adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Çoban gördü ki, vəziyyət qəlizdi...

SAMİRƏ ƏŞRƏF
31884 | 2014-12-16 08:37
Ömrümdə cəmi bir dəfə ölkənin sərhəddindən kənara çıxmışam, o da tibbi məsələlərlə bağlı olub. Vətəndən iki aylıq aralı düşüb yaşadığım şəhər indi həngamələr oylağı olan Ukrayna olub. Ölkənin paytaxtında qaldığım müddətcə məni nə oranın insanlarının xarakteri, nə şəhərin təmizliyi qane etməyib. Bircə məsələdən başqa. Şəhər həqiqətən də yaşıllığı bol olan ölkədi. Üstəlik camaat da həmin yaşıllığın qədrini bilib təbiətdən imkanları olduqları qədər yararlanmağa çalışırlar. Mən kirayə qaldığım evin yaxınlığında bir park var idi. Həmin parkın adını eşitsəm də özünü görməmişdim. Bizim mənzilin sahibəsi yetmiş yaşlı qadın idi. Hər gün səhər tezdən qalxıb yaxşıca yuyunurdu. Sonra rəngbərəng pariklərindən birini başına keçirib axşamdan hazırladığı bir çanta yemək-içməklə yollanırdı həmin parka. Onun yol-yoldaşı isə təqaüdə çıxmış sevgilisi və qapı qonşusu cavan bir gəlin idi. Gəlin az yaşlı uşağını hər gün səhər çağı parka aparıb, gündüzlər qayıdardı. Evinin işini görüb bir az istirahət etdikdən sonra günbatana yaxın yenidən parka yollanırdı.
Bir gün nəhayət mən də birtəhər iki yüz metr addımlığımızda olan parka getmək arzusuna düşdüm. Park dedikləri yer hər tərəfi kiçik təpəliklərə əhatə olunmuş böyük bir ormandan ibarət idi. Ətraf bütünlüklə yaşıllığa qərq olunmuşdu. Hər tərəfdə uzun illər əvvəl əkilmiş alça, alma ağacları vardı.
Yaşından, kimliyindən asılı olmayaraq insanlar çəmənliyin üzərində uzanıb istirahətlərini edirdilər. Sözün açığı mən təbiətlə çox gec təmasa girdiyim üçün bu mənzərədən heç nə baş açmadım. İndinin özündə də təbiəti duya bilmək üçün mənə maksimum sakitlik və bir az zaman lazımdır.
Həmin vaxtı da insanların səs-küyü, qarışıqlığı imkan vermədi ki, mən ətrafı hiss edim. İyun ayının sonları olduğundan bir çox ağaclar artıq bar vermişdi. Ən maraqlısı isə ora yığışan insanlardan heç birinin həmin ağacların meyvələrinə toxunmaması idi.
Vədə tamam olduqdan sonra mən həsrətini çəkdiyim vətənə geri dönürdüm. Təyyarəyə minərkən xüsusi bir istəklə illüminatora yaxın əyləşdim. Ətrafımda olan hər kəsdən də xahiş elədim ki, birdən yatıb eləsəm, vətənə çatana yaxın məni silkələyib oyatsınlar. Çox istəyirdim ki, dənizimizin mavi sularını Bakı üzərindəki səmadan seyr edim.
Allaha şükür də heç yatıb eləmədim. Bir də baxdım ki, budur ayaqlarımızın altında nəhnəg neft buruqları nəzərə çarpır, dalğalar yırğalanır. Həmin günü hava çox bürkülü və küləkli idi. Ona görə də dənizin suyu mənə şəkillərdəki kimi mavi yox, bomboz göründü. Amma əsl bozluğu mən təyyarə quruya keçəndə görüb dəhşətə gəldim. Hər tərəf boş düzənliklərlə əhatə olunmuşdu. Gözümə bircə dənə də olsun yaşıllıq, kol-kos dəymədi ki, dəymədi. Səmimiliyimin bütün gücünü ortaya qoyub qeyd edə bilərəm ki, yerdən göyə uzanan həmin görüntü o qədər sarsıtmışdı ki, mən gördüyüm bozluğu uzun müddət unutmadım. Qarşıma çıxan insanlara xeyli vaxt bu barədə gileyləndim.
Ancaq bir müddət sonra insanlarımızın təbiətə olan vəhşi münasibətini görüb başa düşdüm ki, təbiəti anlamaq, yaşıllığın qədrini bilmək üçün insanda çox güclü hissiyyat və zövq formlaşmalıdı.
Biz nəinki parkdakı, meşədəki, dağlardakı yaşıllığın qədrini bilmirik, üstəlik onu məhv etməkdən də çəkinmirik. Pisdən, yaxşıdan bir mazutlu dənizimiz var. Hər yay böyüklü-kiçikli camaatın axışdığı bu məkan əsl mikrob və xəstəliklər məkanına çevrilir. Çünki insanlarımız istirahətin, sağlam yaşamağın nə olduğunu bilmirlər. Onlar üçün istirahət ancaq və ancaq dörd divardan ibarət evləridi. Əgər kimsə həmin dörd divardan kənara bir addım atırsa, onun üçün təmizlik, yaşıllıq, qayda-qanun anlayışı tamamilə yox olur. İnsanlar elə bilirlər ki, evlərinin kandarından aralı çıxırlarsa, deməli, hər şey əzilməli, dağıdılmalı və məhv edilməlidir.
Bizim ev dənizə bir az yaxın olduğundan orda xeyli istirahət və əyləncə mərkəzləri salınıb. Bir neçə şadlıq sarayı rəhbərləri özlərini məhz həmin əraziyə verib xeyli pul qazanırlar. Şadlıq sarayı rəhbərliyin öz evi hesab olunduğundan onun ətrafında da xeyli abadlıq və yaşıllıq işləri görülüb. Şam ağacları, rəngbərəng güllər, çiçəklər şadlıq sarayının ətrafını gözəlliyə qərq edib.
Bir dəfə isə çox maraqlı bir mənzərənin şahidi oldum. Səhər-səhər bir az gəzmək üçün dəniz kənarına çıxmışdım. Gördüm məşhur şadlıq sarayının yaxınlığında bir dəstə qoyun üzü mənə tərəf istiqamət alıb. Qoyunları otaran çobanın yeridiyi yerdə qarşısına kimsə çıxdı. Çoban da ayaq saxlayıb onunla bir az söhbət etməli oldu. Elə bu dəngdə qoyunlar şadlıq sarayının həyətinə doluşub şam, küknar ağaclarının, qızılgül kollarının canına alışdılar. Beş dəqiqəlik söhbətdən sonra çoban gözün açınca, gözü elə kəlləsinə çıxdı. Qoyunlar şadlıq sarayının həyətinə bir divan tutmuşdular ki, dillə deyiləsi deyildi. Sarayın keşikçləri, xidmətçiləri həyətə tökülüşüb hay-həşir saldılar. Çoban gördü ki, vəziyyət gəlizdi, tez bazar qoyunlarını da götürüb məkandan əkildi. Şadlıq evinin bağ-bağatını bir oturuma yeyib qarınlarını bərkitmiş qoyunlar mənim yanımdan keçərkən gördüm bir dəstə kişi ciyinlərində bel, yaba parkın kənarlarına yenicə pöhrələnmiş şam ağacları əkirlər. İstədim deyəm ki, ay yoldaşlar, əlinizə qolunuza əziyyət verməyin, onsuz da o ağaclara heç kim qulluq edib, böyüməsinə münbit şərait yaratmayacaq. Sonra vaz keçdim. Fikirləşdim ki, bəd ayaqda yaşıllıq tapmayan qoyunlar ac qalmayaq.

TƏQVİM / ARXİV