adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Dekabr 2014 08:53
5576
LAYİHƏ
A- A+

TURİZMİN FORMALAŞMASINDA TARİXİ ABİDƏLƏR ƏVƏZOLUNMAZDIR

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

(əvvəli ötən sayımızda)

Sultanlıqdan sonrakı İçəribazar

Çar Rusiyası XIX əsrin ikinci yarsında İlisu sultanlığını da tam işğal etdikdən sonra strateji baxımdan əlverişli hesab edilən indiki Qax şəhərinin mərkəzindəki məşhur İçəribazar rus əsgərlərindən ibarət qarnizonun yerləşmə məntəqəsinə çevrilmişdir. Daş divar hasarlarla əhatələnmiş qalaya hər hansı hücum baş verərsə mazqallar vasitəsilə qarşı tərəfə atəş açmaq mümkün olmuşdur. Çay daşından əhəng məhlulu ilə tikilmiş qalanın içərisində yaşayış evləri, müxtəlif sənətkar emalatxanaları, dükanlar və böyük bazar olmuşdur. Elə buna görə də yerli əhali qalanın əhatə etdiyi daxili ərazini İçəribazar adlandırmışdır. Bugünkü Qax şəhəri məhz bu qalanın daxilindən genişlənərək müasir görkəmini almışdır.
Vorontsovun əmri:
Hacı Murad öldürülməlidir!

Qaxla Şəkinin arasında meşə massivində Hacı Murad qətlə yetirilərkən Vorontsovun böyük ümüd bəslədiyi İçəribazar qarnizonunun əsas hərbiçiləri rus və ermənilərdən ibarət idi. Çar məmurları Hacı Muradı mühasirəyə alıb çoxlu itkilər versə də, igid dağlını diri tuta bilməyib öldürmüşdülər. İçəribazarda ruslar və ermənilərin əhaliyə divan tutması bir yana, Dağıstandan sığınacaq üçün buraya qaçıb gələn günahsız adamların bir çoxu çar Nikolayın göstərişi ilə edam olunmuşdu. O vaxtlar Qaxın yerli əhalisi qonşu dağlı xalqları ilə də dostluq əlaqələri saxlayırdı. Bu əlaqələr Gürcüstana, Dağıstana, Çeçenistana qədər geniş bir ərazini əhatə edirdi. İnsanları bu yerlərə cəlb edən, bu yerlərə bağlayan qaxlıların - Azərbaycan türklərinin qeyri-adi səmimiliyi idi.

Üzeyir bəy Hacıbəyov
İçəribazarda...

İçəribazar qala kompleksinin ətrafında yaşayış evləri o qədər də çox olmurdu. Orada elə adamlar məskunlaşırdılar ki, ziyalılığı ilə seçilirdilər.
Peterburqda, Odessada təhsil almış vətənpərvər insanlara çar məmurları birbaşa müdaxilə edə bilmirdilər. Azərbaycan xalq maarifinin və elminin görkəmli nümayəndələri, Qabulovlar və digər mətanətli insanlar qaladakı irticaçılardan qorxub çəkinmirdilər. Çoxları üçün maraqlı olan başqa bir faktı da diqqətə çatdırmaq istəyirəm. Məlumdur ki, Azərbaycanın iki görkəmli mütəfəkkiri - dahi Üzeyir bəy Hacıbəyovla Müslüm Maqomayev həm dost, həm də sonradan qohum olublar. Müslüm (Əbdülmüslüm) Maqomayev, yəni Azərbaycanın məşhur müğənnisi, SSRİ xalq atrisri Müslüm Maqomayevin babası 1885-ci ildə Qroznuda dünyaya gəlsə də onun atası nəslən indiki Qax rayonundan olmuşdur. Müslüm Maqomayev 1899-1904-cü illərdə Qori müəllimlər seminariyasında oxumuşdur. Burada təhsil alarkən o, musiqiyə də böyük həvəs göstərmiş, ilk əsərlərini yazmış, Üzeyir bəy Hacıbəyovla tanış olmuşdur. Maqomayevin musiqi yaradıcılığından, bəstəkarlığından söhbət açsam, yeni bir şey demiş, əlavə etmiş olmaram. Bütün bunlar hamıya məlumdur.
Ancaq yəqin ki, Müslüm Maqomayevin 1902-ci ildə Qoriyə gedərkən yolüstü Qaxda dayanıb İçəribazarda dəmirçi işləyən atası Məhəmməd kişi ilə görüşməsi tamam başqa bir əhvalda maraq doğurmalıdır. Axı o, İçəribazara dostu Üzeyir bəylə gəlmişdi...

Qaxlıların qürur mənbəyi

...İçəribazar çar Rusiyasının süqutundan sonra irticaçılardan təmizləndi. İçəribazar XIX əsrin sonları XX əsrin əvvəllərindən yaşayış yeri, mədəni əyləncələr, xalq yaradıcılığının və milli bayramların keçirilməsi yeri kimi də öz funksiyasını davam etdirdi.
Ancaq son illərin bərpa işləri İçəribazarı daha cazibədar görkəmə gətirərək görənləri heyran etməkdədir. Buradakı küçə və meydanlar, tikililər, digər qurğular, kiçik konsert və tamaşalar üçün qurulmuş amfiteatr ilkin görkəmləri saxlanılmaqla böyük zövq və istəklə yenidən qurulmuş və genişləndirilmişdir. Rayon rəhbərliyi İçəribazarın daha mükəmməl formalaşması, tariximizin bir parçasını yaşatması üçün bütün vasitələrdən istifadə edir. Özü də hər dəfə sakinlərlə, ziyalılarla məsləhətləşmə, gözəl təşəbbüslərə hörmətlə yanaşma şəraitində. Bu səbəbdəndir ki, Qaxda təməli qoyulan və davam etdirilən hər hansı bir iş və tədbir uğurla başa çatdırılır.

Məzahir ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ