RİNQDƏ GÜCLÜLƏR QALİB GƏLİRLƏR

FAİQ QİSMƏTOĞLU
66297 | 2014-12-18 08:47
Hər bir boksçu istəyir ki, rəqibini rinqdə üstələsin. Amma istək heç də məsələni həll etmir. Ən azından ona görə ki, rinqə qədər məşqçilərin tapşırıq və tövsiyələrini dönə-dönə yerinə yetirmək lazımdır. Əlbəttə, o boksçu ki, döyüşərkən fiziki və texniki cəhətdən güclüdür, istər-istəməz rəqibini rinqdə sıxışdıra bilir.
Bütün bunları yada salmaqla bir daha demək istəyirik ki, rinqdə həmişə güclülər qalib gəlirlər. Çox sevindirici haldır ki, bu gün respublikamızda boksun inkişaf etdirilməsi üçün çox böyük işlər həyata keçirilir. Bu da təsadüfi deyil, çünki Ulu Öndər Heydər Əliyev və prezident İlham Əliyev idmanın inkişafına böyük qayğı göstəriblər. O cümlədən idmanın bir növü kimi boks da məmləktətimizdə yüksələn xətlə inkişaf edir.
Ölkəmizin bir neçə mötəbər boks yarışlarına ev sahibliyi etməsi respublikamızın nüfuzunu beynəlxalq aləmdə daha da artırıb. Məhz buna görə də bir neçə il ərzində ölkəmizdə möhtəşəm boks yarışları keçirilir. Eyni zamanda Azərbaycan boksçuları da həm Avropa, həm dünya və Olimpiya çempionatlarında öz sözlərini zamanında deməyi bacarıblar.
Bu günlər isə boksçularımız yeni bir möhtəşəm qələbə əldə ediblər. Artıq Rusiyanın Beloyarski şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş neft ölkələrinin dünya kuboku yarışına yekun vurulub. Komandamız bu turnirdə 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. 49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə finalda Özbəkistan nümayəndəsi Abdulla Kuçkarovu məğlub edərək 1-ci pilləyə yüksəlib. Kamran Şahsuvarlı (75 kq) yalnız həlledici görüşdə rusiyalı Andrey Kovalçuka uduzub. 91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli də vətənə gümüş medalla qayıdıb. Həmyerlimiz finalda litvalı Tadaş Tamaşauskasa məğlub olub.
4 boksçumuz - Kənan Hüseynəliyev (56 kq), Salman İbrahimov (64 kq), Rauf Rəhimov (81 kq) və Asəf Aslanlı (+91 kq) bürünc medalla kifayətləniblər. Millimiz Rusiya, Rusiya-2, Özbəkistandan sonra ümumkomanda hesabında 4-cü yeri tutub.
Boksçularımızın beynəlxalq turnirdə qazandığı uğurlarla bağlı Azərbaycan Boks Federasiyasının 1-ci vitse-prezidenti Ağacan Abıyev bildirir ki, biz həmişə gənclərimizə böyük ümid bəsləyirik. Hər bir yarışa boksçularımız öncədən çox ciddi hazırlaşırlar. Çünki bütün uğurların başlanğıcı gərgin məşqlərdən keçir. O boksçu ki, məşqçini dinləyir, onun tövsiyələrinə qulaq asır, öz üzərində çalışır, həmin idmançı da rinqdə çox vaxt qələbə qazanır. Təəssüf ki, bəzən gənc boksçularımız fiziki və texniki hazırlığa bir o qədər də diqqət yetirməkdə məsuliyyət hiss etmirlər. Bu da özünü rinqdə döyüş zamanı göstərməyə başlayır. Amma mən bir ona inanıram ki, gərgin məşqlər edən və fiziki, texniki cəhətdən güclü olan boksçular rəqiblərini həmişə küncə sıxışdırıblar. Bir də qazanılan qələbə və uğurla heç vaxt kifayətlənmək olmaz. Elə boksçularımız olub ki, böyük uğurlardan sonra arxayınlaşıblar, məşqlərə gecikiblər və axırda da rinqdə başqa bir rəqibə məğlub olublar.
Ona görə də məşqçilərimiz xırda nöqsanları da aradan qaldırmaq üçün boksçularımızla daim işləyirlər. Sirr deyil ki, bu cür xırda çatışmazlıqların vaxtında aradan qaldırılmaması böyük idmanda ağır nəticələr verə bilər. Mən həmişə demişəm və indi də deyirəm, Azərbaycan boksçularının çox böyük gələcəyi var. Onlar olimpiya, dünya və Avropa çempionatlarında zamanında öz sözünü deyə biləcəklər.


TƏQVİM / ARXİV