adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Dekabr 2014 22:34
4858
SİYASƏT
A- A+

Avropa Birliyi Azərbaycana ümid edir

"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayır. Azərbaycan bizi energetika kollapsından xilas edəcək”.

 

Bu sözləri Avropa Komissiyasının Ticarət üzrə Baş müdiriyyətinin bölmə rəhbəri Lyuk Devin Avropa Parlamentində Gənc Liderlərin Forumunda çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Avropa üçün həm mineral yanacağın istehsalçısı, həm də mineral yanacağın çatdırılması üçün tranzit ölkə kimi strateji əhəmiyyət daşıyır.

 

"Azərbaycan Avropanın əhəmiyyətli ticarət partnyorudur. Tərəflər arasında ticarət dövriyyəsi 17 milyard dollar təşkil edir. Azərbaycan Avropaya ixrac etdiyi əsas məhsul mineral yanacaqdır. Azərbaycanın Avropaya ixracın etdiyi mineral yanacaq ümumi ixracın 90 faizindən çoxunu təşkil edir”, - Lyuk Devin deyib.

 

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmadığını deyən avropalı rəsmi bununla belə Azərbaycanın təşkilata daxil olmayan başqa ölkələrdən fərqli olaraq sahib olduğu zəngin resurslar sayəsində iqtisadi sahədə kifayət qədər müvəffəqiyyət qazandığını dilə gətirib: "Azərbaycanda iqtisadiyyatın diversifikasiyası və yeni investisiyaların cəlb edilməsi üçün biznes-mühitin yaxşılaşması istiqamətində iş davam edir. Azərbaycan qazına bu gün Avropa Birliyi üçün prioritet olan "Cənub qaz dəhlizi” layihəsi üçün əsas mənbə kimi baxılır. Bu layihə Avropa Birliyini enerji marşrutları və qazın çatdırılması mənbələrini diversifikasiya etməyə imkan verəcək”.

 

Forum çərçivəsində İtaliya nümayəndəsi Karlo Romeo ölkəsinin energetika siyasətindən danışıb. O, qeyd edib ki, Azərbaycan qazının Avropaya nəql edilməsi üçün nəzərdə tutulmuş "Cənub qaz dəhlizi” İtaliya üçün xüsusi əhəmiyyət daşıyır.