adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

SÖZÜ TARA VERİN...

VAQİF YUSİFLİ
52592 | 2014-12-13 01:47





Artıq 85 yaşına yol alan, amma poeziyasında heç vaxt cavanlıq təravətini itirməyən, hər yeni şeirlər silsiləsi və poemaları ilə oxucularını sevindirən Xalq şairi Nəriman Həsənzadə "Sözü tara verin..." poeması ilə görüşümüzə gəlib. Bu görüş bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi; Nəriman Həsənzadənin bütün poeziyasına xas olan milli-mənəvi dəyərlərin poeziya dili ilə təbliğ olunması. İkincisi; Tarixlə müasirlik arasında mənəvi körpülərin qırılmazlığına inam hissinin təlqin olunması. Üçüncüsü; Müşfiq və Tar obrazları vasitəsilə musiqimizin, muğam sənətimizin əbədiyaşarlılığının bədii təsdiqi. Dördüncüsü; Azərbaycan muğamının bu gün dünya dinləyicilərini fəth etməsindən doğan qürur hissinin poetik təcəssümü.
Nəriman Həsənzadənin poeziyasında milli-mənəvi dəyərlərin təbliği onun ilk şeirlərindən başlanır və bu günə qədər davam edir. Doğulduğu Poylu kəndinin gözəllikləri, ana Kür, müqəddəs Ana obrazı, tarixin yaddaşından silinməyən qəhrəmanlar, dahi şairlər-ölməz söz ustadları, xalqımızın əsrlərdən-əsrlərə keçib gələn adət-ənənələri, müdrik qocalar-ağbirçək analar onun poeziyasının ana xəttini təşkil edirlər. Şairin "Poylu-beşiyim mənim" poeması və "Nabat xalanın çörəyi" povesti bu mənada çox dəyərli əsərlərdir. "Nəğmə" şeiri isə şairin milli mənəviyyatımızın, tariximizin, dilimizin münəddəsliyini ifadə edən poetik manifestdir, - desək, səhv etmərik.

Axdı sellər kimi min oğul qanı,
qırmızı don geydi üfüqdə səhər.
Yazıldı tarixə Babək üsyanı,
qırılan biz olduq,
qalan-özgələr.

Yaratdıq ərəbin, farsın dilində,
Düşdük kitablara kimin adıyla?
Xaqani doğuldu Şirvan elində,
Nizami parladıcı istedadıyla.

Dil xalqın verdiyi ən böyük əsər,
onun qoynu isti, qanı təmizdi.
Adicə "vurğular", ya "işarələr"
minillik mənəvi sərvətimizdi.
Bu dildə nə xoşdu nəğmə oxumaq,
sevmək, kürsülərdən nitq eləmək də.
Adi salam vermək, ya salam almaq,
ülfətə çağırır dil də, ürək də.

Nəriman Həsənzadə tarixi mövzuda da bədii əsərlər yazıb. Bu əsərlərdə tarixlə bu gün, dünənlə çağdaş dövrümüz arasında mənəvi birlik, qırılmaz əlaqə həmişə ön planda durur. Məsələn, onun "Qaçaq Kərəm" poemasında nəsillərə örnək olan, el-oba təəssübkeşi kimi yaddaşlarda iz salan bir şəxsiyyətin obrazı yaradılmışdır.

Haqq yolunda yola çıxan haqq-ədalət adamıydı,
Salam verib əl tutana salamı dost salamıydı.
Namus Kərəm namusuydu, kəlam Kərəm kəlamıydı,
Nəmər kimi aparırdı hər məclisə Qaçaq Kərəm.

Kərəm deyir bu yerlərin indisi də, sonrası da,
Kərəm yatan beşik varsa, durur Kərəm laylası da.
Sahillərə güzgü tutur Dəli Kürün aynası da:
Kimdir indi içinizdən çıxsın üzə, Qaçaq Kərəm?!

Hər ana bir Kərəm doğsa, kərəmləşər Azərbaycan!
Kərəmləri çağıraram cərgəmizə, Qaçaq Kərəm!

Keçən əsrin otuzuncu illərində klassik ədəbiyyatımıza-Nizamiyə, Füzuliyə, Vaqifə, Axundova, Hüseyn Cavidə, muğam sənətimizə-tara qarşı bolşevik və "proletkult" hücumu başlanmışdı. Hətta o dövrün tanınmış bir tənqidçisi və şairi yazmışdı ki: "Biz üzümüzü Nizamilərə, Füzulilərə, Axundovlara, Cavidlər deyil, Verxarnlara, Uitmenlərə, Cül Vernlərə tutmalıyıq".
Hətta o dövrün (sonrakı dövrlərin də!) tanınmış bir şairi Tarın əleyhinə yazmışdı ki:

Kəs səsini, ötmə tar,
Ötmə dedim ötmə tar,
İstəməyir proletar
Səndə çalınsın "Qatar".

Ancaq elə o illərdə Mikayıl Müşfiq məşhur "Oxu, tar!" şeirini yazmışdı: "Oxu tar, oxu tar! Səni kim unudar?"
Nəriman Həsənzadə də poemasınə elə ilk misrasından Müşfiqin adıyla başlayır:

Müşfiqi tutdular,
getdi tar üsdə,
yas tutdu yazdığı
misralar üsdə.
Qatili gah cəllad,
gah nadan oldu,
Muğam ağlamazdı,
ağladan oldu.

Müşfiqi çox dərin ehtiramla yad edən N.Həsənzadə yazır ki: "1968-ci ildə Moskvada keçirilən Müşfiq gecəsindəki çıxışımdan sonra Moskva Dövlət Universitetinin professoru Əziz Şərif məni qucaqlayıb, - oğlum, atana necə oxşayırsan, heç bilməzdim ki, Müşfiqin oğlu da sağdı, - dedi. Bu sözlər o zamandan şeirə dönüncə ürəyimdə qaldı və Əziz müəllimin sağlığında ona bir şeir həsr etdim.

Mənə də Müşfiqin
oğlu dedilər,
mən Dağlı deyiləm
dağlı dedilər.
Yalan demədilər,
doğru dedilər.
Oxu tar,
sən sussan,
fəğan eylərəm,
Müşfiqsiz günlərin
Müşfiqi mənəm.

Nəriman Həsənzadə muğam sənətimizin yenidən dirçəlməsində, təkcə məmləkətimizdə deyil, YUNESKO səviyyəsində dünyada tanınmasında yeni bir dövrün başlandığını qürur hissi ilə söyləyir və burada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətini xüsusilə nəzərə çarpdırır:

Muğam dünyamıza
qayıtdı muğam,
milləti oyatdı,
ayıltdı muğam.
Yenə sinəmizdə
o Tar oxudu,
"Qatar" yasaq idi,
"Qatar" oxudu.
Çıxdıq o hüzndən,
o intizardan,
deyin Mir Cəlala
qalxsın məzardan,
Xeyir-dua versin,
qız nəvəsinə,-
Eşq olsun,
O Muğam abidəsinə.
"Sözü tara verin" poemasında lirik ricət və xitablar üstün yer tutur (bunu kitaba ön söz yazan Nizaməddin Şəmsizadə və Yaşar Qasımbəyli xüsusi qeyd etmişlər). Poemanın dəqiq janrını müəyyənləşdirərkən biz "poema-monoloq" təyini üzərində dayandıq. Bu monoloq gah çılğın, gah kədərli, gah da sakit tərzdə davam edir, amma hər məqamda emosionallığını hifz edir.
Muğam, Tar milli musiqimizin, mənəvi dünyamızın çox atributları ilə bağlıdır. Həyatın ağrı və sevincləri, insanın azadlıq duyğuları, qəmi-kədəri, eşq-məhəbbət aləmi, yaşamaq yanğısı, həyatın fəlsəfəsi... bütün bunlar muğamda yaşayır. Nəriman Həsənzadənin Muğam haqqında düşüncələri də elə bu fikirlərlə həmahəng səslənir:

Deyirlər,
Tanrının səsi muğamdı,
eşq özü muğamdı,
bəhsi muğamdı.
Adəm-həvva əhvalatı
muğamdı,
Şairlərin öz həyatı
muğamdı.
Leyli sözü, Məcnun sözü
muğamdı.
Şair,
Azərbaycan özü
Muğamdı.

Poema-monoloqda Şairin öz obrazı da diqqət mərkəzindədir. Muğamı-Tarı sevən şair Nəriman Həsənzadə bütün poema boyu milli-mənəvi dəyərlərimiz olan xalq musiqisinə, muğamlarımıza, onları ifa edənlərə sevgilərini bildirir. O, Habil Əliyevin, Arif Babayevin, Alim Qasımovun, Əlibaba Məmmədovun, Mənsum İbrahimovun, Möhlət Müslümovun sənətini muğam tariximizin bəzəyi hesab edir. Sözümü poemadan bu misralarla bitirmək istəyirəm:

Mənim ənənəm var,
qədimdən gəlir,
Vətən deyə-deyə
bir vətən gəlir.
Dəymə keçmişimə,
mənə əzizdi,
Ruhumda çağlayan
ilk nəğməmizdi.
Məni məndən alıb,
özgəyə versən,
mən də yox olaram,
sən də, ey vətən.
Mənim istiqlalım
muğamdı, sazdı
Qullar dünyasına
bir etirazdı.



TƏQVİM / ARXİV