adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Dekabr 2014 16:34
3298
GÜNDƏM
A- A+

Ombudsman əməkdaşları Bakı İstintaq Təcridxanasında olublar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində (CÇM) olublar. Ombudsman Aparatından Adalet.az-a verilən xəbərə görə, ombudsmanın nümayəndələri Bakı İstintaq Təcridxanasında 10-dan çox saxlanılan şəxslə, o cümlədən Xədicə İsmayılova, Pərviz Həşimli, Sirac Kərimli ilə onların saxlanıldıqları kameralarda görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanılma şəraiti ilə bağlı mövcud vəziyyəti öyrəniblər.

Qəbul edilən şəxslərə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib. Eyni zamanda görüş zamanı onlardan bəzilərinin qaldırdığı məsələlər müəssisə rəhbərliyi ilə müzakirə olunaraq öz müsbət həllini tapıb.

Ombudsmanın nümayəndələri müraciətlərin araşdırılması məqsədi ilə həmin gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı və 11 saylı CÇM-lərində, habelə Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində də olmuşlar. Bu müəssisələrdə qəbul edilmiş şəxslərə hüquqi məsləhətlər verilib.