adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Dekabr 2014 16:43
7495
MƏMLƏKƏT
A- A+

Qanuna edilən əlavə və dəyişikliklər KİV-lərin işini qəlizləşdirir?

Elşad Eyvazlı: "Layihənin ümumilikdə hər hansı təsir gücünə malik olmasına inanmıram”.

 

Niyaz Niftiyev: "Bu dəyişiklik perspektivdə heç bir təhlükə vəd etmir”.

 

Elçin Mizəbəyli: "Reket mətbuat"ın fəaliyyət dairəsinin məhdudlaşdırılmasında bu dəyişklik müəyyən qədər rol oynaya bilər”.

 

Ceyhun Musaoğlu: "Dövlətin qorunması, cəmiyyətin çaşdırılmaması üçün qanuna bu şəkildə dəyişiklik vacib idi.”

 

Qulu Məhərrəmli: "Xarici kapitalın media sahəsinə gəlişinə məhdudiyyət qoyulması başadüşüləndir”.

 

"KİV haqqında qanun"a əlavə və dəyişikliklər qəbul edildi. Yeni qanun layihəsində xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.

Bundan başqa qərəzli yazılara görə barəsində məhkəmə tərəfindən il ərzində 2 dəfə qərar verilən medianın dərci və yayımına xitam verilməsi barədə qanuna dəyişiklik edilməsi təklifi də müzakirəyə təqdim olunub. Hansı ki, hazırda bunun üçün 3 məhkəmə qərarı lazım gəlir. Layihədə oxşar adlarla bağlı məsələlərə də aydınlıq gətirilib. Belə ki, oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar". Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılmasını qadağan edilir.

 

Adalet.az əlavə və dəyişikliklərin KİV-in fəaliyyətinə nə kimi təsir edəcəyini aydınlaşdırmaq məqsədi ilə media mənsublarının fikirlərini öyrənib.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı layihənin ümumilikdə hər hansı təsir gücünə malik olmasına inanmır: "Hər bir dəyişiklik ilk vaxtlar yaxşı qəbul olunmur. Bu, müsbət bir dəyişiklik olanda da belə olur. Səbəbi isə odur ki, oturuşmuş qaydalar dəyişir. Bu, məsələnin bir tərəfidir.

Məsələnin konkret məqamlarına gəlincə, deyə bilərəm ki, bu dəyişikliyin mətbuatımızın inkişafına müsbət və mənfi təsir edəcəyini düşünmürəm.

Ad məsələsi, oxşar adlar doğrudan da ciddi problem idi. Məsələn, kirpi sözünün əvvəlinə, sonuna bir söz əlavə etməklə 20-dən çox qəzet qeydiyyata alınıb. Təbii ki, bu, yolverilməzdir.
Məsələ odur ki, hər hansı dəyişiklik geriyə şamil olunmur. Ona görə də hətta bunu bir az gecikmiş məsələ də hesab etmək olar. Amma mətbu orqanların fəaliyyətinin dayandırılması ilə bağlı müəyyən məqamlar var ki, ona birmənalı baxmaq olmur.

Hər halda bu dəyişikliyi izahlı şəkildə cəmiyyətə çatdırmaq lazımdır. Məsələ ondadır ki. başları çıxmayanlar, məsələdən hali olmayanlar dəyişikliyi istədikləri kimi dəyərləndirəcəklər".


Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev KİV-lərə edilən xəbərdarlıqla bağlı qaydaların sərtləşdirilməsinə diqqət çəkərək bunu təqdirəlayiq addım hesab edir: "Əslində bu dəyişiklik perspektivdə heç bir təhlükə vəd etmir. Çünki qanunda məlum tələb əvvəl də var idi, sadəcə 3 dəfə təkrarlandığı halda hər hansı bir KİV orqanının fəaliyyətinə xitam verilməsini tələb edirdi. Növbəti dəyişiklik isə bu halı 2 dəfə ilə məhdudlaşdırdı. Bu bir tərəfdən jurnalist məsuliyyətinin artırılmasına xidmət edirsə, digər tərəfdən "təhqir etməmək", "yanlış informasiya yaymamaq" mədəniyyətini formalaşdırır".

Xalq cəbhəsi qəzetinin baş redaktoru Elçin Mizəbəyli deyir ki, dəyişikliklərin ən önəmli tərəfi adlarla bağlıdır: "Qəbul olunan dəyişikliklər qanunvericilik çərçivəsində fəaliyyət göstərən, insan hüquq və azadlıqlarına sayğı duyan, peşə etikası prinsiplərinə əməl edən KİV-lər üçün heç bir problem yaratmır. Əlavə və dəyişkliklərin ən önəmli cəhəti oxşar adlarla bağlıdır. Kimsəyə sirr deyil ki, mediadan öz cinayətkar əməlləri üçün istifadə edənlər məhz oxşar adlardan yararlanır və bununla da ciddi media qurumlarının adlarının üzərinə kölgə salırlar.

O belə hesab edir ki, əlavə və dəyişiklərin mahiyyətinin düzgün çatdırılması üçün geniş təbliğat işi lazımdır: ""Reket mətbuat"ın fəaliyyət dairəsinin məhdudlaşdırılmasında bu dəyişiklik müəyyən qədər rol oynaya bilər. Şübhəsiz ki, bu dəyişikliyin tətbiqi mexanizmindən də çox şey asılıdır. Mətbuat orqanının fəaliyyətinin dayandırılması üçün məhkəmə hökmlərinin sayının azlığına gəldikdə isə, düşünürəm ki, bu dəyişikliyin tətbiqində sui-istifadə hallarına yol verilməməsi üçün geniş izahat işinin aparılmasına ehtiyac var. Bu istiqamətdə maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir. Çünki bu dəyişikliyin hüquqi mahiyyəti tam aydın deyil. Hansı hallarda fəaliyyətində baş verən cüzi bir nöqsan onun yayımının dayandırılmasına zəmin yaratsın. Zənnimcə, bu dəyişiklik sui-istifadə hallarına yol verilməməsi üçün Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməlidir".

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu hər üç dəyişikliyin tərəfdarıdır. JEM sədri  hesab edir ki, dəyişikliklər istər medianın, istərsə də cəmiyyətin inkişafına xidmət edir: "Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən dəyişikliklər təcrübədə tez-tez üzləşdiyimiz acınacaqlı vəziyyətə adekvatdır. Məsələn, "Ədalət” adlı tanınmış cəmi bir qəzet var. Ancaq xeyli sayda "mətbu orqan” var ki, "Ədalət” sözünün qarşısına müxtəlif ifadələr yapışdırıb dövlət qeydiyyatından keçərək, min oyundan çıxırlar. Adlarını ciddi media orqanlarının adlarına oxşadaraq məkirli fəaliyyət göstərənlərin qarşısını qanuna dəyişikliklə almaqdan başqa yol yoxdur. Məhz buna görə, qanunun 3-cü maddəsinə "oxşar ad” termini əlavə edilir. Bundan sonra mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması mümkün olmayacaq. Alqışlanasıdır.
Azərbaycana qərəzli münasibətdə olan ölkələr var. Onların maliyyələşdirdiyi KİV əlbəttə ki, obyektiv mövqe sərgiləməyəcək. Qanuna ikinci dəyişiklik xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsini nəzərdə tutur. Bəs necə olmalıdır? Dövlətin qorunması, cəmiyyətin çaşdırılmaması üçün qanuna bu şəkildə dəyişiklik vacib idi.

Üçüncü dəyişikliyi göstərən müddəa əslində qüvvədə olan qanununda əksini tapıb. Əvvəllər qərəzli yazılara görə barəsində məhkəmə tərəfindən il ərzində 3 dəfə qərar verilən media orqanının dərcinə və yayımına xitam verilirdisə, indi 2 dəfəyə endirildi. Niyə imkan verilməlidir ki, qərəz artsın? KİV-in missiyası məlumatlandırmaq, bilikləndirmək və maarifləndirməkdirsə, qanuna dəyişikliklər bu mahiyyətin açılmasına daha böyük imkanlar yaradacaq".

Media eksperti Qulu Məhərrəmli isə bir qədər fərqli düşünür.  Media eksperti hesab edir ki, xarici kapitala qoyulan qadağadan başqa digər iki dəyişiklik müsbət heç nə vəd etmir: "KİV haqqında qanuna edilən əlavə və dəyişikliklər təəsssüf ki, söz və mətbuat azadlığını məhdudlaşdırmağa xidmət edəcək. Xarici kapitalın media sahəsinə gəlişinə məhdudiyyət qoyulması başadüşüləndir. Çünki bu bəzi təhlükələrə gətirib çıxarır. Ancaq digər 2 düzəliş hesab edirəm ki, söz və mətbuat azadlığına qarşı yönəlmiş addımdır. Mən buna təəssüf edirəm və inanmıram ki, Azərbaycan prezidenti bu dəyişiklikləri təsdiq etsin".

 

Sahib Əsədbəyli