adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Dekabr 2014 13:45
7686
MƏMLƏKƏT
A- A+

“Ruslar zombilər yaradırlar” – Yunus Oğuz

"Ruslar tarixən güclü dövlət qurublar, yaxşı çarları olub, müharibələrdə qalib gəliblər, amma onların dünya cahangirləri olmayıb. Bunun əvəzində də məcburdurlar türk cahangirlərindən yapışsınlar, onu özününküləşdirsinlər”.  Bu fikri yazıçı-publisist, tarixi araşdırmaçı Yunus Oğuz Rusiya telekanalında Əmir Teymurun slavyan əsilli olmasına dair rusların iddialarına münasibət açıqlayarkən Adalet.az-a bildirib.

Qeyd edək ki, RenTV kanalında yayımlanmış bir verilişdə iddia olunurdu ki, Əmir Teymurun məzarı açılıb antropoloji araşdırmalar aparıldıqdan sonra onun qıyıq gözlü Asiya türkü deyil, sarı qıvrım saçlı, mavi gözlü bir slavyan olduğu məlum olub. Başqa sözlə, Teymurləng slavyan əsilli, amma türk toplumuna rəhbərlik edən bir cahangir olub.

Əmir Teymurun qəbrini tədqiqatçı Gerasimovun açdığını xatırldan Yunus Oğuz diqqətə çatdırıb ki, onun nəşi Sankt-Peterburqdakı Antropologiya İnstitutuna araşdırma üçün aparılıb. Onun araşdırmalarından sonra əmirin sümükləri əsasında indi hər kəsin gördüyü rəsmini fotorobota nəzərən hazırlayıblar: "Rusların deməyi ilə deyil ki! Antropologiya var, tarixi faktlar var... Bir sümüyü öyrənib onun kim olduğunu, hansı millətə aidliyini deməyə nə var? Rus harda, əmir Teymur harda yaşayıb... Rus belə bir iddia irəli sürəndə əvvəlcə baxıb görsün hansı millətin tarixi qədimdir. Hələ Qumilyov vaxtilə deyirdi ki, istənilən rusun kökünü qazsan, ordan türk çıxacaq. Nə vaxt ki rusun vəziyyəti pis olur slavyan-türk birliyindən dəm vurur. Onların siyasəti budur. Buna təəccüblənmək lazım deyil. Ruslara qalsa, onlar öz köklərini əvvəlki sivilizasiya hesab edilən Atlantidan başlandığını iddia edirlər. Yəni kökü 9-cu əsrdən başlayan bir millət öz kökünü harasa bağlamaq, özünə qədim tarix yazmaq marağındadır. Onlar belə bir şüur formalaşdırmaq istəyindədirlər ki, guya kökləri daha qədimdir, daha soylu millətdirlər... 1938-ci ildə bizə niyə azərbaycanlı adını verdilər? Məqsəd bizi öz türk kökümüzdən ayırmaq idi. Bu o demək idi ki, sənin soyun, kökün, dilin yoxdur. Sən bir plastilinsən və istədiyimiz şəkildə səni yoğura, səndən forma düzəldə bilərik. Çünki bilirdilər ki, kökü türk millətinə bağlanan bir toplumun istənilən halda tarixi slavyandan daha qədimə gedib çıxır. Bu, bir imperiya təfəkkürüdür. Onlar öz təhsil ocaqlarında bunu yetişdirirlər. Ruslar nəsillərin şüurunu yuyub zombilər yaradırlar. Və həmin hazırlanmış zombilər də öz tarixinin qədim olmağına, öz kökünün dərin olmağına inanmalıdır ki, gücü olsun. Özünün dövlətçilik prinsiplərinə hesablanmış bir təbliğatdır. Rus millətinin gələcək bünövrəsini saxlamaq üçündür".