DƏRMANDAN NİYƏ ZƏHƏRLƏNİRLƏR?

FAİQ QİSMƏTOĞLU
65997 | 2014-12-12 08:23
Biz görmüşük ki, hər hansı pasiyent dərman qəbul edərkən o şəfa tapmır və sağalıb ayağa qalxır. Təbii ki, dərmanlar düzgün təyin olunanda və xəstə də ondan lazımi qaydada istifadə edəndə bu insana heç bir mənfi təsir göstərə bilməz. Ən azından ona görə ki, əksər pasiyentlər özlərini məhz müxtəlif dərman preparatları ilə müalicə edirlər.
Amma gəlin razılaşaq ki, bəzən dərmandan zəhərlənmə halları da baş verir. Bakı şəhər klinik xəstəxanasının toksikologiya şöbəsindən aldığımız məlumata görə, bu il dəfələrlə dərmandan zəhərlənən insanlar həmin xəstəxanaya müraciət ediblər. Məlum olub ki, bəzi xəstələr dərman qəbul edərkən ya normadan artıq preparat atıb, ya da vaxtı keçmiş dərmanlardan istifadə ediblər.
Təəssüflə qeyd etməliyik ki, birimizin başı ağrıyan kimi o dəqiqə yaxınlıqdakı aptekə gedirik və ordan dərman alırıq. Ağına-bozuna baxmadan həmin dərmanları çox böyük həvəslə qəbul eləyirik. Ancaq fikirləşmirik ki, həkim məsləhəti olmadan atdığımız bu dərmanların bir çox halda mənfi təsirləri də ola bilər. Aydındır ki, dərman qəbul edərkən tələm-tələsik bunu biz uduruq. Bir də görürük ki, səhhətimizdə narahatlıq var. Bax, onda həkim yadımıza düşür.
Ümumiyyətlə, əksər dərman və preparatlar apteklər tərəfindən pasiyentlərə həkimlərin yazdığı reseptlərə əsasən verilməlidir. Lakin bəzən ya bizi tanıdıqlarından, ya da üzlərinin yumşaqlığından aptekdə çalışan insanlar lazımi preparatları müştəriyə verirlər. Məsələnin qaranlıq tərəfi ondan ibarətdir ki, hər hansı pasiyentdə zəhərlənmə halları baş verərkən heç bir şəxs buna görə məsuliyyət daşımır. Bütün məsuliyyət dərmanı qəbul edən xəstənin üzərinə düşür. Xəstə isə min bir bəhanə gətirib özünə haqq qazandırmağa çalışır. Amma yenə bütün çətinlikləri həkimlər özləri yoluna qoyurlar. Yəni dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya qəbul edilən pasiyenti ölümdən onlar xilas edirlər.
Gəlin hər şeyi həkimlərin və apteklərdə çalışan əczaçıların üzərinə yıxmayaq. Ən azından onların üzərinə bu günahları atmaqla biz özümüz də elə boğaza qədər günaha batırıq.
Bir balaca savadımız olsa, tibbi cəhətdən maariflənsək, o dəqiqə bilərik ki, özbaşına dərman qəbul etmək düzgün deyil. Bu barədə dəfələrlə televiziya kanallarında və KİV-lərdə həkimlər əhalini maarifləndiriblər. Həkimlər öz məsləhətlərini və tövsiyələrini verir, bəzi pasiyentlər isə bunu qulaqardına vuraraq bildiklərini eləməyə can atırlar.
İstəsək biz öz həyatımızın təhlükəsizliyini təmin etməyi bacararıq. Amma bir şərtlə: həkimin resepti olmadan aptekdən dərman almarıq və sonra da başımıza yuxarıda xatırlatdığımız hadisələr gəlməz. Deməli, hər şey bizim özümüzdən və məsuliyyətimizdən asılıdır.


TƏQVİM / ARXİV