adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

CAZİBƏDAR QORXULAR

VƏSİLƏ USUBOVA
30501 | 2014-12-13 01:36

Niyə insan xarakteri ikilidi?! Həm də iki dünyada yaşayır sanki. Biri cisminin, digəri ruhunun yaşadığı dünya. Fiziki yaşamıyçın ömürboyu əlləşib-vuruşur: ev tikir, çəpər çəkir, bağ-bostan salır. Təkcə özü üçün deyil, oğul-uşağı, nəvə-nəticəsiyçin də gün ağlamağa çalışır...
İçində isə başqa bir məkanda-meşə kənarında, çay qırağında ağacdan, qamışdan qurulmuş bir daxmada yaşamağı bəxtəvərlik, dinclik, rahatlıq sayır. Belə yerlərdə yaşayanlar (yaşamağa məcbur olanlar) haqqında kitabları acgözlüklə oxuyur, filmlərə zövqlə baxır.
Amma bir gün qolundan tutub həmin məkana aparsan, qətiyyən yaşamaq istəməz. Yaşaya bilməz...
Fikir vermişəm; hətta öz kiçik daxmasının qapısından belə qəddini əyərək çıxan adam böyük, boy-buxunlu, yaraşıqlı görünür, nəinki saraylarda, uca-uca binalarda yaşayanlar. Səbəbi nədir? Bəlkə insan özündən böyük heç nə yaratmamalıdı?! Elə etməlidi ki, yaratdıqlarının qarşısında qarışqaya, böcəyə oxşamasın?! Bir gün təbiətin şıltaqlığı tutanda zəlzələlər, tufanlar öz əliynən yaratdıqlarını başına uçurub onu əzməsin, torpağa yapışdırmasın. Nə qədər qüdrətli olsa da, öz yaratdığı nəhənglərin qarşısında gücsüzdü, acizdi insan varlığı. Bəzən özünü qorumaq naminə yaratdıqları belə qəniminə çevrilə bilir. Çünki onun icadları həmişə xeyirə xidmət eləmir. Bu gün öz əllərinin bəhrəsinə heyranlıqla tamaşa edən, sabah ona nifrətlə, qorxuyla da baxa bilir. Bəzən elə bilirəm ki, insan oğluna öyünmək üçün çox az şey qalır. Son anda yenə də təbiətin yaratdıqlarına sevgi və heyranlıqla, şükranlıqla baxıb köks ötürməli olur. Bununla belə təbiətə oxşamaqdan qaçır, ona yamaqlar vurmağa, süni bəzək-düzək verməyə çalışır. Xəyalı, fikri isə əzəli yaranışın sehrindən qurtula bilmir...
Mövzudan uzaqlaşıram, deyəsən. Mən axı, cazibədar qorxulardan yazmaq istəyirdim...
Məni qınamayın, bu yaşımda da macəralarla dolu bir ömrün xəyalları ilə yaşayıram. Lap yeniyetməlik və gənclik illərimdə olduğu kimi. Həm də insan həyatının ibtidai dövrlərindən bəhs edən macəraları daha həsrətlə arzulayıram. Bir zamanlar hinduların həyatından bəhs edən romanları necə maraqla oxuyurdumsa, indi də həmin mövzuda filmlərə bir uşaq həvəsiynən baxıram. Amma kədərli bir duyğu gəzir içimdə: daha qorxmuram. Və buna qətiyyən sevinmirəm.
Yaşıdlarım S.S.Axundovun ""Qorxulu nağılları""nı yəqin ki, unutmayıblar. Elə təkcə adı məndə o qədər sirli təsəvvürlər yaradırdı ki... Bəlkə də inanmazsınız ki, o kitabın hələ də üzünü görməmişəm.
""Başsız atlı"" romanını dördüncü sinifdə oxumuşam. (Sonra tələbəlikdə təkrar oxumalı oldum). O zamana qədər kəndimizə işıq çəkməmişdilər...

***

Təkəm-seyrək kənd evlərinin pəncərələrində sarı işıqlar bir-bir öləziyəndə yorğanın altında ağzıüstə uzanıb kitab oxuyan qızcığazın xəyalı Amerika cəngəlliklərində dolaşırdı. Ondan ötrü Amerika elə də uzaqda deyildi. Və Başsız Atlı da evlərindən çox da aralı olmayan axmazın o üzündəki sıx meşəlikdə gecəli-gündüzlü gəzməyindəydi. Gecələr kənddə əl-ayaq yığışandan sonra o vahiməli süvari atını axmazın sularına vurub keçir, bəndi aşıb düz onların evlərinə tərəf gəlirdi. Həmişə də babasının bostanında tək ərik ağacının yanında atını saxlayıb dururdu. Bütün bunlar o, kitabı əlinə alandan sonra baş verirdi. Qulağı bayırda olurdu. Hər taqqıltını, guppultunu ürək döyüntüsüynən dinləyirdi. Qorxu canını alanda gözünü səhifələrdən ayırıb balaca qardaşlarının böyründə uzanan yorğun anasının qarabuğdayı çöhrəsinə baxardı. Onun şirin-şirin yatdığını görüb tez kitabı qatlayar, yorğanın altında büzüşərdi. Necə yuxuya getməsindən xəbəri də olmazdı...
Səhər ayılanda ilk baxdığı ərik ağacı olardı. Orada heç kimi görməyəndə axşamkı qorxusuna görə utanardı. Həm də o sirli, xəyali mənzərədən ötrü darıxardı...
İllər ötdükcə qorxular azala-azala itdi, zövqlər adiləşdi, yerini başqaları tutdu. Ağlı kəsdikcə qəlbi daha güclü, daha möhkəm duyğuların sehrinə düşdü. Həmin romandan iki nüansı isə unutmadı. Müəllifin ustalıqla təsvir elədiyi savanna gecələrini və bu gecələrin birində Başsız Atlını ilk dəfə görüb qorxan maralı. Bir də əsərin sonunu. İllər ötdükdən sonra uzun qış gecələrində Poyndeksterlər ailəsində qulluqçuların ağalarından gizli pıçıltıynan Başsız Atlı haqqında rəvayəti danışmaları qəlbini incə bir kədərlə doldururdu...

***

Roman haqqında dördüncü sinifdə oxuyan nəvəmə danışmışam. Həmin gündən elə hey deyir ki, nənə, ""Başsız Atlı""nı mənə gətir. Deyirəm, hələ tezdi, bir az böyü. Özünüz də kənddə yaşayırsınız, kitabı oxusan, hər kolu, hər ağacı başsız atlıya oxşadıb qorxacaqsan...
Özümsə, təzədən o yaşda olub sirli və cazibədar qorxuların qoynuna düşmək istəyirəm. Amma onlar çoxdan yoxa çıxıb. Daha heç nədən qorxmuram...
Çox təəssüf...



TƏQVİM / ARXİV