adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Dekabr 2014 15:56
3817
MƏMLƏKƏT
A- A+

AzərTAc Çin dilində

Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində AzərTAc-ın internet səhifəsinin Çin dili versiyasının təqdimat mərasimi və "Azərbaycan-Çin münasibətlərinə AzərTAc-ın fotoobyektivindən baxış” mövzusunda fotosərgi keçirilib. 


Çinin Xarici Ölkələrlə Dostluq Assosiasiyasının ev sahibliyi etdiyi mərasim Azərbaycanın Çindəki səfirliyi və AzərTAc tərəfindən təşkil olub. Təqdimat mərasimində Çin Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, Mətbuat, Nəşriyyat, Radio, Film və Televiziya üzrə Dövlət Administrasiyasının, Kommersiya, Mədəniyyət və Təhsil nazirliklərinin, yerli KİV-lərin, o cümlədən Sinxua agentliyinin, Çin Mərkəzi Televiziyasının (CCTV), "Renmin Ribao” rəsmi qəzetinin, Çin Beynəlxalq Radiosunun nümayəndələri, nüfuzlu araşdırma və tədqiqat mərkəzlərinin, ali təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər.

Çinin Xarici Ölkələrlə Dostluq Assosiasiyasının sədr müavini Li Cianpin ölkələrimizin tarixən sıx dostluq münasibətlərinə malik olduqlarını qeyd edib. O, AzərTAc-ın saytının Çin dili versiyasının iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Sinxuanetin vitse-prezidenti Vanq Cinfu AzərTAc ilə əməkdaşlıq əlaqələrindən söz açaraq, hər iki agentliyin müasir informasiya texnologiyalarından istifadə edərək öz auditoriyalarını genişləndirdiklərini bildirib. O, azərbaycanlı həmkarlarının bu təşəbbüsünün ölkələrimizlə yanaşı, milli xəbər agentlikləri arasında da əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

AzərTAc-ın Çindəki xüsusi müxbiri Şahin Cəfərov agentliyin Baş direktoru Aslan Aslanovun təbrik məktubunu oxuyub. Sonra AzərTAc, o cümlədən agentliyin saytının Çin dili versiyası haqqında məlumat verib. Bildirilib ki, ölkənin aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyi olan AzərTAc-ın Çin dilində informasiya yayması izləyici dairəsini genişləndirməklə yanaşı, Çin ictimaiyyətini ölkəmizdə baş verən proseslər barədə etibarlı xəbərlə təmin etmək baxımından xüsusi önəm daşıyır. Belə ki, Çin kütləvi informasiya vasitələri Azərbaycan barədə məlumatları əsasən digər ölkələrin mətbuatı vasitəsilə əldə etdiyindən bəzən təhrif hallarına rast gəlinirdi. AzərTAc-ın Çin dilindəki xəbərləri bu problemi aradan qaldıracaq.