adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Dekabr 2014 18:11
3479
MƏMLƏKƏT
A- A+

Sürüşmələr Azərbaycana 30 milyon ziyan vurur

Azərbaycanda torpaq sürüşmələrinin baş verməsi hər il dövlətə ən azı 20-30 milyon manat ziyan vurur.


Adalet.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev apardıqları araşdırmaların nəticəsinə əsasən deyib.

Onun sözlərinə görə, hər bir rayon icra hakimiyyəti həmin rayona ayrılan vəsaitin ən azı 2-3 faizini təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına sərf edir.

İnstitut rəsmisi qeyd edib ki, araşdırmaların nəticələrinə görə, bu gün Azərbaycanda sürüşmələr sənaye müəssisələrinə cüzi təsir edib. Ölkədə baş verən torpaq sürüşmələri daha çox kənd təsərrüfatına və əhalinin məskunlaşmasına mənfi təsir göstərib: "Bunun da günahı çox zaman insanların özlərində olur. Çünki insanlar bəzən yaşamaq üçün çay kənarlarını seçirlər”.

N.Paşayev bildirib ki, bu gün kənd təsərrüfatında torpaq sürüşmələrinin ziyan vurduğu əsas sahələr örüş və otlaqlardır. Bununla yanaşı, sürüşmələr bu gün avtomobil yollarına da çox böyük ziyan vurur.

İnstitut rəsmisi deyib ki, ölkədə sürüşmələrin baş verdiyi əksər ərazilər yolların kənarıdır: "Məsələn, Muğanlı-İsmayıllı, Quba-Qəçrəş, Hacıkənd, Lənkəran-Lerik, Masallı-Yardımlı yollarında sürüşmələr olur. Səbəb isə odur ki, bu yolların çəkilməsi zamanı kəsim düzgün aparılmayıb, əvvəlcədən yol-bərkitmə işləri həyata keçirilməyib. Əgər bir ağacın kökü 1-1,5 metrdirsə, yolun kəsimi isə 3 metrdirsə, onda həmin ağac oradakı sürüşmənin qarşısını ala bilmir, oradakı dayanıqlıq pozulur. Buna görə də yollar çəkilərkən bu amillər nəzərə alınmalıdır”.

N.Paşayevin sözlərinə görə, sürüşmələrin fəallaşmasına bir çox amillər - yağıntının normadan artıq düşməsi, ərazinin seysmikliyi, süxurların gilli olması, o cümlədən antropogen amillər təsir edir.