adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Dekabr 2014 13:50
30985
MÜSAHİBƏ
A- A+

“Dövlətin dəstəyini hər zaman hiss edirik”

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili  Novruz Aslanovun Adalet.az-a müsahibəsi.

-Novruz müəllim, rəhbərlik etdiyiniz Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti barədə məlumat verməyinizi istərdik.

-1920-ci ilin martın 10-da hərbiyyə naziri əvəzi olan, general-leytenant Əliağa Şıxlinski tərəfindən hökumətə müraciət olundu. Bu müraciət əsasında Qızıl Aypara Cəmiyyətinə müvafiq maddi vəsaitin ayrılmasına razılıq verildi. Cəmiyyətin yaradılmasında məqsəd müharibə şəraitində vətənin hərbi idarəsinə yardım etmək  və xalq kütlələrinin böyük köməyinə ümid bəsləyərək xalqın başına gələn qəzavü-qədərdə zərər çəkən ölkə əhalisinə dəstək verməkdən ibarət idi. Cümhuriyyətin süqutundan sonra Cəmiyyətin balansında olan əmlakı dövlətin hesabına verildi. Ancaq mən deyərdim ki, cəmiyyətin ən parlaq fəaliyyəti, keçdiyi tarixi yol məhz bu illərdən özünü göstərir. O zaman Cəmiyyətin klinikaları, qan donorları var idi. Maddi texniki baza daha da möhkəmləndirilmişdi. Yaradılan bu imkanlar ikinci dünya müharibəsi zamanı Cəmiyyətin daha aktiv fəaliyyət göstərməsini şərtləndirirdi.  Tarixi şərait elə gətirdi ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini qazandı. Müstəqilliyimizin ilk illərində Cəmiyyətin fəaliyyətində bir sıra problemlər ortaya çıxdı. Aydın məsələdir ki, maddi-texniki baza çatışmazlığı vardı. Eyni zamanda bütün əlaqələr kəsilmişdi, müharibə şəraitində idik. Cəmiyyətin könüllüləri bu işə səfərbər olmuşdular. Qaçqın düşərgəsində soydaşlarımıza hər cür tibbi yardım göstərilirdi. Sonradan illlər ötdükcə Cəmiyyət beynəlxalq əlaqələrini daha da mömkəmləndirdi. Beynəlxalq Qızıl Xaç Komitəsi,  Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası ilə uğurlu əməkdaşlıq formalaşdırıldı. Məhz bunun nəticəsində Qarabağ müharibəsi zamanı ölkəmizə bir sıra humanitar yardımlar oldu ki, biz də bu yardımların yerlərdə paylanması, vətəndaşlara pulsuz tibbi xidmət göstərilməsini həyata keçirirdik.  

Sonrakı illərdə dövlətin Azərbaycan Qızıl Aypara Cəmiyyətinə olan diqqətini daha açıq şəkildə hiss etməyə başladıq. O zaman ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə qərar qəbul olundu. Bundan sonra  prezident İlham Əliyev tərəfindən imzalanan xüsusi sərəncamlar bir daha onu göstərir ki, Azərbaycan dövləti Qızıl Aypara Cəmiyyətinə hər zaman diqqətlə yanaşır. Onu da diqqətinizə çatdırım ki, cənab İlham Əliyev bizim Cəmiyyətin fəxri üzvüdür.

-Novruz müəllim,  işinizin onurğa sütununu könüllülər təşkil edir. İndiki şəraitdə könüllülərin Cəmiyyətə cəlb olunması yönündə hansı problemlə üzləşirsiniz? 

- Hazırda üç  yüz minə yaxın üzvlərimiz , iyirmi minə yaxın könüllülərimiz var. Onlardan yarısı aktiv könüllülərdir. 7 regional mərkəzimiz , 83 rayon bölməmiz fəaliyyət göstərir. Hər bir rayon bölməmiz yüksək səviyyədə inkişaf edib. Könüllülərin prosesə cəlb olunması yönündə heç bir çətinliyimiz yoxdur. Mən deyərdim  ki, Cəmiyyət öz könüllüləri ilə fəxr edir. Onu da qeyd etmək istərdim ki, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti MDB məkanında  ən güclü milli cəmiyyətlərdəndir. Hətta inkişaf etmiş hesab olunan Rusiya, Ukrayna, Belorus kimi hələ mən Ermənistanı demirəm – ölkələri belə geridə qoyur. Onlar beynəlxalq donorlardan asılı vəziyyətdə olan bir quruma çevriliblər. Ancaq biz beynəlxalq donorlardan asılı deyilik. Öz layihələrimizi özümüz həyata keçiririk. Bu da ondan irəli gəlir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısı böyükdür. Dövlət tərəfindən Cəmiyyətə müvafiq vəsait ayrılır. Bu vəsaiti  işçilərin əmək haqqlarının ödənilməsinə yönəldirik. İanələrdən əldə olunan vəsaitlər isə müvafiq proqramların icrasına sərf olunur.  Bu isə bizim fedarasiya qarşısında nümunəvi təşəbbüslərlə çıxış etməmizə imkan yaradır. 

-Bir sıra nazirliklə sıx əməkdaşlıq edirsiniz....

- Bəli. Bu gün biz ölkədə fəaliyyət göstərən nazirliklərlə sıx əməkdaşlıq edirik. Bu yöndə ilk əməkdaşlq memorandumu fövqəladə hallar naziri Kəmallədin Heydərovla imzalamışıq. Bundan başqa Səhiyyə Nazirliyi, bu yaxınlarda təhsil naziri Mikayıl Cabbarovla da əməkdaşlıqla bağlı  memorandum imzalanıb. O cümlədən, ANAMA, Dövlət Miqrasiya Xidməti ilə də bu yöndə sənədlər imzalanıb.  Yeni əməkdaşlıq memorandumunun Müdafiə Nazirliyi ilə imzalanması gözlənilir. Bu istiqamətdə iş gedir. Bugünkü gündə əsgərlərin lazımi beynəlxalq aktlar  barədə məlumatlandırılmasına ciddi ehtiyac var. Onlara Cenevrə Konvensiyaları barəsində məlumat verilməsi planlaşdırılıb. Əsgər əsir götürülsə belə öz hüquqlarını bilməlidir. Bilməlidir ki, onun hüquqları Cenevrə Konvensiyalarına uyğun qorunur və o, Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edə bilər. Yaralılara tibbi xidmətin, xüsusilə ilk yardımın göstərilməsi barədə praktiki kursların keçirilməsi nəzərdə tutulur. 

-Novruz müəllim, bu kimi cəmiyyətlərdə ən ciddi məsələ şəffaflığın qorunmasıdır. Azərbaycan Qızıl Aypara Cəmiyyətində şəffaflıq hansı səviyyədə qorunur?

 - Cəmiyyətdə şəffaflığın tam təmin olunması üçün mənim imzaladığım əmrlə açıq mühasibatlq sisteminə keçmişik. Yəni, istənilən şəxs Cəmiyyətə daxil olub, mühasibatlıqla bağlı istənilən sənədi əldə edə bilər. Burada onun üçün heç bir problem yaradılmır. Qaldı məsələnin digər tərəfinə. Cəmiyyətin gəlirləri arasında ianələr, üzvlük haqlarının müəyyən çəkisi var. Üzvlük haqları demək olar ki, çox kiçik məbləğ təşkil edir. Hər bir üzvümüz üçün ayda cəmi 18 qəpik. Bəzən olur ki, biz o vəsaitin cəmi 40 faizini yığa bilirik. Xərclərimiz isə çoxdur. Ancaq bütün bunlara baxmayaraq, çox güclü işçi heyətimiz var. Gücümüz isə bizim könüllülərimizdədir.

Bu gün Bakı şəhərində 7 minə yaxın xroniki xəstəliklərdən əziyyət çəkən insanlar var. Bizim könüllülərimiz  o xəstələrə sosial-tibbi köməklik göstərməklə yanaşı bəzi hallarda onların evlərini də təmizləyirlər. Bir vaxtlar bu işləri görmək üçün müəyyən vəsait ayrılırdı. Biz işimizi yüksək səviyyədə təşkil edirdik. İndi o vəsait dayanıb deyə bu bizim işin keyfiyyətinə müəyyən təsir göstərib. Deyək ki, bir vaxtlar biz o xəstələrə müntəzəm dəstək olurduqsa, indi ayda iki dəfə bunu edirik.

-Həyata keçirdiyiniz beynəlxalq kampaniyalarda şəffaflıq hansı səviyyədə qorunur?

 - MDB məkanında biz yeganə cəmiyyətik ki, donor təşkilatıq.  Biz hər zaman sıx əməkdaşlıq etdiyimiz Türkiyə, İran milli cəmiyyətlərinə yardım etmişik. Bundan başqa Somaliyə, Ukraynaya, Suriyaya dəstək göstərmişik. Bu işlər tam şəffaf şəkildə həyata keçirilir. Cenevrədən tutmuş ta dünyanın istənilən nöqtəsində olanlar bizim həyata keçirdiyimiz kampaniya barəsində rəsmi internet səhifəmizə daxil olaraq məlumat almaq imkanlarına malikdirlər. Kimin bu kampaniyaya nə qədər vəsait köçürmələri barəsində səhifəmizdə dərhal məlumat verilir. Tam səmimi deyirəm ki, bir sıra hallarda biz həyata keçirdiyimiz kampaniyalardan özümüz üçün vəsait saxlamırıq. Adətən bu işi həyata keçirən zaman 20 faiz təşkilati işlər üçün saxlanılır. Biz bunu etmirik. Sadəcə olaraq, köçürmələr zamanı banklar müəyyən xidmət faizi tuturlar. Onlarla da danışıqlar apardıq bizə cavabları bu oldu ki, bunlar kommersiya məsələləri olduğu üçün bu faiz tutulur. Nəzərinizə bir məsələni çatdırım ki, bizim həyata keçirdiyimiz kampaniyalarda millət vəkilləri daha aktiv iştirak edirlər.