adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Dekabr 2014 18:25
4415
MƏMLƏKƏT
A- A+

Bakıda YUNESKO komitələrinin iclası keçiriləcək

18-19 dekabr 2014-ci il tarixlərində Bakıda TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin ənənəvi 5-ci iclası keçiriləcək.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, tədbir YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunur.

İclasın keçirilməsində məqsəd türkdilli ölkələrin YUNESKO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların YUNESKO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.

Tədbir çərçivəsində mədəni və təbii irs, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə "dörd dəyirmi masa"nın keçirilməsi planlaşdırılır.

İclasda Azərbaycan hökumətinin nümayəndələri, YUNESKO və TÜRKSOY təşkilatlarının rəsmiləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyasının rəhbərləri, YUNESKO üzrə Milli komissiya və komitələrin baş katib və nümayəndələri, mədəniyyət, elm, təhsil, informasiya və kommunikasiya texnologiyaları və YUNESKO-nun fəaliyyət sahəsinə daxil olan digər istiqamətlər üzrə vəzifəli şəxslərin və mütəxəssislərin iştirakı nəzərdə tutulub.