KƏSKİN RESPİRATOR VİRUSLARDAN QORUNMAQ MÜMKÜNDÜRMÜ?

FAİQ QİSMƏTOĞLU
62893 | 2014-12-10 02:46
Mütəxəssislər bildirirlər ki, mövsümi dəyişikliklərlə əlaqədar bir çox infeksion xəstəliklər baş qaldırmağa başlayır. Yazda və payızda bu cür hallarla insanlar daha tez-tez üzləşirlər. Çünki fəsillərin dəyişməsi bu və ya digər dərəcədə insan səhhətinə təsir göstərir.
Əlbəttə, şəkər, ürək-damar və yüksək təzyiqdən əziyyət çəkən pasiyentlər yaz və payız mövsümündə daha çox diqqətli olmalıdırlar. Ən azından onlar mütəmadi olaraq həkim nəzarətindən keçməli və yazılmış dərmanları qəbul etməlidir. Bir balaca səhlənkarlıq və diqqətsizlik hər hansı xəstənin səhhətində kəskin ağırlaşmalar yarada bilər.
Eyni zamanda qış mövsümündə də bəzi infeksion xəstəliklərin yayılma ehtimalları mövcuddur. Belə ki, kəskin respirator virusların insan səhhətinə göstərdiyi təsir nəticəsində qısa zaman kəsiyində pasiyentlərdə vəziyyət ağırlaşır. Məhz buna görə də qış mövsümündə də insanlar öz sağlamlıqlarına xüsusi diqqət yetirməli və lazımi gigiyenik-sanitar qaydalara əməl etməlidir. Ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar isə küləkli və soyuq havalarda, xüsusilə diqqətli olmalıdırlar. Yəni bu cür hava şəraitində onlar çöldə, bayırda və soyuq havada çox olmamalı, həkim məsləhəti ilə həmişə qəbul etdikləri dərmanlardan istifadə etməlidirlər.
Həkim-ekspert Nadir Eyvazov mövsümi xəstəliklərlə bağlı öz fikirlərini bildirərkən deyir ki, qış aylarında yaşlı insanlarda və uşaqlarda immunitet zəifləyir. Ona görə də bu cür insanlar müxtəlif infeksion xəstəliklərə daha tez yoluxurlar. Kəskin respirator viruslar isə demək olar ki, bu qəbildən olan xəstələr üçün daha təhlükəlidir. Xüsusən də avtobuslardan və metrodan istifadə edən insanlar belə xəstəliklərə daha tez yoluxa bilərlər. Gəlin etiraf edək ki, qripə və digər xəstəliyə yoluxmuş pasiyentlər ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etmir, asqırıb və öskürərkən hətta ağızlarını belə əlləri ilə tutmağa ərinirlər. O da aydındır ki, nəqliyyat vasitələrindəki digər insanların həmin xəstəliyə daha tez yoluxmasına münbit şərait yaranır.
Ümumiyyətlə, ictimai nəqliyyatdan - avtobusdan və metrodan istifadə edən insanlar daha diqqətli olmalı və sanitar-gigiyenik qaydalara əməl etməlidirlər. Onlar ən azından işə gəldikdə və evə qayıtdıqda əllərini bir neçə dəfə sabunla möhkəm-möhkəm yumalıdırlar. Çünki əlləri ilə avtobusun tutacaqlarından yapışan, yaxud metro qatarının tutacağından tutan insanların əllərində müxtəlif mikrobların olması ehtimalı daha çoxdur. Təbii ki, bu mənada yenə insanlar sanitar və gigiyenik qaydalara mütləq riayət etməlidirlər.
Bizimlə söhbətində Nadir Eyvazov bir fikri də xüsusilə vurğuladı ki, qış mövsümündə insanlar tərkibi minerallarla və vitaminlərlə zəngin olan meyvələri və qidaları daha çox qəbul etməlidirlər. Bununla yanaşı, tərəvəz məhsulları, göy-göyərti demək olar ki, immunitetin güclənməsinə kömək edir, hər hansı xəstəliyin baş qaldırmasının qarşısını alır. Üstəlik də sağlam həyat tərzi, piyada təmiz havada gəzmək insan sağlamlığı üçün vacib şərtlərdən biridir.
Bəziləri sarmısaqdan və soğandan istifadə etməyə çəkinir. Hansı ki Amerika kimi inkişaf etmiş ölkədə onun vətəndaşları şənbə-bazar günləri mütləq sarmısaq, ya da soğan yeyirlər. Onun özü də qripə və digər xəstəliklərə qarşı ən yaxşı profilaktik vasitədir. Bir sözlə, bir həkim kimi məsləhət görərdim ki, insanlar bütün mövsümlərdə olduğu kimi, qışda da diqqətli olsunlar, sağlamlıqlarını qorusunlar və hər hansı xəstəliyin qarşısını almaq üçün həkimlərin məsləhətlərinə qulaq assınlar. Bir də gərək hər bir şəxs özü-özünün həkimi olsun. Yəni xəstənin səhhətində müəyyən problem varsa və həkim də məsləhət bilirsə ki, filan şeyi yemək olmaz, gərək pasiyent deyilənlərə əməl eləsin. Bax, onda insanlar problemlərlə üzləşməz və qarşılaşsa da həmin çətinlikləri zamanında aradan qaldıra bilər.
Artıq qış qapımızın ağzındadır. Soyuq havalarda isə biz daha tez müxtəlif xəstəliklərə yoluxa bilərik. Bundan isə çıxış yolu var, amma sadəcə olaraq, həkimlərin tövsiyələrinə qulaq asmalıyıq və öz səhhətimiz haqqında dərindən düşünməliyik.

TƏQVİM / ARXİV