adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BİR DİKTATORUN QORXULU NAĞILI

BABƏK YUSİFOĞLU
49744 | 2014-12-16 01:21
Həyatda elə şeylər var ki, onlar haqqında daha çox bəhs edilir...

Elə Azadlıq və ya mütilik, qorxaqlıq haqqında da çox yazılıb, ən müxtəlif fikirlər söylənib, fərqli dəyərləndirilmələr aparılıb. Və insan övladı Yer üzərində yaşadığı müddətdə bunlardan yenə bəhs ediləcək, danışılacaq. Çünki o da Xeyirlə Şərin mübarizəsi tək tükənməzdir. Əslində bu mövzuya yanaşmaların hər birinə öz pəncərəsindən baxıldığı zaman qüsursuz görünür...
İnsan və Azadlıq...

Mənə görə normal düşüncəyə malik İnsan nə qədər ki, içindəki qorxu səddini aşmayıb, o azad deyil, ola da bilməz. Azadlıq qorxunu üstələdikdən sonra başlayır. Əlbəttə ki, insani dəyərlərdən uzaq düşməməklə. Çünki söhbət məhz İnsanın Azadlığından gedir... Elə hansısa hakimiyyətdə olan diktatorlar, tiranlar əldə etdikləri yüksək məqamı sürdürmək üçün ilk növbədə cəmiyyədəki qorxu hissini genişləndirməyə, inkişaf etdirməyə çalışırlar. Onlardan hər biri çox yaxşı bilir ki, içindəki qorxunu üstələyənlər mütləq Azadlığın nəfərinə çevriləcəklər. Və bu proses onların sonunu gətirəcəkdir...

Ruhən azad İnsanı öldürmək olar, amma məğlub etmək olmaz... Və min illərdi diktatorlar, rejim sahibləri həmin insanları işkəncələrə məruz qoysalar da, həyatlarını əllərindən alsalar da məğlub etməyi bacarmayıblar. Yəqin ki, heç vaxt buna nail ola da bilməyəcəklər. Çünki Allah-Təala insan övladını faülü-muxtar yaratdı...

Bəşəriyyət nə tiranlar görmədi ki?.. Fironlardan, Neronlardan tutmuş Stalinlərədək, Mao Tse Dunlaradək, Hitlerlərədək... Elə lap sonunculardan biri Çauşeskuyadək...
Kimsə elə zənn etməsin ki, Nikolae Çauşesku digər həmkarları qədər məşhur olmadığı üçün onlardan daha az diktator idi. Əsla. O da cəmiyyətdəki xofu var gücüylə böyütmək üçün var gücüylə çalışmışdı. Amma... 

(Əvvəli qəzetin 09 dekabr sayında)

Ölkədə kommunistlərin önü açılandan sonra Nikolae müəyyən dairələrdə öz keçmişinin siyasi reklamını apararq ətrafda şəxsiyyəti haqqında rəy formalaşdırmağa, fəaliyyətini göz önünə çəkməyə başladı. Bu ona vacib idi və belə demək mümkünsə, bu da onda pis alınmırdı. Nikolae Çauşeskunun elə dərin savadı, elmi potensialı olmasa da deyilən bu məsələdə onun işinə yarayan ən önəmli iki faktor vardı. Birincisi: dəfələrlə həbsə atıldığı üçün orada dostlaşdığı çoxlu sayda nüfuzlu kommunistlərin köməyi, ikincisi isə bu illər ərzində keçdiyi həyat təcrübəsi onun ən yaxın dəstəkçisi olmuşdu. Kommunistlərin ənənəvi düşüncə tərzini çox gözəl anladığından Çauşesku bilirdi ki, azacıq səbirlə indiki kimi çalışması onu çox yüksəklərə daşıyacaq. Elə bioqrafiyası da tam istəklərinə uyğun idi...


                                              ƏN "QƏRİBƏ" GENERAL 

Çox keçmədi ki, onun düşündükləri özünü doğrultmğa başladı. 1945-ci ildə Onu Rumıniya Kommunist Partiyası Mərkəzi Komitəsi (RKP MK) üzvlüyünə namizəd, üç ildən sonra isə üzv seçdilər. Bu, kənddən çıxmış adi bir gənc üçün çox yüksək, özü də çox yüksək bir pilləydi. Amma sən demə, bütün bunlar heç də son deyilmiş.

1948-ci ildə Nikolae Petr Qroza hökumətinin tərkibində kənd təsərrüfatı naziri vəzifəsinə gətirildi. Və onun xarakterindəki hegomonluq məhz bu zamandan özünü göstərməyə başladı. Tarixçilər çox yaxşı xatırlayırlar, Rumıniyadakı kəndlərdə kollektivləşmə çox sərt şəkildə məhz onun nazir olduğu dövrlərdə həyata keçirilir və yerlərdə insanlar hər addımbaşı ciddi cəzalara məruz qalırdılar. Hökumətdən narazılıq edən kəndlilər həbslərə, sürgünlərə göndərilir, bir sıra hallardasa kütləvi şəkildə güllələnirdilər. Necə olursa-olsun hamı hər şeyi var gücüylə tərifləməliydi. Çauşeskuya heç bir halda narazı adam lazım deyildi. 

Əlbəttə, kim inanardı ki, yoxsulluq içərisində böyüyən, çox çətinliklə özünə çörəkpulu qazanan birisi bu şəkildə amansızlaşa bilmişdi. Görəsən bunlar nəyin və kimin intiqamıydı?.. Əslində o, bu vəzifədə uzun müddət çalışmadı. Təxminən üç ildən sonra, yəni 1950-ci ildə Nikolae qəribə şəkildə hökumətin çox yüksək postuna irəli çəkildi. Belə ki, heç bir hərbi savadı, təcrübəsi və rütbəsi, olmadığı, hətta ordu sıralarında xidmət belə keçmədiyi halda Nikolae Çauşeskuya briqada generalı rütbəsi verilərək onu silahlı qüvvələrin siyasi idarəsinin rəisi, həmçinin müdafiə nazirinin müavini təyin etdilər. 
Bəli, kommunistlər üçün hər hansı bir sahənin peşəkarlığından öncə siyasi əqidəsinin münasib olması önəmli idi. Bəlkə də hakimiyyətin başçısı belə bir amansız xarakterli şəxsin orduda da çox "gözəl" "islahatlar" apara biləcəyinə inandığı üçün belə addımı atmışdı...

                                        "BİRİNCİLƏR QRUPU"NDA...

Çauşesku bu vəzifədə 5 ilə yaxın işləsə də həmin dövrdə yuxarı dairələrdə özünə daha çox tərəfdar tapmağı bacarmışdı. Əgər belə olmasaydı çox yəqin ki, digər kommunist bosları tərəfindən hakimiyyət yolundakı irəliləyişi durdurulardı. Bioqraflar yazır ki, əslində həmin dövrlərdən başlayaraq Çauşesku iqtidarda, partiya strukturlarında elə bir karyeraya sahiblənmişdi ki, o, qeyri-rəsmi olaraq ölkənin ikinci şəxsinə çevrilmişdi. 1954-cü ildə isə Nikolae Çauşesku ölkənin "birinciləri qrupu"na daxil olmaqla, yəni RKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, bir il sonra isə üzvü seçilməklə karyerasında çox önəmli sıçrayışını bacardı. 

Kommunist rejimlərdə Siyasi Büronun üzvləri həm də ayrı-ayrılıqda ölkənin müəyyən sahələrinə nəzarəti həyata keçirirdilər. Siyasi oyunlarda artıq bir ustaya çevirilmiş Çauşesku bir sıra vacib sahələri öz nəzarəti altına keçirə bildi: partiya strukturlarının idarəçiliyini və kadrların fəaliyyətinə nəzarəti. Belə bir vəziyyət onun işinə çox yarayırdı. Çünki həmkarları onun diqqətini və müsbət rəyini qazanmaq üçün çox səy göstərməyə məcbur qalmışdılar. Kimsə onun istəklərinə qarşı açıq etirazda bulunmaq istəmirdi. 

Lakin hadisələrin gedişatı göstərirdi ki, keçmişin çəkməçisi heç də əlindəki hakimiyyət rıçaqlaryla kifayətlənməyəcək. Bir qədərdən sonra Rumıniyanın xüsusi xidmət orqanlarının nəzarəti də Çauşeskuya həvalə edildiyindən hakimiyyətdəkilərin hamısı ondan çəkinməyə başladılar. Çünki istənilən şəxsin müqəddəratı birbaşa onun əlinə keçmişdi. Və Çauşesku həmin imkanlardan yaralanaraq "birinci kreslo"ya doğru yolda əngəl kimi görünən hər kəsi təmizləməyə girişdi. 
Təsəvvür edin ki, partiyanın inanılmış, nəhəng fiqurlarından biri sayılan, hətta ədliyyə naziri olan Lukretsiu Petreşkanuya keçmiş dostu Qeorqe-Dejun dəstəyi ilə ölümcül zərbə vurdu. İllərini Kommunist hərəkata vermiş bir adam dövlətə xəyanətdə ittiham olunurdu. Maraqlıdır, Çauşesku hansı qənətlərə görəsə hakimiyyətə gəldikdən sonra keçmiş siyasi qurbanlarına köməkliklər göstərərdi. Petreşkanu da belələrindən biri idi. Çauşesku ölkə rəhbərinə çevriləndən sonra ona bəraət verildi... 

                                HAKİMİYYƏT QURBANLAR TƏLƏB EDİR?

Bu illər ərzində onun şəxsi həyatında da müəyyən dəyişikliklər olmuşdu. Yelena ilə onun üç övladı dünyaya gəlmişdi. Valentin adlı oğlu sonralar atom fizikası üzrə təhsil alsa da uzun illər Rumıniya futbol klubu "Styaua"ya şeflik etmişdi. Ondan bir il sonra - 1949-cu ildə qızı Zoya andan olmuşdu. İxtisasca riyaziyyatçıydı. Sonuncu övladı Niku isə fizik idi. Bioqraflar yazırlar ki, bütün hakimiyyət keşməkeşlərində onun yanında olan arvadı daim dövlət işlərinə də müdaxilə etmiş, Çauşeskunun müəyyən qərarlar qəbul etməsinə təsir göstərə bilmişdir. 

Artıq hamı 1956-cı ildə general-leytenant rütbəsiylə Rumıniya silahlı qüvvələri Ali Siyasi İdarəsinin rəisi vəzifəsinə gətirilən Nikolae Çauşeskunun necə amansız addımlar ata biləcəyinin şahidinə çevrildi. Belə ki, həmin vəzifəyə gəldikdən bir müddət sonra Vadu Roşka kəndində başlayan etiraz dalğalarını xüsusi amansızlıqla yatırdan Nikolae Çauşesku sanki hər kəsə "ağlını başına yığ" mesajını verdi. Amma bununla da kifayətlənməyən Nikolae bundan sonra ola biləcək hər hansı bir bənzər olayları önləmək məqsədiylə xüsusi qərarlar qəbul etdi. 

Tarixçilərin təqdim etdiyi bioqrafiyasında onun sonrakı karyerası daha sanballı, daha görkəmli yeniliklərə zəngindir. Və onlar sadalandıqca insan heyrətlənməyə bilmir.
1965-ci ilin martında RKP MK-nın birinci katibi, bundan dörd ay sonra RKP MK-nin Baş katibi oldu. 1967-ci ildə isə dövlət şurasının sədri Stoykunu vəzifəsindən kənarlaşdıraraq onun yerini tutdu. Bundan sonra isə Çauşesku hakimiyyətdə ona rəqib ola biləcək keçmiş silahdaşlarına belə aman vermədi. İşdən uzaqlaşdırılmalar, həbslərə atılmalar... O zamanlar hətta iqtidardakı sirli "intiharlar", "bədbəxt" hadisələr də artmağa başlamışdı. Belə demək mümkünsə, həm ölkədə, həm də hakimiyyətin daxilində bir kabus dolaşmaqdaydı. Kimsə onun qəzəbindən sığortalanmamışdı... 

(Ardı qəzetin 23 dekabr sayında)

babekyusifoglu.blogspot.com



TƏQVİM / ARXİV