hacklink Adalet.az | BİR GÖYƏRÇİN KİMİ QONDUN QƏLBİMƏ... Adalet.az | BİR GÖYƏRÇİN KİMİ QONDUN QƏLBİMƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİR GÖYƏRÇİN KİMİ QONDUN QƏLBİMƏ...

18966    |   2008-05-17 11:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir vaxtlar Tiflisin Şeytanbazar səmtində - azərbaycanlı ailələrindən birində Gülnar adlı gənc qız yaşayırdı. Anası erkən rəhmətə getdiyindən nənəsi Dilbər xanımın himayəsində böyü- yürdü. Bu şəhərdə bir gənc oğlan da vardı. Taleyin vaxtsız-vədəsiz, aramsız-amansız fırtınaları onu Naxçıvandan Tiflisə gətirmişdi. Dayısı Əli müəllimin evində qalırdı. Nənəsi Güllü xanımla Gülnarın nənəsi Dilbər xanım həmyaş, həm də qohum idilər. Hər ikisi dünyanın o üzünü, bu üzünü görmüşdü. Nikolay padşah taxtda ikən qoca Qafqazın ətəyindəki bu gözəl yerlərdə neynim, nə edim demədən, sayılıb-seçilən ailələrdə xoş dövran sürmüşdülər. İnqilabdan sonra var-dövlət əldən getsə də, varlıqlarındakı xanım-xatınlıq qalmışdı. Uzun qış gecələrində onların şirin söhbətləri, xatirələri axşamın şərini sabahın xeyirinə calayardı. Aralarındakı səmimiyyətə, mehribançılığa çoxları həsəd aparardı. Bəlkə elə o üzdən gündəlik həyatda qara kabusların dolaşdığı dönəmlər, daha dəqiq desək, otuzuncu-qırxıncı illər onlar üçün o qədər ağrılı-acılı keçmədi... İnsanın yaxın çevrəsi güvənli, sağlam olanda, dünyanın üzü abır-həya itirdiyindən xeyli qaralanda belə, qəlbində ümid çırağı varsa, dünyanın özü adama o qədər də dar gəlmir ...
   Gülnar həddi-buluğa çatanda Güllü nənə nəvəsi Adilə belə bir halal süd əmmiş qız arzuladığını Dilbər xanıma üsulluca bildirib ağzını aramışdı. Əlyeri qoyandan sonra bir axşam nəvəsini də özüylə onlara qonaq apardı. İkimərtəbəli evin böyük eyvanından bütün şəhər elə bil ovcunun içindəydi. Dəliliyinə salıb Tiflisin bağrını yaran Kür çayına füsunkar mənzərə açılırdı. Adil bu gözəlliyin fərqinə varıb, feyzinə daldı... O zaman "Sovet Gürcüstanı" qəzetində ara-sıra şerləri dərc olunmağa başlamışdı. Yəqin ki, Gülnarın bundan xəbəri yox idi. Qonaqlara mətbəxdən çay gətirəndə tezliklə gənc şairin ilham pərisi olacağı ağlına gəlməzdi. Şeytanbazardan üzü yuxarı Xutsişvili küçəsinin yoxuşunu qalxanda Adil də bilmirdi ki, şair könlünün küləklər açıb bağlayan qapısından bir qızın sevdası bu gecə xəbərsiz içəri girəcək. Qəlbindən keçən duyğularını deyə bilmərəm, amma həmin gün gündəliyində nə yazdığından xəbərim var. Şerin ilk misrası belə idi: "Bir göyərçin kimi qondun qəlbimə". Adil haqlıydı. Gülnar sevdası göyərçin tək qondu qəlbinə və həmin andan şair könlünün bütün qapıları biryolluq iki tərəfli qapandı.
   
   ***
   1949-cu il yanvar ayının 3-ü Bakıya möhkəm qar yağmışdı. Yollar buz bağlamışdı. O axşam son dərəcə yaraşıqlı, mehriban, ləyaqətli bir tiflisli qızın yaşadığı ünvan dəyişdi: Bakı şəhəri, Pyotr Montin küçəsi, N-30. O gecənin qaranlığından başlayan, hər zaman rəvan, firavan olmayan, fəqət işıqlı, mənalı, sevdalı, Adilli ömür yolu düz 28 il davam etdi...
   Təzə pir məscidinin yaxınlığında Adilin xalası Həcər xanımın böyük məclislər üçün münasib olan evində (əlbət ki, o vaxtkı anlayışlara görə) toy-büsat vardı. Küçələri dizəcən qar basmışdı. Bir yandan da güclü külək qalxmışdı. Buna baxmayaraq, bəyin qələm və qəlb dostlarının hamısı onu təbrik etməyə gəlmışdi: Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, İslam Səfərli, Qabil, Hüseyn Abbaszadə, Mirmehdi Seyidzadə, filosof Adil Nəcəfov, Hilal dok-tor... Yaxın qohumlarla birlikdə cəmi 40 adam ancaq olardı. Amma o gecənin sevincindən, hərarətindən, səmimiyyətindən qırx il xoş xatirələr danışıldı. Müğənni Gülağa Məmmədovun mikrofonsuz, fonoqramsız oxu-yan vaxtları idi. Tar-kamanın müşayiətilə hər kəsə böyük səxavətlə qucaq-qucaq könül təranələri bəxş edirdi. Bir müddət sonra Adilin ailə dostu və yaxın qonşusu olacaq Gülağa müəllim onun sözlərinə yazılan "Azərbaycan", "Gözəldir", "Qızım" kimi neçə-neçə gözəl mahnını da məharətlə ifa edəcəkdi. O gündən düz 27 il sonra, yenə soyuq, amma qarsız-şaxtasız yanvar ayının 3-ü Adilin oğlunun toy məclisinin nəğməli qonağı da elə Gülağa olacaqdı. Gələcəkdə vaqe olacaqlardan tam xəbərsiz məclis əhli qədəhləri qaldırıb bəylə gəlinə xoşbəxtlik arzulayırdı. Nəğmə dolu könüllərdən şer dinləmək həvəsi keçirdi. Axı, qonaqların çoxu şair idi. Dadlı ev yeməkləri ilə zəngin süfrə başında, el musiqisinin sədaları altında sözün, musiqinin, saf duyğuların vəhdətindən rövnəqlənən toy məclisi kimsəni yormadan, üzmədən xeyli davam etdi...
   
   ***
   1950-ci ilin dekabr ayında Moskvada Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti ongünlüyü keçirilirdi. Gənc şair Adil Babayev də Dekada iştirakçısı kimi, paytaxta yollanmışdı. Oğul atası xəbərini dəmir yolu vağzalında onu qarşılayan həkim dostu Hilaldan eşitdi. Sevinci yerə-göyə sığmırdı. "Xalq düşməni"nin ailəsində solmuş ümidlər körpənin dünyaya gəlişiylə yenidən canlandı. Təbrik edən çox idi, amma ən böyük xeyir-duanı Sabunçu vağzalında qatardan düşər-düşməz Səməd Vurğun verdi:
   - Ayə, eşitdim oğlun olub, gözün aydın, ad fikirləşmisən?- deyə soruşdu.
   Ayazlı-şaxtalı qış havasından deyil, abır-həyasından yanağı qızaran Adil ustadının sualına doğru-dürüst cavab verə bilmədi. Susdu. Hər kəslə vidalaşıb tələsik evə yollandı. Adını qəlbində gəzdirsə də, çöhrəsini təsəvvür edə bilmədiyi o körpənin nə vaxtdan bəri sorağındaydı. Ağlı kəsən vaxtdan ətrafındakılardan o qədər nankorluq, xəyanət, satqınlıq, riyakarlıq görmüşdü ki, danışmaqla bit-məzdi. Belə mürəkkəb, iyrənc mühitdə, daim xof və şübhə əhatəsində böyüyən insanın qəlbindəki mənəvi saflığa, paklığa, nikbinliyə, ruhən zənginliyə, zahirən pəhləvan cüssəli olmasa da, qəhrəmanlıq səviyyəsinə qalxa biləcək qədər kişilik hünərinə, mərdliyinə, cəsarətinə yalnız həsəd aparmaq olardı. Vəfasızlıq, etibarsızlıq o qədər rastına çıxmışdı ki, sevincinin, dərdinin dilmancına, ona arxa-köməksiz olduğunu unutdurana, heç vaxt hiss etmədiyi, lakin hər zaman həsrətində olduğu ata qayğısına ehtiyacı vardı. Bəlkə, elə o səbəbdən Tanrıdan oğul payı gözləyirdi. Bəlkə, elə o üzdən üzünü görmədiyi oğluyla məktublaşardı.
   
   Oğlum, görməmişəm hələ üzünü
   Bilmirəm qarasan, yoxsa ki ağsan.
   Ancaq qəlbimdəki saf duyğuları
   Bilirəm yenidən canladacaqsan...
   
   Hərdən onunla böyüklər kimi, dərdləşərdi. Ürəyindəki ata həs-rətini, nisgilini, bəlkə, ilk dəfə ona etiraf etmişdi. Başına gətirilən min bir əzabın acısını, ağrısını kimsə bilməsə də, kimsənin yanında qürurunu sındırmasa da, görüşünə tələsdiyi körpə oğluna, görün nələr ünvanlamışdı:
   
   Onsuz min əzaba, min dərdə dözdüm
   Min yerdə pisliyə çəkildi adım.
   Namərdlər yanında şad görünsəm də
   Mərdlərin yanında yanıb ağladım.
   
   Sən indi uşaqsan, yaşa dolanda,
   Bilərsən, böyükdür qəlbimdəki qəm.
   Məni qınamasın dostlar tanışlar,
   Ata olsam belə, ata istərəm.
   
   Bu nisgillə ilk övladına neçə vaxtdan bəri ad axtarırdı Adil. Bunu da böyüyəndən sonra onun şerlərini oxuyanda öyrəndim:
   
   Budur bax, oturub kiçik masama,
   Sənin taleyini düşünürəm mən.
    Oğulla fəxr edən atalar kimi,
    Sənə ad seçirəm adlar içindən...
   
   Onun verdiyi adı 57 ildir ki, daşıyıram. 1956-cı ildə bir qızı da oldu. Gün gəldi, Gülnarı, da bacım Məlahəti də mənə əmanət edib, səssiz-səmirsiz köçdü bu dünyadan. Allahın verdiyi ömür payını tamamlamağa ona macal vermədilər. 52 yaşında ikən, onu seçib özüylə aparan əcəl unutdu ki, axı, mən də ata istərəm. Artıq baba olsam belə, yenə ata həsrətindəyəm...
   
   
   ***
   O illər ağır illər, getsin bir də gəlməsin
   O illərdən yara var ürəyində hər kəsin...
   
   Sovetlərdə "xalq düşmənləri"nin həyat yoldaşları, ailə üzvləri də xüsusi "diqqət" dən kənarda qalmırdı. Bu "qayğı"nın parlaq nümunəsi kimi, məhz onlar üçün nəzərdə tutulan, ayrıca düşərgələr yaradılırdı. On minlərlə günahsız qadın həyatının ən gözəl illərini AlJİR-də keçirməyə məhkum olmuşdu. Elə güman etməyin ki, AlJİR deyəndə, Əlcəzair respublikasını nəzərdə tuturam. Haqqında danışdığım yer "düşmən" qadınların Qazaxıstanda yerləşən xüsusi təyinatlı əmək-islah düşərgəsi idi. Rusca tam adı belə səslənirdi: - Akmolinskiy laqer jon izmennikov rodinı. Qısa şəkildə - AlJİR. Dözülməz şəraiti ilə xüsusi fərqlənən bu düşərgə çoxlarına son mənzil olmuşdu. Burada məktublaşma da qəti qadağan idi. Kimsədən hər hansı bağlama da almaq olmazdı. "Xalq düşməni"nin həyat yoldaşı və ya ailə üzvü, övladı və ya gəlini olmaq məhbəslərdə çürümək üçün əsas ola bilərdi. Rus çarı dekabristləri sürgünə göndərəndə qadınları onların ardınca könüllü getmişdilər. Onlara kimsə maneçilik yaratmamışdı. Şücaət, cəsarət, sədaqət nümunəsi kimi sonralar bu haqda çox danışıldı, yazıldı. Çarı devirib hakimiyyəti ələ alan bolşeviklərsə inqilab yolunda qan tökənləri də, cəbhələrdə qəhrəmanlıq göstərənləri də "xalq düşmən" elan edib zindana salanda həyat yoldaşları ilə görüşməkdən, yazışmaqdan məhrum etdilər. Kütləvi repressiya dövründə marşalları, ordu generallarını, komissarları, katibləri, nazirləri bir gecədə həbs edib işgəncələrə məruz qoy-maqla kifayətlənmirdilər. Onların ailə üzvlərinin həyatı hər an təhlükədə idi. Şübhə toru hamıya atıla bilərdi. Hər kəs ömrünün qalan hissəsiylə hər an vidalaşmağa hazır olmalı idı. Bəzən, cəlladların özləri şikara çevrilirdi. Dünən kimlərinsə həyatına son qoyan yüksək səlahiyyət sahibləri, bu gün həbs edilir, işgəncələrə dözməyənlər canlarını tapşırırdı.Hətta, Stalinin ən yaxın ətrafinda olanların da həbs düşərgələrinə, məhbəslərə salınan arvadlarının və ya övladlarının dadına yetişən tapılmırdı. Gülnar bəxtinə çıxan Adili yaxından tanıdıqca bu ailəyə daha çox bağlandı. "Xalq düşməni"nin oğlusan deyib, Adilin qanını zəhərləyən, önünü kəsən nadanlarla üzləşdikcə anlamaq dərdinin nə böyük yük olduğunu dərk etdi. Hər zaman ərinin yanında oldu ki, bu yükün ağırlığını Adil tək daşımasın. Əlindən gələni edirdi ki, taleyin acısına alışmış bu həssas insana ağrılarını, sıxıntılarını mümkün qədər unutdursun. Süleymana qalmayan dünya, günün birində, Stalinə də qalmadı. 1953-cü ildə "mİllətlər atası" dünyasını dəyişəndən sonra dünya da büsbütün başqalaşdı. Buzlar yavaş-yavaş əridi, yüz minlərlə insan bəraət alaraq, azadlığa buraxıldı. Həyatla vaxtsız vidalaşan günahsızların çoxuna ölümündən sonra bəraət verməklə onların ailə üzvlərini təmizə çıxartdılar. Ləkəli illərdə də ləkəsiz yaşamağı bacaran Babayevlər ailəsinin üzərindən 1956-cı ildə böhtan, şər örpəyi, düşmən damğası götürüldü. Gülnar həyatdan nakam gedən qayınatasına ehsan süfrəsi açmışdı. Məclisə ən yaxın ailə dostları dəvətliydi. "Xalıq düşməni" Hüseyn Cavidin həyat yoldaşı Müşkünaz xanım, qızı Turan Cavid, başqa bir "xalq düşməni"nin oğlu kinorejissor Şamil Mahmudbəyov da onlara gözaydınlığına gəlmişdilər...
   
   ***
   1977-ci ildə Adil Babayev uzun sürən ağır xəstəlikdən sonra ömrünün 52-ci baharında dünyasını dəyişəndə Gülnar xanımın 43 yaşı vardı. O zamandan balalarına sarılıb, Adil ocağını sönməyə qoymadı. Gün gəldi nəvə toyu da gördü, nəticələrini qucağına aldı. Bu gün onun 75 yaşı tamam olur. Bu yazını da guya onun haqqında yazacaqdım. Deyəsən, tam ürəyimcə alınmadı. Bəzən ürəkdəkiləri ürəkdən çıxarıb yazmaq da çətin olur. Ad günün mübarək, ana! Təkcə bizi böyütdüyün, atamın şərəfini qoruduğun üçün deyil, ana adını hər zaman uca tutduğun, ana ləyaqətini qoruduğun üçün sağ ol! Hər uşaq doğandan, sözün əsl mənasında, ana çıxmaz. Analıq yükünü daşımağın özü də böyük mücadilədir. Hər evli qadından həyat yoldaşı olmaz. Sən həyatda olmayan ərinə də həyatda qalıb həyalı yoldaş olmağın nə demək olduğunu çoxlarına sübut etdin. Bundan sonra hər kəs yüz il ya-şamasa... Sənin toyunda iştirak edən şair Osman Sarıvəlli deyir ki, "günah onun özündədir". Bu günahı üzərinə götürmə, ana!


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK