adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

XƏZİNƏ

FƏRİDƏ RƏHİMLİ
31256 | 2014-12-13 01:38
Çox insanların xəyalı olub xəzinə tapmaq, birdən-birə varlanmaq, həyatının axarını dəyişmək. Bu xəyal bəzən həyata keçib. Bəzən həyata keçən bu arzu ilkin vəziyyətini dəyişərək ayrı-ayrı yerlərdə maraqlara uyğun şəkildə danışılıb. Azıx mağarasının yaxınlığında tarlada işləyən traktorçunun yeri qazarkən xəzinə dolu küp tapdığı dillərdə dolaşırdı. Amma bilənlər bilir ki, Azıx mağarası özü elə tariximizin ən böyük xəzinəsidir, varlığımızın nə qədər qədim olduğunu sübut etmək üçün və mağaradan çıxan ən qiymətli xəzinə insan sümüyü idi. Oradan tapılan ibtidai insanın alt çənə sümüyünün 350-400 min il əvvələ mənsub olduğu sübut olunub. Oradakı ocaq izləri isə 700 min əvvələ gedib çıxır. Bu xəzinə dünyada dörd ən qədim abidənin biridir.
Bir neçə gün əvvəl cənub bölgə rayonlarımızın bir kəndində külli miqdarda xəzinə tapıldığı elan olundu. Maraqlı və gülməli burasıdı ki, üstünə böyük daş qoyulan bu xəzinəni yüz il əvvəldən başlamış pir, ocaq adıyla həmin yerin camaatı qoruyub, ona sitayiş ediblər. ""Əli ayağı"" adlandırılan bu yerdə guya Əli(ə)-ın gəzdiyi və o daşa ayaq izinin düşdüyü ehtimal olunurdu. Maraq dolu düşüncələr məni o dövrə apardı. Deməli külli miqdarda qızılı olan adam bu var-dövlətini qorumaq üçün xalqın inancından istifadə edərək nə isə bir hiylə düşünüb, onları inandırıb və rahatca yaşamağa başlayıb. Sonra ""xalqın malı""na çevrilmiş o qorunan xəzinədən özünün də istifadə etmə imkanı olmayıb. Yüz il əvvəlin cənub bölgəsindəki vəziyyəti göz önünə gətirsək, ordakı camaatın kasıb durumunu fikirləşsək o xəzinə sahibinin heç də yaxşı biri olmadığını anlamaq elə də çətin olmaz. Nə yolla əldə etməsi də əsasdır. Çünki halal qazancla əldə edilmiş mal gizlədilməz. Hansı yolla qazanmasından asılı olmadan da bunu o dövrün çətin gününü yaşayan insanların yaşayışı üçün sərf etmək olardı. Baxmayaraq ki, bu gün də eyni vəziyyət davam edir. Varlı daha çox varlanmaq istəyir. Azı olan az xərcləyir, çoxu olan çox. Xəzinələrini isə daha torpağa basdırmağa ehtiyac yoxdur - xarici banklar, burda, xaricdə müxtəlif adlarda yatırımlar, villalar, təyyarələr, yaxtalar, maşınlar, fabrik-zavodlar, restoran-barlar şəklində davam edir. Yəni, xeyriyyə işləri olmasa da, heç olmasa iş yerləri kimi bir neçə ailəni dolandırma şansı var.
O, torpağa basdıranınsa nə özünə, nə də öz zamanında ətrafındakılara xeyri olmadı. Xəzinə barədə kitablar, filmlər həmişə diqqətçəkən olub. Ən az mənim üçün belədir. Onu gizlədənin kimliyi, zəmanəsi, dövrünün insanları, o xəzinəni basdırma səbəbi və sair çox maraqlıdır. Bu gün o yoxdur həyatda, varidatı isə nə özünə, nə yaxınlarına, nə o dövrdə başqalarına qismət oldu. Düşündükcə ağrılı bir mənzərədir. Bəlkə də heç övladlarına, xanımına da bildirməyib bu haqda. Gecə-gündüz rahatlığı olmayıb. Bəlkə də bu olayın tarixi Azərbaycanın iki hissəyə ayrıldığı dövrə təsadüf etdiyindən qızılı basdıran adam o tayda qalıb, ölüncə də qızılını düşünərək heyfsilənib. Bəlkə ölüm ayağında yaxınlarına danışıb və bunu, onun ölümqabağı sayıqlaması hesab ediblər. Bəlkə...bəlkələr...
Bu gün xəzinə, yatırım yığanları görür və bu vərdişəmi deyim, xəstəliyəmi anlam verə bilmirəm. İnsan ən çox yaşasa yüz əlli yaş yaşaya bilər. Bu illəri yaşamaq üçün, on nəsil də o tərəfini fikirləşsək, on qat artıq yemək, ev, maşın və sair insana gərəkli olan zəruri şeyləri əldə edənlər nədən yüz qatını, min qatını da yığmaq istəyirlər. Axı, var-dövlətini və il hesabıyla nə qədər yaşama şansının olduğunu hesablaya bilirsə, artıq mala, göz yaşları, itkilər, qarğışlar, ah-nalələr hesabına daha artığını toplamağa ehtiyac olmadığını anlamırmı?
Dövrümüzün imkanlı bir məmurunun həbs edilərkən fantastik var-dövlətini xalqa açıqlayarkən də bu düşüncələr mənə hakim kəsilmişdi. Villasından dəniz sahilindəki bağ evinə qədər yeraltı tuneli (tunel də adi tunel deyildi), hər ölkənin markasında paçka-paçka pullar, qızıl korpuslu brilliyant qaşlı saat kolleksiyası, kilolarla qızıl-ziynət əşyaları, maşınlar, evlər, adına obyektlər...nələr, nələr... var-dövlət şor su kimidir, deyirlər, içdikcə daha çox yanırsan. Görəsən insan niyə bu qədər acgöz yaranıb? Yox, belə yaranmayıb. İnsan təmiz yaranıb. Onu yoldan çıxaran şeytan var və nəfs də şeytanın ən çirkin sifətlərindən biridir.
Şeytandan uzaq olun! Ətrafınıza baxın, ehtiyacı olanları da görün, əl tutun, yardım edin. Əlacsızın bir duası milyonlarınızın öhdəsindən gələ bilmədiyi elə böyük bir müşkülünüzü aradan götürə bilər ki. Həm də o sədəqənin, əl tutmanın elə bir huzuru var ki, insanın içini rahatlayan, vicdanını sığallayan, qəlbinə sevinc dolduran... Bir yoxlayın, mən əminəm, çox gözəl bir hissdir!..


TƏQVİM / ARXİV