adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

VƏZİYYƏT DƏYİŞİRMİ?..

BABƏK YUSİFOĞLU
30733 | 2014-12-10 13:43
Ukraynada davam edən qanlı döyüşlərə bu günlərdə ara verilib. Bir sıra ekspertlərin fikrincə, belə bir "prikur" Moskva ilə Qərb arasında gizli aparılan danışıqların nəticəsində əldə edilib. Onların sözlərinə görə, Kreml ölkədəki iqtisadi durumun sürəkli olaraq pisləşməsini bu dəfə gözardına vurmayıb. Ukraynaya qaz nəqlinin bərpası, Fransa prezidenti Fransua Ollandın Vladimir Putinlə son görüşməsindən sonra pozitiv jestlər verməsi, tərəflər arasındakı çağırışların cüzi də olsa yumşalması konfliktin köklü şəkildə həll oluna biləcəyi barədə ehtimalları gücləndirir.
Hətta artıq bəzi Rusiya qəzetləri vəziyyətlə əlaqədar açıq fikir də bildirməkdən çəkinmirlər. Onların dediyinə görə, indi Donbas, Luqansk artıq Putinə lazım deyil. Maraqlıdır ki, bu tendensiyanı nüfuzlu Avropa nəşrləri də bölüşürlər. "Der Spieqel" jurnalı bildirir ki, Rusiya prezidenti Vladimir Putin nə Luqansk, nə Donetsk vilayətlərinin Ukraynadan ayrılmalarına cəhd edir. "Əksinə o, bütün gücüylə bu böhranın bundan sonra da davam etməsindən qaçmağa çalışır".
Amma bununla belə, gündəmdə olan məsələlərdən biri də bu müharibənin nəticələri haqqında deyilənlərdir. Avropalı ideoloqlar bildirirlər ki, rusiyalı lider haqqında deyilən bu sonuncu pozitiv fikirlər doğru olsa belə o, ən azı Ukraynanın federativ bir dövlətə çevrilməsindən vaz keçməyəcək. Qərbin rəsmi nümayəndələri bu variantı qəbul etməsələr belə Vladimir Putinin müharibənin durdurulması barədə deyilən həmin iddiaları bölüşürlər.
Hətta Krımın Moskvanın nəzarətində qalması məsələsi belə gündəmə gətirilib. Fransız prezidentinin mətbuata verdiyi açıqlamalarından aydın olur ki, məsələylə bağlı aparılan danışıqlarda müəyyən müsbət ştrixlərin yaranması gözləniləndir. Fransua Olland deyib: "Biz cənab Nazarbayevlə razılığa gəlmişik ki, belə vizitlər vasitəsi ilə ilk növbədə regiondakı gərginliyi azaldaq, dialoqu inkişaf etdirək. Çalışaq ki, Ukraynanın Şərqində müəyyən muxtar qurumun yaradılmasına təminat verməklə ölkənin ərazi bütövlüyünün qorunmasına nail olaq".
Ekspertlər belə hesab edir ki, Ukrayna barədə razılaşmaların əldə edilməsi məsələsində indi tərəflərin nüfuzunun qorunması əsas müzakirə mövzusuna çevrilib.
Bütün bu olaylardan sonra Kremlin hər şeydən imtina edərək, itirdikləriylə sakitcə razılaşaraq geri çəkiləcəyi heç də gerçəyə bənzəmir. Moskva ən azı Krımı əldən vermək istəməyəcək. Əlbəttə Qərbin də öz növbəsində, apardığı uzun dialoqlardan, tətbiq etdiyi sanksiyalardan, məqsədləri barədə açıq-aşkar bəyanatlar verdikdən sonra heç nəyə nail olmadan geriyə addım atması absurd sayılar. Və belə olan halda Ollandın səsləndirdiyi fikirlər daha məqbul görünür.
Amma bəzi ekspertlər bu variantın da asanlıqla başa gəlməyəcəyini söyləyirlər. Onların fikrincə hazırda həm Donetskdə, həm də Luqanskda çoxlu sayda silahlı qruplar mövcuddur ki, onlardan bir çoxu Kremlin istəklərini qəbul etməyəcək. Bunu bir müddət əvvəl separatçı rejimdə seçkilərin aparılması məsələsində də hər kəs gördü. Həmin dəstələrin öz tələbləri var. Və onlar əlavə problemlərin meydana çıxmasına səbəb olacaq. O da mümkündür ki, məhz həmin silahlı birləşmələr sülh danışıqlarını pozsun.
Hələlik situasiya mürəkkəb olaraq qalmaqdadır. Çünki, nədənləri müxtəlif olsa da prosesin bu ssenariylə irəliləməsini təkcə həmin silahlı qruplar deyil, həm də Avropa Birliyi ölkələrindən bir neçəsi məqbul saymır. Elə AB-nin ən böyük üzvlərindən biri Almaniya başqa bir "ssenari"nin tərəfdarıdır. Qərbin bəzi siyasiləri isə ümumiyyətlə, Rusiyaya göstərilən təzyiqlərin davam etdirilməsinin tərəfdarıdır.
Onların fikrinə görə, Moskvaya qarşı sanksiyaların effekt verməyə başladığı bir zamanda prosesi durdurmaq çox yanlışdır. Rusiyanın hərbi-siyasi özbaşınalığı birdəfəlik durdurulmalıdır.
Əlbəttə, bütün bunların nə ilə nəticələnəcəyini qabaqcadan dəqiq söyləmək qeyri-mümkündü. Amma burada dəqiq olan bir məsələ var. Bu qarşıdurmada öz iradəsinin üstünlüyünü saxlaya bilən tərəf regionun nüfuz sahibinə çevriləcək. Bu qaçılmazdır...

TƏQVİM / ARXİV