ÖZÜ GETDİ, SÖZÜ QALDI DÜNYADA...

VAQİF YUSİFLİ
184847 | 2014-12-12 09:55
(Səyavuş Sərxanlının əziz xatirəsinə)

II məqalə

Səyavuş Sərxanlını "o gözəl təbiət şairi idi", ya da "o gözəl sevgi şairiydi" deyə tanıtmaq istəməzdim. Çünki təbiətin gözəllikləri şair olmasaydı belə onu həmişə dilə gətirəcəkdi. Onun "Təbiət ağlayır, dəyməyin mənə" şeirində insan və təbiət harmoniyası, yəni bu iki anlamın vəhdəti, bir-birindən qopub ayrılmamaqları fikri təsdiqlənir. Təbiət insansız, insan da təbiətsiz yaşaya bilməz!

Buludlar döşənib qanad-qanada,
Çırpır leysanını dağ aşa-aşa.
Bir insan səsi də bəsdir həyata-
Düh-z-dünya beləcə çağlaya, daşa.
Xəzəlli cığırlar qoşuldu neyə,
Qızıllı talaya göz yaşı axdı.
Bəlkə zümrüd səsli quş oldu deyə,
Qayalar çayları çiyninə taxdı.
Yas yox təbiətin bu yası kimi...
Kədər ömürlərdən nə istəyir, nə?
Bütün ölənlərin anası kimi
Təbiət ağlayır, dəyməyin mənə...

Şeirlərində obrazlı ifadələr, təşbihlər, metaforalar da axtarmıram. Çünki onun bütün şeirlərində poeziyanın bədii təsvir vasitələri öz məqamında işlənirdi. Bəlkə də o, bunları qabaqcadan düşünmürdü, onlar şeirə özü gəlirdt. "A qarlı dağlar"da "dağların köksündə vulkanmı yatır - fikirli-fikirli dumanlanır hey?" - bu demək üçün başqa bir şair bəlkə nə qədər düşünər, daşınar, amma Səyavuş Sərxanlı üçün bu tipli deyimlər elə bil, içində çoxdan hazır imiş, sadəcə, yazıya köçürmək qalırmış. "Burdan ordu keçib, burdan cəng keçib, Ümmanla göz yaşı töküb dərələr. Elə bil dağlardan bir nəhəng keçib, Ayağı altında çöküb dərələr" - diqqət edin və misralarda ifadə olunan mübaliğənin necə bir mənzərə yaratdığını gözünüzlə görün.

Gün çıxır, dumanla qalxır savaşa,
Dağların kürkünü istiləndirir.
Sanki qocalardı verib baş-başa,
Dağlar qəlyanını tüstüləndirir.
Şəlalə atlıtək çəkər yüyəni,
Təpələr bir yorğun piyada kimi.
Dağlar-təbiətin sağlıq deyəni,
Qaldırar Günəşi piyalə kimi.

S.Sərxanlının poeziası lirik, zərif, kövrək hisslərdən yoğrulmuşdu. O, "ürək dilində danışan şair" (B.Vahabzadə) idi. Həyatdakı hər hansı bir hadisə ona bu və ya digər dərəcədə təsir edirdi. Hətta, bir otaqda olanda, onun nəyə görəsə ağladığını görmüşəm. Biz illər boyu bir-birimizlə dostluq edirik, yeyirik-içirik, bir yerdə yola çıxırıq, amma çox zaman bir-birimizin ürəyindən xəbər tuta bilmirik. Səyavuş deyirdi ki, bəzən gecəyarısı yuxudan durur, balkona çıxır və birdən-birə həyatımın ağrılı-acılı günlərini, dünyadan vaxtsız köçənləri yada salır, için-için ağlayıram. Əlbəttə, bu şən və gülərüzlü insandan belə pessimist sözləri eşitmək istəmirdim. Amma o duyğular şeirdən gizlədilmirdi. "Ata qəbri" şeirində olduğu kimi:

Durna qatarıdı sinəmə enən,
Qəbristan köz kimi.
qəbristan soyuq.
Onun baş daşına qonub deyinən
Boz sərçə qədər də etibarım yox!

Səyavuşun gözəl şeir zövqü vardı. Poeziya şöbəsinin müdiri idi və yaxşı bir şeir oxuyan kimi uşaqtək sevinirdi. Çalışırdı, əgər o şeir bir cavan şairin qələmindən çıxıbsa, çapına kömək edirdi. Hərdən günorta zamanı məndən tələb edərdi ki, bildiyim şeirlərdən oxuyum ona. Bizi poeziya deyilən sehrli bir qüvvə birləşdirirdi.

Dünya səni qocaltdı,
Yaşıdın olsun deyə.

Əli Kərimin Füzuliyə həsr etdiyi bu şeiri oxuyanda onun gözlərindəki heyranlıq ifadəsini heç vaxt unutmamışam. Amma Əli Kərimdən ən çox sevdiyi misralar bunlardı:

Gecə də, gündüz də fikrimdə sənsən,
Mən kimin fikrində yaşayım, söylə?

Bir dəfə Füzulidən bu beyti söylədim:

Deyil bihudə gər yağsa fələkdən başıma daşlar,
Binasın tişeyi-ahımla viran etdiyimdəndir.

Beyti gücüm çatdığı qədər şərh elədim və heyrətlə dedi: "Ay Allah, gör nə boyda şairimiz var!". Və otaqda davam edən bu "qiraət"in sonunda onun "Nərgizli" misralarına keçirdim. Axı, Səyavuş Sərxanlının özü də sevgilər görmüşdü, o hissləri yaşamışdı. Əli Kərimin "Qayıt" şeirindən sonra o mövzuda şeir yazmaq çətin olardı. Amma Səyavuş ayrılıqdan doğan intizarı öz yaşantılarında beləcə ifadə etdi:

Nəğmə aparmısan özünlə birgə-
Ömrüm səssiz qalıb, sədasız qalıb.
Dəniz aparmısan gözünlə birgə,
Ürəyim tufansız, dalğasız qalıb.
Bir iblis qanıma yaman giribdir,
Çeşmə ürəyimi lilləndiribdir!
Nələr çəkməmişəm bu yolda bilsən...
Ağrı-acıları unutdurmağa,
İkimiz isti bir yuva qurmağa.
Hardasan, qanadlan qaranquş kimi-
Qayıt ömrümə sən...
Qayıda bilsən!

Səyavuş Sərxanlının poeziyasında car olan həqiqətlər onun publisistikasında da eyni coşqunluqla davam edirdi. O, uzaq Sibirdə yaşayan azərbaycanlıları soraqlayırdı, onları öz xalqına tanıdırdı. O, dünyadan vaxtsız köç edən sənət adamlarının taleyini qələmə alırdı, təbiətin ekoloci nizamının pozulmasından yazırdı. Qətiyyətlə demək olar ki, onun publisistikası öz vaxtında bu canrın, bu sənət növünün necə imkanlara malik olduğunu bir daha sübut elədi. Səyavuşun publisistikası məncə, curnalistika fakültəsində tələbələrə tədris olunmalıdır. "Ulduz" curnalında çap etdirdiyi "Dünyanın Qarabağ dərdi" publisistik yazısı son iyirmi ildə bu mövzuda yazılmış ən maraqlı əsərlərdən biridir.
...Lakin Səyavuş Sərxanlıdan söz açanda ancaq ŞAİR sözü yada düşür.Onun publisistikası da, elə bilirəm, poeziya üstündə köklənib. Onun həyata, insanlara münasibətində də şair ədası, hökmü duyulurdu. Necə deyərlər, başdan-ayağa şair idi. Yəni əgər şair obrazı haqqında düşünürüksə, xəyala gələn ilk şairlər sırasında Səyavuş Sərxanlı adı da var. Nə yazdısa, təmiz yazdı, şeirlərimizin heca vəznli gur çeşməsinə xəyanət eləmədi. Ancaq çox böyük təəssüf hissilə qeyd eləməliyəm ki, öz poetik imkanlarından lazımi dərəcədə yararlanmadı. Özü də bunu duyurdu və bəlkə də əzab çəkirdi.
Nə etmək? Seyid Əzim Şirvani demişkən:

Dünyaya gəlmək getmək üçündür,
bu nə qəmdir?

Hamımız köç edəcəyik. Bizdən sonralara nə qalacaqsa...o zaman təzədən doğula bilərik. Səyavuş Sərxanlı demişkən:

Dünya belə gəlib, belə gedəcək,
Bilən bildiyini yenə edəcək,
Dur, sən də mənimlə bir yana gedək...
Gələn gəlməlidi, keçən keçməli,
Gələnə-gedənə başını qoşma.
Yenə də qəbirlər-qara torpağın
Açılıb-örtülən yaxası kimi.
Ocaqdı kül olan, hisi qalan hey,
Karvandan bir tozlu izdi qalan hey,
Hərədən bir quru səsdi qalan hey!

TƏQVİM / ARXİV