NATƏMİZLİK VARSA...

FAİQ QİSMƏTOĞLU
23054 | 2014-12-11 01:20
İş elə gətirib ki, bu sətirlərin müəllifi çox vaxt ictimai nəqliyyatdan - metrodan və avtobuslardan istifadə eləyir. Təbii ki, hər bir insan hər hansı nəqliyyat növü ilə gedəndə ilk növbədə orda səliqə-səhman və rahatlıq axtarır. Əgər əyləşdiyin avtobusda, yaxud da metro qatarlarında natəmizlik varsa və rahat deyilsə, istər-istəməz sərnişin kimi insan müəyyən şeylərdən narazı qalır.
Əlbəttə, o yerdə ki, səliqə-səhman var və təmizlik qorunur, həmin nəqliyyat vasitəsinə əyləşən sərnişin bayaq dediyimiz kimi, özünü daha rahat hiss edir. Bakı şəhərində də kifayət qədər sərnişinlərə normal xidmət edən və avtobuslarda səliqə-səhman yaratmış marşrut sahibləri var. Marşrutlar aydındır ki, səliqəli və təmiz olduğu üçün sərnişinləri daha çox özlərinə çəkir. Bu mənada 65 nömrəli marşrutda işləyən avtobuslarda həmişə bir səliqə-səhman və rahatlıq görmüşük.
Sürücülərə gələndə isə, onlar da çox səliqəli və mədənidirlər. Geyimləri ilə seçilirlər və insanlarla münasibətində yaxşı mənada digərlərindən fərqlənirlər.
Təəssüf ki, bu sözləri heç də bəzi marşrutlar barəsində demək mümkün deyil. Ən azından ona görə ki, bəzi marşrutlarda işləyən avtobuslar sanki axşamlar yuyulmur, içərisi təmizlənmir və çirkli şəkildə sabahı günü yenidən xəttə buraxılır.
Ancaq mövcud təlimata əsasən avtobuslar növbəni başa vurandan sonra gecə saatlarında qaraja gətirilərkən yuyulmalı, texniki baxışdan keçməli və səhər saatlarında sükan arxasında əyləşən sürücü həkim müayinəsindən sonra nəqliyyat vasitəsini idarə etməlidir. Bu təlimatda belədir.
Ancaq gəlin görək niyə bəzi marşrutlarda işləyən avtobuslarda natəmizlik, antisanitariya və səliqəsizlik hökm sürür. Məsələn, metronun "Gənclik" stansiyasından Binəqədi istiqamətinə hərəkət edən 133 nömrəli marşrutda işləyən avtobusların bəzilərində səliqə-səhmandan və təmizlikdən söhbət gedə bilməz.
Bazar günü həmin nömrəli marşrutun avtobuslarından birinə elə "Gənclik" stansiyasının yanından minib Binəqədi rayonuna gedirdik. Səhər saat 9 olmasına baxmayaraq, avtobusun salonu toz-torpağın içindəydi.
Qəribəydi ki, sanki sərnişinlər də bu cür vəziyyətlə razılaşıblar. Amma onların arasından (deyəsən birinci dəfəydi ki, 133 nömrəli marşruta minmişdi) bir nəfər gileyli-gileyli dedi ki, hələ mən belə tozun-torpağın içində olan avtobus görməmişəm. Amma soruşsan sürücü and-aman eləyəcək ki, axşamdan maşın yuyulub. Doğrudan da avtobusun salonunda o qədər toz-torpaq var idi ki,adam gördüyünə məəttəl qalırdı. Sanki avtobus bir neçə gün imiş ki, yuyulmurmuş.
Bu barədə sərnişinlər sürücüyə irad tutanda o isə səbirli-səbirli dilləndi:
- Nə olsun bu gün avtobusun salonu toz içindədir, axşam imkan olmayıb yuya bilməyiblər. Darıxmayın, Allah qoysa bu axşam mütləq maşını yudurdacağam.
Sərnişinlərin bir çoxu isə dedilər:
- Biz heç darıxmırıq. Onsuz da bu cür hallara öyrəşmişik. Amma fikirləşmirsiniz ki, bu toz-torpaq mikrobdur və hava vasitəsilə ciyərlərimizə dolur.
İnsaf naminə desək, sərnişinlərin narazılığından sonra sürücü də dillənmədi. Əlbəttə, gərək kimsə danışsın, etiraz eləsin və bundan sonra hansısa sürücü maşının salonunu təmiz saxlasın. Əgər, bu avtobus və eləcə də digərləri sərnişinlərə xidmət eləyirsə, təbii ki, onu da hər gün yuyub təmizləmək lazımdır. Çünki antisanitriya, toz-torpaq hər hansı bir xəstəliyin baş qaldırmasına real şərait yaradır.
Bunun qarşısını almaq isə o qədər də müşkül məsələ deyil. Sadəcə olaraq sükan arxasında əyləşən sürücü məsuliyyət hiss etməli və sərnişinlərin dedikləri ilə razılaşmalı və avtobusun salonunda səliqə-səhman yaratmalıdır. Əgər bir səliqəsiz və yuyulmamış avtobus xəttə çıxırsa, deməli, burda həmin nəqliyyat vasitəsinin məxsus olduğu məhdud məsuliyyətli cəmiyyətin rəhbərindən tutmuş mühəndisinə, texnikinə və sürücüsünə kimi hamı məsuliyyət daşıyır.
Bizimkilr ona öyrəşib ki, yaxşı xidmət etdi-etmədi, təki çoxlu pul qazansınlar. Çünki o da sirr deyil ki, günün "ças-pik" vaxtlarında avtobuslar ağzına qədər sərnişinlə dolu olur, hətta bəziləri qapılardan sallaşıb gedirlər. Təsadüfi deyil ki, bir neçə dəfə avtobusun qapısından sallaşıb gedən sərnişin yıxılıb, ya dünyasıını dəyişib, ya da ağır xəsarət alıb.
Söhbətimizin canı ondan ibarətdir ki, sərnişindaşımada bir çox qaydalar yaradılıb və buna da yavaş-yavaş sürücülər əməl etməyə başlayıblar. Amma gəlin razılaşaq ki, avtobusların salonunun təmiz saxlanılması hələ də bütün marşrutlarda öz müsbət həllini tapmayıb.
Bayaq dediyimiz kimi, buna görə tək sürücü deyil, məhdud məsuliyyətli cəmiyyətin rəhbərləri də məsuliyyət daşıyırlar. Onlar yaxşı pul qazandıqları kimi, sərnişinlərə də yaxşı xidmət etməli, avtobusun salonlarında səliqə-səhman yaratmalı və onları mənzil başına zəhmət çəkib təhlükəsiz çatdırmalıdırlar.

TƏQVİM / ARXİV