HƏYATIN HƏR ÜZÜNÜ TANIYAN ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
67221 | 2014-12-18 10:31

Onda orta məktəbdə oxuyurdum, 7-ci, ya da 8-ci sinifdəydim. Həmin o tarix ona görə yadımda qalıb ki, sinif yoldaşlarımla Füzuliyə getmişdik – 1 may şənliyinə, paradı izləyəcəkdik. Adətən o illərdə paradlar, məhsul bayramları çox təmtəraqlı keçirilirdi. Şəxsən mən indi həmin o insanların çöhrəsini, onların qəribə sevinc hisslərini, xüsusilə də paraddan, bayram keçidindən sonra müxtəlif məclislərə üz tutan cavanların ovqatını bütün detallarına qədər xatırlayıram. Hərdən içimdən həmin ovqatı bu gün də yaşamaq, bu gün də adamların ümumi bir məcrada əylənmək, deyib-gülmək istəyini görmək, yaşamaq gəlib keçir. Və düşünürəm ki, orada, yəni həmin o tədbirlərdə qəbahət sayılacaq, günaha yazılacaq heç nə yox idi. Çünki həm bir vərdiş var idi, həm də bir istək. Təbii ki, mən həmin məsələnin siyasi tərəfini bir kənara atıram. Söhbət insan ovqatından gedir…

Bəli, biz bir kənarda dayanıb şəhərin baş meydanı ilə keçən parad iştirakçılarını seyr edirdik. Tribunada Füzuli rayonunun rəhbərliyi, xüsusilə hamımızın tanıyıb sevdiyimiz Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova da dayanmışdı. Bunu ona görə xüsusi vurğulayıram ki, o vaxtdan diqqətimi çəkib, mənim üçün maraqlı bir insan kimi yaddaşıma köçən qəhrəmanım da Şamama xanımla yanaşı dayanmışdı. Bu cavan oğlan tribunada dayananların hamısından təkcə boy-buxunu ilə deyil, həm də rahatca görünüb duyulan od-alovu ilə də seçilirdi. Hiss olunurdu ki, onun daxili enerjisi bulaq kimi qaynayır. Bu ana qədər mən bu cavan oğlanı tanımırdım, heç sinif yoldaşlarım da tanımırdı. Çünki biz o vaxtkı Hadrud rayonuna aid olan bir kənddə yaşayıb oxuyurduq.

Bir-birimizə maraqla baxıb, bu oğlanın kimliyini öyrənmək istədik. Yanımızdan keçən yaşıdlarımızdan bu barədə soruşanda çox arxayın bir şəkildə dedilər:

- Nəbi müəllimdi, Komsomolun 1-ci katibidi.

Bu, mənim Nəbi müəllimlə ilk, özü də qiyabi tanışlığım oldu. Tam səmimiyyətimlə bildirim ki, məhz o tribunadakı duruşu, o tribunadan ətrafı seyr etmək bacarığı, yəni rəhbərə xas cəhətləri heç bir sifarişsiz, heç bir məcburiyyətsiz bütünlüklə təkcə göz aynama deyil, həm də yaddaş kitabıma yazıldı. İllər ötdü və günlərin bir günü (dünyadan vaxtsız köçmüş) Mirzə Səfərəliyev onunla birlikdə qonaq getməyimi istədi. Həmin ana qədər ağlıma da gətirməzdim ki, kimin evinə qonaq gedirik. Biz şəhərimizin Əhmədli tərəfdə olan massivlərindən birinə yollandıq. Yol boyu öz həyat hekayələrindən danışan Mirzə 9 mərtəvəli binanın həyətinə daxil olanda sanki mənə bir arayış təqdim etdi:

- Bilirsən də, Nəbi müəllimgilə gedirik.

Bir anlıq dayanıb onun üzünə baxdım. Təəccübümü görüb gülümsədi:

- Narahat olma, o mənim ağsaqqalımdı. Mənim əlimdən tutub bu mərtəbələrə o qaldırıb – dedi.

Biz qapının zəngini çaldıq. Qapını Nəbi müəllim özü açdı. İstirahət günü olduğundan evdə idi. Nəbi müəllim çox ərkyana bir şəkildə Mirzəyə «Xoş gəlmisən!» dedi. Sonra əlini mənə uzatdı:

- Sən də xoş gəlmisən! – deyib Mirzəyə tərəf boylandı. Baxışlarından bu qonağın kim olduğunu öyrənmək istədiyini dərhal oxudum. Mirzə də oxudu:

- Əbülfətdi, əmioğlum. Onun barəsində sizə danışmışam – dedi.

Hələ də əlimi ovcunda saxlayan Nəbi müəllim bu dəfə əlimi bir az da bərk sıxdı:

- Hə, tanıyıram. Yazılarını, şeirlərini oxuyuram. Lap yaxşı eləyib Əbülfəti özünlə gətirmisən - söyləyib bizi qonaq otağına dəvət etdi.

Bu, mənim Nəbi müəllimlə ilk real görüşüm idi. Artıq mən ona uzaqdan, bir məktəblinin rayon gənclərinin rəhbərinə baxdığı kimi baxmırdım. İndi mən süfrəsində əyləşdiyim bu KİŞİNİ, yəni Qarabağda sayılıb-seçilən bir şəxsi lap yaxından görürüdüm, çayını içib, çörəyini kəsirdim. Üstəlik, onun, ölkənin ən vacib nazirliklərindən birinin məsul işçisi olduğu da mənə məlum idi…

Bax, beləcə başladı real tanışlığımız. Adətən həmyerlilərimi, özü də üz ağardan, baş ağardan həmyerlilərimi arayıb-axtarmağı, onlarla təmas qurmağı həmişə özümə bir borc saymışam. Çünki bu adamlarla qürur duymuşam. Elə Nəbi müəllimlə də qürur duyurdum. Artıq süfrəsində qonaq olandan sonra onun söhbətini dinləyə-dinləyə itirdiyim vaxt üçün təəsüfləndim. Mən gərək Nəbi müəllimi lap çoxdan tanıyaydım, lap çoxdan onun söhbətlərinə qulaq asaydım. Onda dünya barəsində, həyat barəsində, insanlar haqqında, elə ədəbiyyatımız barəsində bir az da artıq bilgilərə malik ola bilərdim. Amma neyləyək, keçənə güzəşt deyərlər… Və mən Nəbi müəllimin simasında gördüyüm bir məmur-ziyalı varlığını, onun bütün daxili və xarici görkəmini artıq böyük hərflərlə, özü də unutmamaq şərti ilə ürəyimə yazmağa başladım…

Sonralar müxtəlif məclislərdə qarşılaşdıq, müxtəlif tədbirlərin iştirakçısı olduq. Və mən ondan aldığım o müsbət enerjinin bolluğunda bəzən o qədər də önəmi olmayan tədbirlərdə itən zaman üçün təəssüflənmədim. Çünki o zamanın içində mən Nəbi Muxtarovla birlkidə olurdum, onun yanında dayanırdım, onu dinləyirdim…

Bəli, illərin sürəti bəllidi. Onu ölçən cihaz olmasa da, ömür, yəni əriyib gedən zaman bizi dünəndən xeyli uzaqlaşdırıb. Biz dünənə, əlimizi qaşlarımızın üstünə qoyub bir növü gözümüzə günlük edib həsrət və bir az da nisgillə baxırıq. Amma bu, o qədər də ürəkaçan hal deyil. Çünki dünəndə bizim də izimiz, bizim də sözümüz, bizim də nələrimiz, kimlərimiz qalıbdı. Bunun dərin qatlarına enmədən mən içimdə öz yeri olan Nəbi müəllimin ikinci bir surətini, ikinci bir tərəfini gördüm və o gördüklərim də bünövrənin, kökün nə qədər möhkəm olduğunu bir daha mənə sübut etdi. Özü də heç bir riyazi hesablama aparmadan. Çünki sübut özü yaşadığımız həyat idi, şahidi olduğumuz mənzərələr idi, iştirakçısına çevrildiyimiz hadisələr idi. Məlum Dağlıq Qarabağ problemi, onun dalğasında ətraf rayonların üzləşdiyi faciələr və nəhayət, işğal… Bunu hamı bilir və bir qismimiz də hamının bildiyi bu gerçəkliyin şinelindən keçmişik, içindən, odunun-alovunun atəşindən süzülüb gəlmişik. Özü də duyğularimız, hisslərimiz, varlığımız, ən vacibi isə ürəyimiz ütülə-ütülə, ağrıya-ağrıya gəlmişik…
Bu dəfə onunla Füzulidə, top-tüfəng, mərmi yağışının içində qarşılaşdıq. Artıq onu dağlıq ərazisi işğal olunmuş, insanları bir xofun, bir stesin içərisində yaşayan Füzuliyə icra başçısı təyin etmişdilər. Mən bu fərmanı eşidəndə bir anlıq duruxdum. Çünki sirr deyil ki, onda döyüş bölgəsindəki insanlarla dil tapmaq, bu ərazidə idarəetmə mexanizmini tam gücüylə işlətmək çox çətin və həm də təhlükəli bir iş idi. Ona görə təhlükəli idi ki, silahlı dəstələr, silahlı qruplar, bir-birinin sözünü həzm edə bilməyən özündən liderlər, özündən komandirlər təkcə qanuna hörmətsizlik etmirdilər, həm də onu istədikləri kimi tapdalayırdılar, cırıb bir kənara tullayırdılar. Bax, belə adamların qarşısına çıxmaq, onlara həm qanunu, həm də aid olduğu yeri göstərmək cəsarət, bilik, xüsusilə səbr və ağsaqqallıq tələb edirdi. Bu xüsusiyyətlərə, bu keyfiyyətlərə malik olmayan istənilən şəxs rəhbər kürsüsündə barmaqsayı günlər otura bilərdi. Bu tarixi gerçəkliyi hamımız yaşamışıq, görmüşük. Bax, mən də Nəbi müəllimin, doğulduğu rayona icra başçısı təyin edildiyini biləndə, həmin o mənzərələri, həmin o gerçəklikləri bir anlıq ağlımdan keçirdim və indi tam səmimiyyətimlə etiraf edim ki, onun öz rayonuna rəhbər göndərilməsini o qədər də istəmədim, yəni bütünlüklə sevinmədim. Lakin…

Zaman göstərdi ki, mən kökündən yanılmışam. Düşündüklərim, eşitdiklərim və gördüklərim nə qədər gerçək olsa da, həmin o əvvəldə xatırlatdığım xüsusiyyətlər, keyfiyyətlər sahibi olan Nəbi müəllim Füzulidə çox şeyləri öz məcrasına qaytara bildi və çox haqsız iddiaların da yerini sahibinə göstərdi. Özü də ağlıyla, biliyiylə, təcrübəsiylə və bir də güvəndiyi torpaqla, güvəndiyi füzulilərlə. Üstəlik də ona olan etimadla…

Hə, Horadiz qəsəbəsində həyat qaynayırdı. Artıq 1994-cü ilin yazı idi. Yanvar ayının 4-dən əkshücuma başlayan ordumuz bir həmləyə Füzuli rayonunun 20-dən artıq kəndini düşmən caynağından geri ala bilmişdi. Ona görə də rayon rəhbərliyi və onun bir çox qurumları artıq bərpa olunmağa başlayan Horadiz qəsəbəsində, bugünkü Horadiz şəhərində, fəaliyyət göstərirdi. Yolum Horadizə düşmüşdü. Rayon icra hakimiyyətinin binası qarşısında xeyli adam vardı. Nəbi müəllim də onların arasındaydı. Yaxınlıqda mərmi gurultuları səsləndikcə, ətrafda qəribə bir uğultu hiss olunurdu. Elə bilirdin ki, ayağının altındakı yer bu saat alt-üst olacaq. Amma nə Nəbi müəllim, nə də onunla söhbət edən, görüşə gələn füzulilər başlarını qaldırıb döyüş gedən istiqamətə tərəf boylanmırdılar da. Çünki bu, onlar üçün adi bir hal idi və öyrəşdikləri bu mənzərini onlar elə-belə, heç nə olmamış kimi yola verirdilər. Adamlar həm də icra başçısının öz iş otağını düz səngərin beş addımlığına çəkib aparmasından ümidli idilər. Onlar birmənalı şəkildə inanırdılar ki, əgər rayonun rəhbəri hər dəqiqə nişangah ola biləcək bir yerdə, bir binada yerləşib orada işləyirsə, adamları qəbul edirsə, rayonun iqtisadi həyatının bərpası üçün çalışırsa, deməli, o, kiməsə, nəyəsə güvənib. Bax, bu da kiçik, ancaq çox böyük bir arqument idi. Hamı öz arasında bir-birinə söyləyirdi ki, Nəbi müəllim gecə də Horadizdə qalır, kabinetində yatır. Deməli, hər şey yaxşı olacaq. Həyat göstərdi ki, Nəbi müəllimin bu addımı da ən böyük ümid imiş və Nəbi müəllimin bu ən böyük ümidi həm də bugünkü Füzuli imiş.

Mən Füzuliyə hər səfərimdə öncə mənə doğma olan həmyerlilərimlə, sonra da onun özüylə etdiyim söhbətlərdə bir gerçəyi bütün çılpaqlığı ilə görürdüm, onların dilindən eşidirdim. Bu gerçəklik də hər kəsə hava, su kimi lazım idi. Yəni yavaş-yavaş üzü Horadizə qayıdan füzulilər onları kimin və nəyin gözlədiyini yaxşı bilirdilər. Onlar tam arxayın idilər ki, Nəbi müəllim Heydər Əliyevin kadrıdı, ondan dərs alıb. Deməli, o, adamları Füzuliyə, geriyə doğru çağırırsa, bunun böyük anlamı var və bu qayıdan adamlar mütləq təminat alacaqlar. Yəni, evlər bərpa olunacaq, yeni qəsəbələr salınacaq, yol, işıq, qaz, su problemi ilə üzləşməyəcəklər. Bugünün özündə də 90-cı illərin sonlarını, 2000-ci ilin birinci on ilini bir kitab kimi vərəqləyən hər bir füzulili etiraf edir ki, Nəbi müəllim bir saat belə Horadizin, geriyə qayıdan insanların işıqsız, qazsız, necə deyərlər, odsuz-ocaqsız qalmasına imkan vermirdi. O, Bakını ayağa qaldırırdı… O, digər şəhərlərin rəhbərləri ilə əlaqə qururdu və hər kəsi qayıdan insanlara diqqət göstərməyə çağırırdı, özü də əsaslı və ağıllı şəkildə. Çünki bu insanların qarantı Azərbaycan Prezidenti idi. O da prezidentin yerdəki nümayəndəsi kimi hər gələn günün dünənkindən yaxşı olmasına çalışırdı.
Nəbi müəllim təkcə təsərrüfat, iqtisadiyyat adamı deyildi. O, həm də mədəniyyət, ədəbiyyat bilicisi idi. Mən onun Füzulidən olan söz-sənət adamlarına göstərdiyi diqqətini, qayğısını heç vaxt unuda bilmərəm. Mərhum Vahid Əlifoğlunun bir sözü indiki kimi yadımdadı. Vahid həmişə mənə deyərdi ki, «Nəbi Muxtarov ədəbiyyatı ədəbiyyatşünaslardan yaxşı bilən kişidi». O, imkan düşən kimi mütaliə edir. Xüsusilə Füzliylə bağlı, yazılan qəzet məqaləsindən tutmuş kitaba qədər hər nə çap olunsa, mütləq onu gözdən keçirib, ona özünün qiymətini verməyi ustalıqla bacarırdı. Vahidin şeirlərinə, mənim yazılarıma verdiyi qiymətlər bütün həyatım boyu yaddaşımda yaşayacaq. Və nəhayət, Nəbi müəllmi həm də insan sərrafı idi. O, kiminlə hansı tonda, hansı dildə danışmağı çox gözəl bilirdi. Vahid Əlifoğlunun yas mərasimində onun söylədikləri, mərasimdən sonra Bakıdan bu məclisə təşrif buyuranları bir hüzr sahibi kimi xüsusi alicənablıqla yola salmağı və daha nələr, nələr…

Mən həyatda sıx-sıx təmasda olduğum məmur KİŞİlərin içərisində ayrıca yeri olan Nəbi Muxtarovun barəsində neçə-neçə kitablıq xatirələr yaza bilərəm. Amma hələ xatirələrlə yaşamaq düşünürəm ki, tezdi. Çünki hələ yaşamalı illər öndədi.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV