adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Dekabr 2014 01:27
7481
LAYİHƏ
A- A+

TARİXİN ŞAHİDİ GƏDƏBƏY

(Əvvəli ötən saylarımızda)

Gədəbəyin bugünkü növrağı həqiqətən ürək açır. Bu da səbəbsiz deyil. Özü də bu səbəblərin içərisində böyük Yaradanın Azərbaycan xalqına, Azərbaycan coğrafiyasına, onun bir parçası olan Gədəbəyə və gədəbəylilərə xüsusi sevgisidi. Belə ki, burdakı təbiət, burdakı təbii gözəllik dünyanın başqa heç bir nöqtəsində yoxdu və bu gözəllik də onu daimi sakinlərini, daimi izləyicilərini məsuliyyətli olmağa, bu gözəlliyi sevməyə, qorumağa vadar edir. Əks təqdirdə, dağlar, onun havası, suyu adamlardan inciyə bilər.
Bax, bu poetik, lirik ifadələrin arxasında dayanan gerçəklik onu göstərir ki, dağlara söykənən bu qədim diyarın adamları həyatlarını qurmağı, həyatlarını mənalı etməyi bacarırlar. Ona görə də planlı şəkildə çəkilən yollar, abadlaşan küçələr, elektrik, su, qaz xətləri adamların həm rahatlığına, həm də güzəranına öz müsbət təsirin göstərir. Burda bir məqamı xüsusi vurğulamaq lazımdır ki, dağ rayonlarına, o cümlədən də Gədəbəyə dağ çəkilişi təbiətin oksigen bazası olan meşələrin qorunmasında, onun ərazicən genişlənməsində öz sözünü deyir. Deməli, bu gün Gədəbəydə təkcə yol kənarlarında deyil, eləcə də park və meydanlarda, həmçinin müxtəlif ərazilərdə salınan yaşıllıqlar da insanlara xidmətin bir nümunəsidi. Təbii ki, bütün görülən işlər rayon icra hakimiyyətinin və digə əlaqələr qurumların nəzarəti və rəhbərliyi altında aparılır. O cümlədən də rayonun səhiyyə və mədəniyyət sahələrinə ayrılan diqqət dediklərimizi bir daha təsdiq edir. Təqribən bir ay öncə Gədəbəydə keçirilən möhtəşəm bir tədbir əslində ümumrespublika tədbirinin başlanğıcı idi.
Biz Gədəbəy aşıqlarının ifalarını həmişə böyük coşqu ilə dinləmişik. Respublika aşıqlarının növbəti festivalının başlanğıcı da məhz bu səbəbdən Gədəbəydə gerçəkləşdi. Həmin tədbirin açılışında çıxış edən filologiya elmləri doktoru, professor, çox dəyərli ziyalı və yazıçı-publisist Qəzənfər Paşayev bizimlə söhbətdə bildirdi ki, bu torpaq cənnətdi! Bu torpaq özünün səxavəti ilə, bərəkəti ilə cənnətdi! Bu torpaq sazıyla, sözüylə, böyük-kiçiyə hörmətiylə cənnətdi! Deməli, bu torpaqdan bəhrələnən musiqi, o musiqinin bir qolu olan saz və söz həm də cənnətdən gələn musiqi səsidi.
Görkəmli alimimizin təkcə saza, sözə yox, həm də Gədəbəyə ünvanlanan bu fikirləri bizim bu regionun mədəni həyatına daha yaxından bələd olmağımız üçün bir ipucu oldu. Yerli sakinlərdən, həmçinin rayonun əlaqədar qurumlarının təmsilçilərindən öyrəndik ki, Gədəbəydə mədəni-kütləvi tədbirlərin keçirilməsi, həmçinin bu rayonun sakini olan dəyərli elm, mədəniyyət, incəsənət adamları ilə görüşlər, musiqili axşamlar, əlamətdar günlərlə bağlı tədbirlər həyat normasına çevrilibdi. Eləcə də rayonun səhiyyə sahəsində də müəyyən uğurlar var. Bir faktı da xatırlatmaq yerinə düşər ki, Gədəbəyin Azərbaycan elminə. Eləcə də səhiyyəsinə hədiyyə etdiyi kifayət qədər tanınmış imazalar var. Rayon səhiyyə şöbəsinin, onun aidiyyəti sahələr üzrə ixtisaslı kadrlarla təmin edilməsinin və bu tibbi kadrların əhalinin sağlamlığı keşiyində durması çox müsbət nəticələri göz önündədi. Yəni səhiyyə ocaqlarının həm kadrlarına, həm müasir tibbi avadanlıqlarla təmin edilməsi üçün rayon rəhbərliyi zəruri addımları həmişə atır və bu gün də söylənilən istiqamətdə fəaliyyətini davam etdirir.
Hər kəs yaxşı bilir ki, insanların sağlamlığı uğrunda aparılan mübarizə elə ən kiçik yaşlardan başlayır. Bu mənada körpələr evlərində, məktəblərdə keçirilən həkim briqadalarının reydləri, aparılan peyvənd əməliyyatları və digər zəruri işləri rayonun səhiyyə işçilərinin məsuliyyətindən xəbər verir. Gədəbəydə mineral sulardan, təbiətin bu coğrafiyaya bəxş etdiyi nemətlərdən yararlanma və onu həm ölkə, həm də ölkənin hüdudlarından kənara çıxarmaq üçün yerli sahibkarların göstərdiyi fəaliyyət də təqdirəlayiqdi. Yəni bu gün Gədəbəydə sahibkarlığın inkişaf etdirilməsi üçün yüksək bir şərait yaradılıbdı. Adamlar məqsədli və inamlı şəkildə öz işlərini qurur və onların açdıqları yeni obyektlər həm də öz növbəsində yeni iş yerlərinə çevrilir. Son nəticədə bu fəaliyyətdən təbii ki, Gədəbəyin iş axtaran, ehtiyat içərisində çabalayan insanları istifadə edirlər. Bax elə statistikanın da göstərdiyi kimi, son vaxtlar əhalinin məşğulluğu, həmçinin yeni-yeni iş yerlərinin açılması məsələsi də rayon icra hakimiyyəti başçısının iş planında xüsusi yer tutur.
Bəli, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov özünün bütün fəaliyyətini ölkə rəhbəri cənab İlham Əliyevin tələb və göstərişlərinə uyğun bir şəkildə qurmaqla Regionların İnkişafına Dair Dövlət Proqramının gerçəkləşməsi yolunda ciddi addımlar atır. Deməli, bu gün Gədəbəydə əgər 70-ə yaxın yeni məktəb binası tikilib istifadəyə verilibsə, deməli, son nəticədə qazanan yenə gədəbəylilər olacaqdı.
Bəli, Azərbaycanın bu qədim diyarında bu gün böyük coşqu ilə qaynayan həyat insanlara xidmət üçündü. Həmin xidmətin təşkilatçısı, ona nəzarət edən rayon icra hakimiyyəti, xüsusilə rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov birmənalı şəkildə gədəbəylilərin sosial-iqtisadi problemlərinin azalmasına, mədəni həyatlarının daha da rəngarəng olmasına çalışır. Bunu gerçəkləşdirmək üçün isə dövlət başçısının ayırdığı vəsait, həmin vəsaitlərin təyinatları üzrə xərclənməsi indi göz önündədir. Yəni xərclənmiş hər bir manat Gədəbəyi və gədəbəylilərin həyatını yeniləşdirib, gözəlləşdiribdi. İnanıram ki, bu istiqamət həmişə belə də davam edəcəkdi.
Son olaraq həmkarım əslən gədəbəyli olan Polad Qasımovun da vurğuladığı kimi, bu gün Gədəbəydə günün tələblərinə cavab verən normal bir mühit yaradılıbdı. Bu da insanlara həm maddi, həm də mənəvi cəhətdən daha güvəncli olmaq imkanını veribdi. Deməli, Gədəbəyin hələ bundan da gözəl günləri qarşıdadı.

Əbülfət MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ