adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Dekabr 2014 17:29
4421
DÜNYA
A- A+

BMT 70 illik yubileyinə hazırlaşır

2015-ci ildə BMT 70 illiyini qeyd edəcək. BMT-nin Xəbərlər Mərkəzinin məlumatına görə, BMT-nin Baş katibi Pan Gi Mun illik mətbuat konfransında başa çatmaqda olan 2014-cü ilə yekun vurub bu təşkilatın gələn il üçün planları barədə danışıb.

Pan Gi Mun xatırladıb ki, gələn il BMT-nin üzvü olan dövlətlər Minilliyin İnkişaf Hədəflərinə nail olmaq üçün görülmüş işlərə yekun vurmağı və 2015-ci ildən sonrakı dövr üçün İnkişaf Proqramı qəbul etməyi, iqlim barədə sazişi təsdiq etməyi planlaşdırır.

Baş katib deyib: "Bu il qazanılmış uğurlarla yanaşı, dünyada fikir ayrılıqları, xəstəliklər və dağıntılar da olub. Sülhməramlı əməliyyatların potensialı, diplomatik və humanitar imkanlar son həddə çatıb. Köməyə ehtiyacı olan insanların sayı 100 milyondan çox, köçkün şəxslərin sayı 50 milyondan çoxdur. Daxili köçkünlərin sayı İkinci Dünya müharibəsi dövründən bəri heç vaxt bu qədər çox olmayıb”.

Pan Gi Mun ekstremist hərəkatların, xüsusən İraqda və Nigeriyada genişlənməsindən narahat olduğunu bildirib. O, Ukraynada münaqişənin dondurulmasının təhlükəli olması barədə xəbərdarlıq edib. BMT-nin rəhbəri vurğulayıb ki, Əfqanıstanda və Sahil regionunda qeyri-sabitlik hökm sürür.

Pan Gi Mun Qəzzə bölgəsində döyüş əməliyyatlarını xatırladaraq Fələstin və İsrail liderlərini "uçurumun kənarından çəkilmək” üçün mümkün olan bütün tədbirləri görməyə çağırıb. Baş katib qeyd edib ki, bu il Suriyada kimyəvi silahların məhv edilməsi proqramı uğurla həyata keçirilib. Lakin Suriya əhalisi münaqişənin nəticələrindən hələ də əziyyət çəkir.

O vurğulayıb ki, BMT Cənubi Sudanda çoxlu sayda insanın həlak olmasının qarşısını almaq üçün orada köçkünlər üçün bazalar yaradıb. Bu ölkədə vəziyyət qeyri-sabit olaraq qalır.

BMT-nin rəhbəri iqlim dəyişmələri və Ebola qızdırmasına qarşı mübarizə barədə yeni saziş hazırlanması üzrə danışıqlarda irəliləyişə xüsusi diqqət yetirib. O bildirib ki, bu təhlükəli qızdırmanın cənginə aldığı ölkələrə gedəcəkdir.

Pan Gi Mun qarşıda duran vəzifələrdən söhbət açaraq vurğulayıb ki, 2015-ci il "Dünya miqyasında fəaliyyət ili” olmalıdır. BMT rəhbərinin fikrincə, ən birinci vəzifə inkişaf üçün yeni gündəlik və iqlimə dair yeni saziş hazırlamaqdan ibarətdir. İkinci, Suriyada dəhşətlərə son qoymaq və həyəcan doğuran halların yayılmasının qarşısını almaq lazımdır. BMT-nin rəhbəri üçüncü prioritet vəzifə kimi, ekstremizmlə və ifrat sağçı mövqe tutan, azlıqlara, miqrantlara, o cümlədən müsəlmanlara qarşı çıxış edən siyasi partiyalarla mübarizəyə yönəlmiş səylərin adını çəkib. Pan Gi Munun sözlərinə görə, BMT-nin dördüncü vəzifəsi bu təşkilatın dünyadakı yeni reallıqlara müvafiq olması üçün onun fəaliyyətinin gücləndirilməsi ilə bağlıdır.

Bununla əlaqədar Pan Gi Min deyib ki, 2015-ci ildə BMT-nin fəaliyyətinə dair bir sıra mühüm icmallar üzərində iş başa çatdırılmalıdır. Belə icmal mövzularına nümunə kimi o, sülhün dəstəklənməsi, sülhyaratma, humanitar fəaliyyətin maliyyələşdirilməsi, Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 nömrəli, Baş katibin özünün "tarixi sənəd” adlandırdığı qətnaməsinin həyata keçirilməsi məsələlərini xatırladıb. Bu icmallar təşkilatda islahat aparılmasına şərait yaratmalıdır.

Pan Gi Mun vurğulayıb ki, özünün 70 illiyini qeyd edən BMT dünya xalqlarının ümidlərini doğrultmalı, ümumi firavanlığı və davamlı inkişafı təmin etməlidir.