adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Dekabr 2014 12:59
4303
SAĞLAMLIQ
A- A+

İş başındakılar, çay fasiləsinə!

Çayın bir çox müalicəvi xüsusiyyətlərini bilirdik. Amma araşdırmalar çayın daha bir qabiliyyətini üzə çıxırıb. Adalet.az xarici mətbuata istinadən məlumat verir ki, gərgin iş arasında çay fasiləsi verən işçilərin daha həvəslə iş başına qayıtdığı məlum olub. Bundan başqa gördükləri işdə də keyfiyyət əvvəlkindən yüksək olur, çətin hallarda daha asan həll yolu tapırlar. 


Hollandiyada 150 işçinin iştirakı ilə aparılan yeni araşdırma çay fasiləsini "zaman itkisi” adlandıranları susdurub. Əksinə, bu itkinin keyfiyyət qazandırdığı üzə çıxıb. Elm adamları bunu çayın tərkibində kafein və tein madələrinin çoxluğu ilə əlaqələndirir. Bundan başqa çox çay içənlərdə stress hormonu kortizolun daha az olduğu, çayın infarkt və diabet riskini azaltdığı da müəyyənləşib.


Bu arada, alimlərin araşdırmasını da  "Beynəlxalq çay günü"nə hədiyyə hesab etmək olar. Belə ki, yeni bayramlardan olan "Beynəlxalq çay günü" hər il dekabrın 15-də qeyd olunur. Çay günü bayram olaraq 2004-cü ildə Hindistanın Mumbay şəhərində və 2005-ci ildə Braziliyanın Portu-Aleqri şəhərində keçirilən ümumdünya ictimai forumlarından sonra keçirilməyə başlayıb.

Xatırladaq ki, bu bitkinin vətəni Çin hesab olunur. Çayla bağlı ilk qeydlərə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir.

Çay dünyada ən çox içilən içkilər siyahısında, sudan sonra ikincidir. Qədimdə Şərq aləmində bu bitkini içki kimi deyil, dərman kimi istifadə ediblər, o vaxtdan bəri dünyanın aparıcı tədqiqatçıları bu maraqlı bitki üzərində elmi araşdırmalar aparırlar.

Çayın hansı regionda yetişdirilməsinin onun keyfiyyətinə və xassəsinə təsiri böyükdü. İki əsas çay növü var: Çin çayı və Hindistan-Seylon çayı. Çin çayının daha incə təravəti olur. Dəmlənmiş çayın rəngi açıq sarıya çalır. Lənkəran çayı da Çin növlü sayılır.