanlar görür ki, qarşı tərəflə sülh danışıqları üçün konkret olaraq nəticəyə nail olmaq mümkün deyil. Həmçinin Qərb dəyərləri, müəyyən beynəlxalq prinsiplər və s. işləmədiyi ortaya çıxdı. Ötən gün Avropa Birliyində həmin quruma daxil olan ölkələrin xarici işlər nazirləri Krıma son sanksiyaları razılaşdırdılar. Orada bank sektoru ilə əlaqələrin qadağan edilməsi, turizm axınlarına yol verilməməsi, iqtisadi münasibətlərin birmənalı inkarı, diplomatların hər hansı bir şəkildə Krıma getməməsi, ticarət münasibətlərinə yol verməmək və digər məsələlər yer almışdı. Açıq şəkildə Krım xalqını məlum səsverməyə görə iqtisadi və siyasi cəhətdən cəzalandırırlar. Təkcə Rusiya bu sanksiyanın hədəfində olmadı. Qərb öz planını bu sanksiyalarla müşahidə etdirdi. İndi necə olur ki, bunu Qarabağ tətbiq olunduğunu görmürük?”.

Millət vəkili müharibənin ölkəmizin iradəsi xaricində baş verməsini qeyri-mümkün hesab edir: " Müharibə bir millətin iradəsindən kənarda başlayırsa, bu çox pis haldır. Əminəm ki, 2015-ci ildə və yaxud da başqa bir zamanda ikinci Qarabağ müharibəsi başlayacaqsa, bu dövlətimizin hesablanmış, dəqiq strategiyaya tabe etdirilmiş, çevik hərəkəti və qərarı sayəsində baş verəcək. Qarabağ müharibəsinin təzədən beynəlxalq qüvvələrin əli ilə qızışdırılması və buna bizim sadəcə cəlb olunmağımız baş verməyəcək. İkinci Qarabağ müharibəsinin başlaması Azərbaycanın özəl qərarı olacaq və bu hər zaman baş verə bilər”.



Sahib ƏSƏDBƏYLİ