DƏNiZ SAHiLi... SAHiBSiZ iTLƏR... VƏ DUA...

ƏBÜLFƏT MƏDƏTOĞLU
28721 | 2008-06-21 00:04
Noyabrın payız qoxulu bir günü idi. Elə bir gün ki damarında qışın da nəfəsi duyulurdu. Ancaq buna baxmayaraq, hər ikisi yüngül geyinmişdi. Çünki onları təbiətin indiki çağı nə düşündürürdü, nə də narahat edirdi. Onların öz dünyası, öz təbiətləri var idi.
   Yenə həmişəki yerdə görüşdülər. Yenə həmişəki kimi əvvəl baxışları danışdı, sonra dilləri. Və ilk kəlməni qız söylədi:
   - Sənə bir söz demişdim, yadındadı?
   Oğlan duruxmuş halda onun üzünə baxdı.
   - Falçı barəsində demişdim, nə tez unutmusan...
   Oğlan xəcalət çəkirmiş kimi çiyinlərini qısdı və utancaq bir halda:
   - Hə, xatırladım- dedi.
   - Onda gedək falçının dediyinə əməl edək.
   Bu təklif oğlanın ürəyindən oldu, çünki o da sevdiyinin qoluna girib sahilboyu gəzmək, dalğaların pıçıltısına, ləpələrin xışıltısına qulaq asmaq istəyirdi. Özü də elə bir yerə getmək istəyirdi ki, özlərindən başqa orda kimsə olmasın. Dənizlə, ləpələrlə, sevgisi ilə, öz dünyaları ilə baş-başa qalsınlar. Qızın təklifi bu məqam üçün göydəndüşmə idi. İndi qalırdı istiqaməti müəyyənləşdirmək. Oğ- lan yenə maraqla qıza baxdı:
   - Falçı deyib ki, bu duanı dənizin gözdən uzaq, əl-ayaq dəyməyən bir sahilində suya atmaq lazımdır. Elə bir yerə ki, oraya murdar nəfəs, murdar su axıdılmasın- dedi qız.
   Yenə bir anlıq fikrə getdilər. Və bu dəfə sükutu oğlan pozdu:
   - Gedək Şıx çimərliyinin lap sonuna.
   Qız razılaşdı. Maşına əyləşdilər. Yanaşı oturmuşdular. Yolboyu duanın nə üçün yazıldığını bittə-bittə oğlana söylədi. Və məlum oldu ki, onların sevgisinə mane olmaq istəyən, onları qarabaqara izləyən, onlar haqqında müxtəlif şayiələr yayan, bir sözlə, onların birləşməsinə mane olmaq istəyənlərin əməllərindən bezmiş qız yaxınlıqdakı falçıya üz tutub. Fala inanmasa da rəfiqələri ona bu məsləhəti veriblər. - Sınanmış falçıdı - deyiblər, - Duası daşdan keçir.
   Doğrudur, oğlan daşdan keçən dua məsələsinə bir balaca qımışmışdı. Ancaq qızın xətrinə dəyməmək üçün, həm də sahildə daha çox tək qalmaları üçün bu xəbəri razılıqla qarşılamışdı.
   Bu da Şıx çimərliyi. Hər tərəf demək olar ki, bir sükuta qərq olub. Gözə kimsə dəymir. Bu, oğlanın çiçəyini çırtladır. O, qızın əlindən tutub sahilə doğru addımlayır. Dikdaban ayaqqabının quma tez-tez batması qızın addımlamasına mane olduğundan oğlana sığınır. Hər ikisinin ürəyinin çırpıntısı aşkarca eşidilir. Oğlan qızı özünə bir az da yaxın çəkir. Hətta nəfəsini duyur. Qız isə dənizə yaxınlaşdıqca falçının duasını çantasından axtara-axtara onun dediyi hansısa başqa bir duanı dodaqaltı təkrarlayır...
   Hə, bu da dəniz... Qız çantasından çıxartdığı duanı ləpələrin qoynuna atır. Elə bu vaxt uzaqdan sahibsiz itlərin səsi eşidilir. İtlər sevgililərə doğru cumurlar. Qız çaşdığından oğlanı qucaqlayır. Oğlan gözləmədiyi hər iki məqamdan özünü itirsə də dərhal qızın nəfəsini, çırpınan ürəyinin döyüntüsünün canına hopduğunu duyaraq onu bərk-bərk özünə sıxır. Və sonra əyilib yerdən balıqqulaqlarını ovuclayıb itlərə tərəf atır. Əslində bu balıqqulaqları itlərə heç nə edən deyildi. Amma bu hərəkət sahibsiz itləri qorxudur. Onlar uzaqdan hürməklə öz işlərini görürlər...
   Qız həyəcanlı şəkildə:
   - Gedək burdan, mən itlərdən qorxuram. Allah eləməmiş bir hadisə baş verər, sonra el içində biabır olaram. Soruşarlar ki, sənin dənizin o kimsəsiz yerində nə işin vardı?
   Oğlan razılaşır. Yenə əl-ələ tutub üzügeri, maşın dayanacağına tərəf addımlayırlar. Arxada isə hələ də itlər hürüşür.
   
   P.S. O illər arxada qalıb. O noyabr da tarixə çevrilib. Bu gün şəhərdə, daha çox isə sahildə çimərliklər ətrafında sahibsiz itləri görəndə hər ikisi o məqamı xatırlayır. Və qeyri-ixtiyari ikisinin də dilindən eyni söz çıxır: DƏNİZ SAHİLİ... SAHİBSİZ İTLƏR... VƏ DUA... Amma o dua müstəcəb olmadı...

TƏQVİM / ARXİV