DİLİN BƏLASI

FAİQ QİSMƏTOĞLU
33550 | 2014-12-13 01:31


...Şirin dil ilanı yuvasından çıxarır. Şirin dillə istənilən adamı yola gətirmək olur və onun ürəyinə girmək mümkündü. Amma bu şirin dil də heç də hər kəsdə olmur. Şirin dillə yanaşı, başqa mətləblər də var. O mətləblər ki, dil onu vaxtında deməlidir və ağın ağ olduğunu bildirməlidir. Əgər dil həqiqəti bilirsə, demirsə və susursa o dil nə vaxtsa boğazdan çıxarıla bilər...
Həqiqəti isə demək, ədaləti görmək, haqqa tapınmaq və onu dilə gətirmək üçün gərək insanda bir qorxmaz ürək də olsun. Əgər ürək qorxmazsa, o adam heç vaxt nahaq olan yerdə susmayacaq və haqqı söyləyəcək. Haqqı söyləmək üçün insanda dillə yanaşı, ürəklə bərabər cəsarət də lazımdı. O cəsarət ki, insanda yoxdur, onu nə qədər eləsən də ağın qara olduğunu və qaranın da ağa çaldığını bilərəkdən deməyəcək və susacaq. El dilində demiş olsaq; ağa qara deyəcək, qaraya da ağ...
Deyirlər ki, filankəs düz söz dediyinə görə, onun dilini boğazından çıxarıblar. Bəlkə kimsə bu addımı ata bilər. Amma haqqı, ədaləti və düzlüyü söyləyən insanı heç vaxt məhv etmək, susdurmaq mümkün deyil. Mümkün deyil ki, hamının bildiyi və gördüyü həqiqətlərin üstündən kimsə xətt çəksin və özünün hegemonluğunu göstərsin. Düzdür, belə adamlar və padşahlar dünyada olub, ancaq onlar da cəzasını alıblar...
Bir gün yoldan keçən bir insan görür ki, kimsəsiz adamı ayaqlarının altına salıb möhkəm döyürlər. Döyən adamlar da pullu və qolu zorlu insanlar imiş. Yoldan keçən yolçu bu haqsızlığa dözə bilmir və onlara qarşı etiraz eləyir:
- Gücünüzü bu kasıba göstərirsiniz? Bəs Allahdan qorxmursunuz ki, göydən başınıza daş yağar?
Qolu zorlular bir an əllərini saxlayıb tərs-tərs həmin kişiyə baxırlar:
- Elə eləmə ki, səni də bunun gününə salaq, - deyirlər.
Kasıb kişi isə sözünün arasını kəsmir və yenidən dillənir:
- Adam kişi olar, bir nəfərin üstünə on beş nəfər tökülüb. Onun sizə nə pisliyi dəyib ki, bu günə qoyursunuz?
Yenidən qoluzorlular səsini ucaldır:
- Bizi görəndə yoldan çıxmadı və üzümüzə qayıtdı. Biz də onun dərsini veririk...
Bir an keçir, qeyri-adi bir hadisə baş verir. Uzunboylu, enli cüssəli bir pəhləvan peyda olur və hər şeyi görəndən sonra o adamları salır təpiyinin altına və qol-qabırğalarını sındırır. Qoluzorlular görür ki, öləcəklər ki, tez aradan çıxırlar...
Bəzi imkanlı adamlar fikirləşməsinlər ki, onların vəzifələri, pulları var, istənilən şeyləri eləyə bilərlər; kimisə türməyə saldırarlar, kimisə döydürərlər, kiminsə də uşaqlarını incidərlər. Çünki hər şeyi görən və bilən Böyük Allah var və heç kəs heç kəsin haqqını yeyə bilməz. Kimsə düz söz demirsə, haqq-ədaləti söyləmirsə, bu o deməkdir ki, o dilini boğazına qoyub susur. Hələ susmaq tam məğlubiyyət deyil. Düzdür, haqqı deyəndə buna görə dil sahibinin başı ağrıyır.
Bu günlər ::::Yeni Günəşli::::də 28 il ağac əkib onu böyüdən 13 nömrəli binanın sakinlərinin də qanı bərk qaralıb. Çünki onlar ağac əkdikləri o yeri təmizləmək üçün olmazın əziyyətini çəkiblər. Həmin yerdən qayaları, daşları ekskavatorla təmizlətdirib yük maşınlarına yığaraq daşıtdırıblar. Sonra da səhranın ortasında hər maşına 200 manat verib Qubadan, Qusardan, Şabrandan qara torpaq gətiriblər. Peyin töküblər və orda abadlıq yaradaraq yüzlərlə ağac əkiblər. İndi isə bir sahibkar peyda olub deyir ki, həmin ağacları kəsib yerində ev tikəcəm. Sakinlər isə ona öz etirazını bildirir və ağacın kəsilməsinin qarşısını almağa çalışırlar. Sakibkarsa fürsət gözləyir ki, gecələr tez düşsün, camaat yuxuya getsin və həmin ağacları kəssinlər. Artıq o ağaclardan bir neçəsi qırılıb. İndi dil bu sözü deməsin, neyləsin? Sakinlər də bu barədə müxtəlif instansiyalara teleqramlar vurublar və onlardan kömək gözləyirlər. Çünki Ulu Öndər Heydər Əliyev deyib ki, bir ağac kəsən elə bil ki, mənim qolumu kəsir. Hər halda bu insanları başa düşmək lazımdır və onların əziyyətini qiymətləndirmək gərəkdir. Hansısa özündənrazı bir sahibkar camaatın 28 ildə yayın əlli dərəcə istiliyində və qışın soyuğunda becərdiyi yüzlərlə ağacı bir saatın içində qırıb məhv etmək istəyir. Buna kim dözər? Nə ürək dözər, nə də dil?
İndi kimsə düz söz deyirsə, haqq-ədalətə sığınırsa, kiminsə əməllərindən ziyan görürsə, danışdığına və haqqı səsləndirdiyinə görə onun dilini boğazından çıxarmaq lazımdır. Yaxşı dil həmişə düz söz deyir və haqqı-ədaləti dünyaya car çəkib səsləyir. Haqdan-ədalətdən və düz sözdən müqəddəs heç nə yoxdur. Allah-təala da buyurub ki, kim haqqın-ədalətin tərəfindədirsə, mənim yolumla gedir. O bəndələri özüm də qoruyacam. Dilin bəlasına isə hər adam düşmür. Düz sözü deyənin yeri həmişə yuxarı baş olub. Və el-oba da onu dəyərləndirib...


TƏQVİM / ARXİV