adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BU İŞLƏRİN AXIRI NECƏ OLACAQ?..

BABƏK YUSİFOĞLU
32742 | 2014-12-18 10:30
Orta məktəb illərindən başlayaraq kosmos, kainat, planetlərlə bağlı rastlaşdığım bütün məlumatlarla yaxından maraqlanaram. Qarşıma çıxan hər yazını oxuyuram. Yaxşı yadımdadı, lap əvvəllər təsəvvürümdə vardı ki, Yer bu saysız-hesabsız ulduzlar, planetlər sırasında ən xoşbəxtidir. Çünki burada həyat var, insanlar var, yaşıllıqlar, çaylar, dənizlər… bir sözlə heç harada olmayan gözəlliklər var. Amma…

Amma çox sonralar anladım ki, Yer gözəl olsa da çox bədbəxt bir planetdir. Çünki Tanrı yaratdığı İnsan oğlu insanı Yer üzünə göndərdikdən sonra bu planetin başına olmazın oyunlarını açdılar. Hər yeri biri-birlərinin qanıyla suvardılar. Nəfsləri üzündən bulaq-mulaq nədi, dənizləri, okeanları zəhərlədilər, özlərinin nəfəs aldıqları havanı bərbad vəziyyətə saldıar, yaşıllıqları qırıb yerinə zəhərli zavodlar, ticatarət obyektləri, ən yaxşı halda isə şəxsi villalarını tikdilər.

İndi bədbəxt elm adamları, təbiəti qorumaq istəyənlər bar-bar bağırırlar ki, əl saxlayın, durun, yoxsa bəşəriyyət Yer kürəsiylə birlikdə məhv olacaq, əşhədi-billah bu oyunları çıxaranların heç biri belə çığırtıları eşitmək istəmir. Ozon qatını deşiblər, Qolfıstırın cəryanını öldürüblər, Şimal qütbünün dağ boyda buzlarını əridiblər, heyvanları, bitgiləri məhv ediblər, təbiətin özünü belə dəyişiblər.

İndi alimlər deyrilər ki, bu acgöz, nəfsgir, vampir xislətli adamcıqlar əl saxlamasalr Yer planetinin məhvinə elə də çox zaman qalmayıb. Hətta bəziləri bu fikirdədirlər ki, yaşamaq üçün təcili bir münasib planet tapıb oraya aradan çıxmaq lazımdır. İndi öz aramızdı, özünün bəslədiyi insanlar tərəfindən belə acınacaqlı günə düşən bu Yer bəbəxt döyül, bəs nədi?..

Nə isə…

İndi də məlum olub ki, Mars dediyimiz planet də bədbəxtliyin bir addımlığındadır. Çünki xəbər yayılıb ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Marsa yolladığı o zəhrimar "Curiosity" aparatı planetin səthindən götürdüyü süxur nümunələrində hirdrogen molekulları aşkarlayıb. Bundan başqa, orada metan qazının hissəcikləri də tapılıb. Və bu tapıntılar əsl elmi sensasiya sayılır, çünki bütün bunlar Marsda mikroorqanizmlərin aktivliyinə və həyatın mövcudluğuna dəlalət edir.

İndi təsəvvürünüzə gətirin ki, Yerdəki insanların əlinə Marsdakı yiyəsiz torpaqlar keçəcək. Və milyon illərdi özü üçün rahatlıqla fırlanan yazıq Marsın başına bundan sonra olmazın müsibətləri açılacaq. Nöyüt, qızıl, gümüş, qaz, tay nə bilim nələr tapmaq üçün Marsın dəlik-deşik etmədikləri bir yeri qalmayacaq. Tapdıqları qiymətli nə varsa son qramınadək daşıyıb gətirəcəklər xarabalarına. Vallah, hələ o da ola bilər ki, sərvəti raket-raket daşımağa səbrləri çatmasa Marsın özünü troslarla üç-dörd raketin dalına qoşub Yerə gətirsinlər.

Mən yüz faiz əminəm ki, dünyaya ağalıq iddiasında olanlar Yerdə düzəltdikləri qorxunc silahları da aparıb oralarda sınaqlardan çıxaracaqlar. Ayda partlayışlar etmədilər məgər? Lakin Ayın bəxti onda gətirdi ki, oralarda insanlara gərək olacaq çox qiymətli şey-şüy tapılmadı. Allah göstərməsin, yoxsa hamımız Aysız qalcaqdıq…

Çox yəqin Rusiya ilə Amerika atom bombalarını yarışdırmaq üçün aparıb Marsda partladacaqlar ki, görsünlər kiminki daha çox məhv etmək gücünə malikdir. Belə bir şeyi Yaponiya adalarında sınamadılar məgər?.. Hamımız bilirk ki, sınadılar. Marsda niyə eləməsinlər ki?..

Bir sözlə, Marsın qara günləri başlayacaq. Və Yerdəkilərin ona verdiyi «qırmızı planet» adı çox çəkməz ki, dəyişib «qara planet»lə əvəz olunar. Bir də onu deyim ki, məndə olan məlumata görə, buradakıların işi heç də Marsla bitməyəcək. Çünki əvvəliki vaxtlar NASA yetkililərinin belə bir açıqlamasını oxumuşdum. Deyirdilər ki, bizim niyətimiz Marsdan sonra başqa planetlərə də getməkdir. Vay bizim halımıza.

Belə çıxır ki, bu zalım uşağı zalımlar Yer kimi bədbəxt günə qoymadıqları bir planet belə saxlamayacaqlar. Elə bil hamısı erməni xislətlidi, torpaqdan doymurlar ki, doymurlar…

babekyusifoglu.blogspot.com



TƏQVİM / ARXİV