adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ŞiR ŞƏKLi

VAHİD ƏLİFOĞLU
49985 | 2008-05-24 02:46
... Olmadı ay dədə, kişidən fslan,
   Fırlanır dünyanın təkəri belə.
   Özümüz yaratdıq dişidən aslan,
   Millətin Nigarı, Həcəri belə...
   
   ... O gün aprelin ikisiydi. Bu tarix ona görə dəqiq
   yadımda qalb ki, həmin gün həm mənim ad günüm idi, həm Kəlbəcərin işğal günü, həm də çadırda üstündə şir şəkili olan "odeyallar" paylanırdı...
   Əvvəlcədən şərtləşdiyimiz kimi Qürbət müəllim "video kamerası"nı quraşdırmışdı mənim çadırımın qarşısında... Mən çadırdan çıxıb ağır-ağır, başı aşağı addımlamalıydım şəhərciyin yuxarı başına. Ora ki, orda "odeyallar" paylanacaqdı və Qürbət müəllim də mənim bu "marşurutumu" alacaqdı lentə...ad günü üçün... Elə belə də oldu... Arxamızca bir dəstə uşaq, "çadır uşağı" yüyürüşdü... Mən guya kədərli və üzgün görkəmdə, Qürbət müəllim də müxtəlif pozalardan çəkməkdə...
   ... Ata-babalarımız çox mənalı, fəlsəfi kəlamlar, deyimlər qoyub gediblər... Hamilə qadınlar hamiləlik dövründə tanımadıqları adamların əlindən pay, tikə, hədiyyə almasınlar... Yoxsa doğulacaq uşaq həmin payı, tikəni, hədiyyəni verən şəxsə oxşayar... On il çadırda uşaq doğan qadınlar, ingilisin, farsın payını, tikəsini, hədiyyəsini aldılar.
   ... Həmin axşam bütün kanallarda konsert gedirdi. Ötəri Kəlbəcərin işğal görüntülərini də göstərdilər... Şəkil elə şəkildi. Bu görüntülər də şəkil idi... Şəkilnən danışmaq, şəkilnən dərdləşmək mümkünsüzdü... Əlini üzadıb bu görüntülərdən Kəlbəcərin bir daşını da götürmək olmaz...
   
   ... Hamının fikri, xəyalı paylanmış məntəqəsində idi... Kişilər elə bilirdilər ki, şir şəkili olan odeyalların altında şirə dönəcəklər. Arvadlar elə bilirdilər ki, şir şəkilli odeyalların altında şir misallı oğullar dayanacaqlar...
   
   ... Namərd dünya, ayaq bitib, qol gedir,
   Neyləyirəm sağ vururam, sol gedir...
   Qurbanlıqdı qurda-quşa, yol gedir,
   Bu can hazır cəmdək deyil, bəs nədi?
   
   Səyyad gərək tora sala maralı,
   Ovçu axsaq, ovun yoxdu ov halı.
   Mən qocaynan, sən cavanın xəyalı,
   Aramızda gərdək deyil, bəs nədi?
   
   Vaxt yatıbdı, yüz il çadır, oyanmaz,
   Bu qar rəngi ha ağartsan boyanmaz.
   Öz xoşuna axır, suyu dayanmaz,
   Çeşmə gözlər cürdək deyil, bəs nədi?...
   
   Bu yaşacan çox tamlardan dadmışam,
   Gözəl qovub, çirkininə çatmışam...
   Nə yemişəm, dəvələyib udmuşam,
   Dişsiz ağız xəndək deyil, bəs nədi?..
   
   ... Aqil Abbas "Batmanqılınc" romanında belə bir səhnə canlandırır... "Axund qalanın açarlarını Qacara uzadanda necə karıxıdısa az qaldı əlindəki "Quranı" ayaqlaya... Qacar dərhal "Quranı" götürüb öpdü, qaldırdı başının üstünə. On minlərlə adam eyni vaxtda hayqırdı:
   - Allahu Əkbər! Allahü Əkbər!...
   Mən bu cümləni yaddaşımdan köçürdüm. Yanlışlıqlara görə müəllifdən üzr istəyirəm...
   ... Birinci cərgədə şəhid ailələri idi, ikinci cərgədə Qarabağ əlilləri, üçüncü cərgədə sıravi çadır sakinləri...
   ... Üstündən şir kişilər seyrələn arvadlar, üstü şir şəkilli odeyallar arzulayırdılar altına girməyə...
   
   Qara çərçivəli şəhid şəkili,
   Kürəyini söykəyib,
   Haram çadırın, haram divarına,
   Baxır şir şəkilli odeyalı
   Qoltuğuna vurmuş atasına...
   ... Qoltuğu şir şəkilli odeyal,
   Şəhid atası girdi darvazadan,
   Elə məğrur, elə qalib,
   Bəlkə oğul belə girməmişdi,
   92-nin yayında,
   Erməni leşlərini tapdalaya-tapdalaya
   Ağdərəyə...
   ... Şir şəkilli odeyalın altında,
   Kişi pişiyə dönüb,
   Qısılmışdı şir arvada...
   Bildi ki, bu şir şəkilli odeyalın
   Altında o, şir ola bilməyəcək, heç vaxt.
   Bu arvadda şir şəkilli oğul
   Doğa bilməyəcək, heç vaxt...
   ... Yun döşəklik günlərini unudub,
   Saman dolu torbalara
   dönürdü arvadlar...
   Kişilər buz kimi, nazik
   Sallofan örtüklərdi...
   ... Şir şəkilli şəhidlərin şəkillərin,
   Şir şəkilli odeyallara
   Dəyişməzlər, atam, anam...
   ... Bir ovuc düyüyə, bir kisə una,
   Divardan endirilən
   Şəhid şəkillərindən boylanan,
   Şir oğlanların şir gözləri,
   Yavaş-yavaş çevrilirdi,
   Şirli odeyalların üstündəki
   Şir şəkilinin şəkil gözlərinə...
   
   ... Şəkillər diri olmur. Şəkillərdəki göz, qaş, ağız, burun, sir-sifət diri olmur... Adicə şəkil olur... Bircə şəhidlərin şəkildəki gözləri... Qıymayın şəhid şəkillərindəki şəhid gözlərinin şəkilə çevrilməyinə...
   ... Canlı pişikdənsə yenə şir şəkili...
   ... Torpaqları şəkil olmağa qoymayan şəhid şəkilləri...

TƏQVİM / ARXİV