hacklink Adalet.az | MƏNİM TANIDIĞIM HEYDƏR ƏLİYEV Adalet.az | MƏNİM TANIDIĞIM HEYDƏR ƏLİYEV Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MƏNİM TANIDIĞIM HEYDƏR ƏLİYEV

21617    |   2008-05-12 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər xalqın tarixində elə insanlar olur ki, onların yalnız doğum tarixi var, ölüm tarixi yox. Ölümsüzlük - xalqın taleyüklü məqamlarında silinməz iz buraxanlara, Yaradanın lütfüylə verilən yüksək fitri istedadla, yaxud cəngavər hünəriylə qəhrəmanlıq göstərən millət, dövlət xilaskarlarına - yeni tarix yaradanlara nəsib olan qismətdir. Çağdaş Azərbaycanımızda belə şəxsiyyət Heydər Əliyev idi. Dövlətin iqtisadi dirçəlişinin, millətin mənəvi yüksəlişinin təməlini qoyan, bir kərə endirilən üç rəngli bayrağı bir daha enməyəcək qədər yüksəklərə ucaldan, "Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir", deyən və bunun gəlişigözəl sözlər deyil, yeni dövlətçilik konsepsiyasının əsası olduğunu yeni Azərbaycanın timsalında bütün dünyaya nümayiş etdirən Prezident Heydər Əliyev! Ana torpağın hər qarışında onun fədakar əməyinin, xeyirxah əməlinin nişanəsi var. Səsimizi, sözümüzü, dərdimizi ən yüksək xitabət kürsülərindən hər kəsə duyuran, millətlər içində imzamızı tanıdan, dövlətlər sırasında Azərbaycanı ön cərgəyə çıxaran, xalq olaraq üzümüzü ağ, başımızı uca edən böyük Öndərin qarşısında həmişə minnətdarlıq hissiylə baş əyirik. Sonsuz hörmət və dərin rəğbət rəmzi kimi, çox yerdə ona heykəllər qoyulub. Amma bu abidələrin ən əzəmətlisi hər bir vətənpərvər azərbaycanlının qəlbində ucaldılıb. Azərbaycanlı olmasıyla fəxr edən, bu fəxarət duyğusunun nə böyük nemət olduğunu hər birimizə duyuran, yaşadan Heydər Əliyev oldu. O deyirdi:
   "Hər bir insan üçün onun milli mənsubiyyəti qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"
   Azərbaycançılıq ideologiyasının yaranması, inkişafı bilavasitə Heydər Əliyevin adıyla bağlıdır. Bu işin əsas istiqamətlərindən biri də xaricdə yaşayan soydaşlarımızla əlaqələrin güclənməsi, tarixi vətənləri Azərbaycanla mənəvi bağlılıqlarının möhkəmlənməsidir. O, ruhən və mənən olan birliyi coğrafi bötövlükdən üstün tutardı. Heydər Əliyev siyasi uzaqgörənliklə azərbaycanlıları vahid ideya - Vətən sevgisi ətrafında sıx birləşməyə çağırdı. Bu birlik sonralar Azərbaycanın siyasi, iqtisadi, diplomatik uğurlarının rəhni oldu. Regionun lider dövlətinə çevrilmiş müstəqil Azərbaycanda milli birliyimiz, azadlığımız, həmrəyliyimiz tam şəkildə nə zaman bərqərar olacaq? Heydər Əliyev bunu belə təsəvvür edirdi:
   "Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır!"
   
   * * *
   
   Bu böyük zəka sahibinin şərəfli ömür yolu xalqa sədaqətlə xidmət etməyin parlaq nümunəsidir. O, ən çətin məqamlarda millətinin, dövlətinin ali maraqlarını qorumağı bacardı. Ona görə Azərbaycanı Heydər Əliyevsiz, Heydər Əliyevi Azərbaycansız təsəvvür etmək mümkün deyil. Biz fəxr edirik ki, heç vaxt qocalmayan dünyamızda amansız ölümə qalib gələn, tarixdə özünə ölümsüzlük qazanan, əbədi var olan, sayla seçilən siyasi dühalar arasında, taleyinə ölümsüzlük yazılan Ümummilli Liderimiz - Heydər Əliyevimiz var!
   Heydər Əliyevin uğurlarının səbəbi görən nəydi? Buna müxtəlif cür cavab vermək olar: fitri istedadı, zəhmətsevərliyi, keçdiyi həyat məktəbi, uzun illərdən bəri topladığı zəngin təcrübə, ona ailə sevincinin xoşbəxtliyini yaşadan Zərifə xanım kimi ömür-gün yoldaşının varlığı və s. Amma bütün bunlarla yanaşı, böyük siyasətçi olmanın kiçik, lakin çox vacib bir sirri də var. O, bunu bilirdi: "Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz".
   
   * * *
   
   Çoxillik dövlətçilik təcrübəsindən belə qənaətə gəlmişdi ki, "hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz". Bunu normal qarşılamaq lazımdır. Bu fikrə düşmən kəsilən siyasətçi tərəfdaşlarını itirər, hər keçən gün silahdaşlarından, siyası həmfikirlərindən uzaq düşər və bir gün gələr təklənər, siyasi rəqiblərinə uduzar. Fikir plüralizmindən, tolerantlıqdan adətən, kim qorxmaz, bilirsiz? Hadisələrə müstəqil baxışı olan insanlar. Haqlı olduğuna əmin olanlar və mövqeyini qoruyub saxlamağı bacaranlar. Müqəddəs sözü sözçülük çirkabına bulaşdırmayanlar. Sözə sözlə deyil, əməllə cavab verənlər. Hamının bir olmadığını qəbul etdiyi üçün, hamını bir boyda, bir düşüncədə, əqlin, şüurun eyni inkişaf mərhələsində olmadığını qəbul edənlər və bu kəsiri kimsədə qüsur görməyənlər. Ətrafında hərə bir dildə danışsa da, fərqli dərd yükü daşısa da, kimsəni qırmadan hamını anlaya və idarə edə biləcək gücə malik olan seçmə siyasətçilər. Xırda hisslərə əsir olmayan dövlət adamları. Fikir müxtəlifliyini normal qarşıladığı üçün fərqli düşünənlərin də bir millətin, bir vətənin övladları olduğunu dərk edənlər. Milli, dövlətçilik maraqları ətrafında hamını cəmləməyi bacaran böyük çaplı siyasətçilər. Heydər Əliyev belə şəxsiyyət idi. O, Allahdan başqa kimsədən qorxmazdı. Müxalifətlə görüşməkdən, müxtəlif fikir, düşüncə və mövqe sahiblərini dinləməkdən çəkinməzdi. O deyərdi:
   "Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın".
   
   * * *
   
   O, zorakılığı xoşlamazdı. Ən ali məqsədə də ağlın, zəkanın, zəhmətin, səbrin gücüylə nail olmağa çalışardı. O, həm də gözəl tarixçi idi. Dünyanın gərdişini, kimlərin necə gəlib-getdiyini, nələr gətirib, nələr apardığını, keçici - qalıcı varlıqların nə olduğunu hamıdan yaxşı bilirdi. General olsa da, özüylə sonadək gəzdirdiyi yeganə şəxsi silah ağlı, zəkası, səbri, dözümü idi. Bundan güclü, kəsərli, təsirli nə qılınc-tapança tanıyırdı, nə top- tüfəng. Hər kəsə yeri gələndə xatırladardı ki:
   "Ağıl olan yerdə zora ehtiyac yoxdur".
   Heydər Əliyev üçün xalqa xəyanət nə demək idi? Məmur özbaşınalığı tüğyan edəndə, xalqın səsi ancaq seçki qutusu başında eşidiləndə, vicdan dəyərdən düşəndə, əxlaqsız davranış tərzi cəmiyyəti bürüyəndə, rüşvət həyasızcasına nəzakətin pərdəsinə bürünəndə, insan dəllalları çoxalanda, harınlar halalların yolunu kəsəndə, yüksək istedad sahibinin ailə sahibi kimi öz borcunu yerinə yetirmək üçün əməyini dəyər-dəyməzinə satdığını eşidəndə Liderimiz susmazdı. Bütün bu eybəcərlikləri ən böyük xəyanət bilən, onlara qarşı barışmaz mövqe tutan bu böyük İnsan xitabət kürsülərindən hər zaman həyəcan təbili çalaraq, hər kəsi mənəviyyat quldurlarına qarşı mübariz olmağa çağırardı. Məsləksizləri, mənəviyyatsızları, mövqesizləri məzəmmət edərdi. Təkcə xalqın, dövlətin malına göz dikənlərə deyil, gözlərdə sevinci, üzlərdə abır-həyanı, konüldə məhəbbəti talayanlara, ömür boyu ürəkdə bəslənən ümidləri, arzuları, niyyətləri talan edənlərə nifrətini gizlətməzdi. O deyərdi:
   "Rüşvətxoru, oğrunu qəhrəman etmək, öz xalqına xəyanət etməkdir".
   
   * * *
   
   O etiraf edirdi ki, neft də qaz da, pambıq da Azərbaycanın sərvətidir. Eyni zamanda yaxşı bilirdi ki, bu cür təbii sərvətlərdən dünyanın çox yerində var. Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın qaynağı isə yalnız və yalnız Azərbaycandır. Mənəvi qızılı ağ qızıldan da, qara qızıldan da üstün tuturdu. Onu ixrac etmək olmaz, deyirdi. Milli mənəvi sərvətimizin qaynağı olan ziyalıları qorumaq lazım gəldiyini hər fürsətdə dilə gətirirdi. O deyırdi:
   "Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist - bunlar fitri istedada malik olan nadir adamlardır".
   Xüsusi qayğı görmüş ziyalılar arasında kimlər var idi desəm, siyahı çox uzanar. Yenə olsun, bəzilərini xatırlayaq: Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Səttar Bəhlulzadə, Rəşid Behbudov, Ziya Bünyadov, Tahir Salahov, Rəsul Rza, İlyas Əfəndiyev, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Zeynəb Xanlarova, Anar, Ömər Eldarov... Sənətə, sənətkara onun qədər dəyər verən ikinci rəhbər görmədim. Ədəbiyyat və incəsənət nümayəndələrini, elm xadimlərini el-oba içində nüfuz sahibi edən amillərdən biri də onun nümayişkaranə qayğıkeşliyi, sağlam münasibəti, məqsədyönlü dəstəyi idi. Hərənin nəyə qadir olduğunu bilirdi, yeri gələndə istiqamətləndirirdi, tövsiyə verirdi. Ona inanırdılar, dediklərini qəbul edirdilər. Təkcə yüksək vəzifəsinə görə deyil, fenomenal Şəxsiyyət olaraq böyük nüfuzuna görə hər zaman söz sahibiydi Heydər Əliyev. O deyərdi:
   "Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır".
   
   * * *
   
   O, çoxillik əmək fəaliyyətində müxtəlif vəzifələrdə çalışdı. Amma heç vaxt kimsənin yerinə gəlmədi, pillə-pillə ucalaraq, Azərbaycan tarixində öz yerini tutdu. Kimsəyə də bu yeri verməyəcəyinə, daim əvəzolunmaz lider kimi qalacağına inanıram.
   "Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır".
   Bu da Heydər Əliyevin tövsiyəsi idi...
   Həqiqi liderlik - xalq içində sıradan biri olub, sırada birinci olmaqdır! Sırada birinciliyi qazanmaq, millətin öndəri olmaq ona yaraşırdı. O, dövlətçiliyimizin baş tacı idı. Heydər Əliyevi ucaldan onun özünün ucaltdığı doğma xalqı idi. Azərbaycanlı olması ilə daim fəxr edən Ulu Öndər dönə-dönə vurğulayardı ki, mən bütün uğurlarıma görə xalqıma borcluyam, həmişə ona arxalanmışam. Onun toxunulmazlığının qarantı XALQDIR! Bu dünən də beləydi, bu gün də belədir, sabah da belə olacaq. Hər zaman xalqına arxalanan Heydər Əliyev Azərbaycanda hər zaman yaşayacaq. Onun sadəliyinin, müdrikliyinin, ucalığının, əbədiliyinin sirri də budur!


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO