adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Dekabr 2014 17:31
4007
ELM VƏ TƏHSİL
A- A+

Elmi və yaradıcı ziyalılar Moskvada toplandılar

Moskvada elmi və yaradıcı ziyalıların IX Forumu öz işinə başlayıb. Forumda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistandan 300-dən çox nümayəndə iştirak edir. Azərbaycanı forumda Milli Məclisin deputatı Fuad Muradov, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud və başqalarından ibarət geniş nümayəndə heyəti təmsil edir.

Bu dəfə "MDB-də humanitar məkanın inkişafı: əməkdaşlığın perspektivləri və zamanın çağırışları” mövzusunda keçirilən forum çərçivəsində mədəni irsin qorunub saxlanılmasında gənclərin rolu, elm və təhsilin inkişafı, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində KİV-lərin rolu, habelə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinin bayram edilməsi və 2015-ci ilin Veteranlar ili elan edilməsi məsələləri də müzakirə olunacaq.

Azərbaycanın Rusiyadakı səfiri, Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu (BHƏF) İdarə Heyətinin sədri Polad Bülbüloğlu forumun açılışında çıxışında bildirib ki, Moskvada ilk forumun keçirildiyi 2006-cı ildən dünyada çoxlu ciddi dəyişikliklər baş verib, beynəlxalq münasibətlərdə yeni paradiqmalar yaranıb. İnsanlar və mədəniyyətlər isə əvvəlki kimi bir-birinə meyil edir. Diplomat deyib: "Bu gün ölkələrdən hər birinin öz milli mənafeyi var və təbii ki, heç bir ölkə nə özünün mənafeyindən, nə də ərazi bütövlüyündən əl çəkən deyil. Amma yəqin ki, fikir adamlarının da əsas vəzifəsi elə budur: öz baxışlarını dəlillərlə isbat etmək və onları açıq şəkildə müzakirə etməyə hazır olmaq. Çətinliklər barədə susmamaq, onlardan danışmaq və ictimai bəlaların aradan qaldırılması yollarını işləyib hazırlamaq lazımdır”.

Səfir vildirib ki, alimlər və yaradıcı peşələrin nümayəndələri müasir dünya və dünya xalqları qarşısında duran vaxtı çatmış problemlərə laqeyd qalmamalıdır: "Faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində Dmitri Şostakoviçin "Qəhrəmanlıq” (Leninqrad) simfoniyasını necə xatırlamayasan? Musiqi mədəniyyətinin bu möhtəşəm abidəsinin ifadə etdiyini təşviqat xarakterli onlarca çağırış və siyasi sənəd əks edə bilməzdi. Zənnimcə, biz hamımız yüksək örnəklərə söykənməliyik”. 

Diplomat ölkələr və xalqlar arasında qarşılıqlı etimada söykənən səmimi dialoqun qurulmasında ziyalıların rolunu xüsusi vurğulayıb.