SOYUQ, QARLI VƏ YAĞIŞLI HAVALARDA XİDMƏT ETMƏK ÇƏTİNDİR

FAİQ QİSMƏTOĞLU
64752 | 2014-12-09 09:59
Yağış ara vermir. Sanki göydən vedrə ilə yerə su tökülür. Amma belə bir şəraitdə yol patrul xidməti əməkdaşları əyinlərində plaş və başları bağlı xidmət aparırlar. Maşının içərisindən onlara baxanda adam üşüyür. Tək yağışlı havada deyil, hətta soyuq və qarlı günlərdə də polis əməkdaşları belə xidmət edirlər. Göydən "od yağanda" isə xidmətlərini davam etdirirlər.
Təəssüf ki, heç də biz həmişə yol polisinin bu cür əziyyətlərini dəyərləndirə bilmirik. Sanki onların bizim dədəmizə borcu varmış. Çox uzağa getməyək, son bir ayda bir polisi sürücü bıçaqlayıb, birinin üstünə benzin ataraq yandırıb, birini də maşınla vurub qaçıb. Hələ ötən ilin dekabrın 31-də isə Yol Patrul Xidməti Alayının 6-cı tağımının stasionar postunda növbədə olan Polad adlı polis serjantını yüksək sürətlə gələn maşın vurmuş və nəticədə Polad dünyasını dəyişmişdi. Həmin sürücü də sərxoş vəziyyətdə olmuşdu.
Ümumiyyətlə, yol polisinə qarşı kobudluq edən və onlara cinayət törətməkdən belə çəkinməyən sürücülərin əksəriyyəti ya əvvəllər məhkum edilib, ya da sərxoş vəziyyətdə olublar. Cəmiyyət bu cür hallara qarşı heç vaxt biganə qalmamalı, qanunları qoruyan Azərbaycan polisini müdafiə etməli və qorumalıdır. Çünki yağışda, qarda xidmət aparan o yol polisləri də bizim qardaşlarımız, əmilərimiz və qohumlarımızdırlar.
Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşları da Ələt-Astara avtomobil yolunda yağışlı və yağmurlu hava şəraitində xidmətlərini məsuliyyətlə davam etdirirlər. Çünki bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini tənzimləmək və xidməti vəzifəni yerinə yetirmək bir qədər də çətinləşir. Amma buna baxmayaraq, 10-cu tağımın əməkdaşları mürəkkəb hava şəraitində hərəkətin təhlükəsizliyini təmin edir və baş verə biləcək qəza şəraitlərinin qarşısını alıblar.
Şənbə-bazar günləri keçirilən reydlər isə öz iş əmsalı ilə diqqəti cəlb edir. Belə ki, bu reydlər zamanı çoxlu sayda kobud qayda pozuntularına yol vermiş sürücülər saxlanılıb və məsuliyyətə cəlb ediliblər. Sərxoş, ötmə əməliyyatını pozan, qəza şəraiti yaradan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sərnişindaşıma qaydasını pozan və texniki cəhətdən nasaz avtomobil idarə edən çoxlu sayda sürücülər barəsində ciddi ölçü götürülüb.
Keçirilən reydlərin birində isə DİN-in növbətçi hissəsindən bütün tağımlara məlumat verilib ki, "Hunday" markalı 90 NK 408 nömrəli avtomobil qaçırılıb. Elə bu məqsədlə də 10-cu tağımın stasionar postunda əməkdaşlara həmin maşını saxlamaq haqqında tağım komandiri tərəfindən göstəriş verilib. Maşın stasionar posta yaxınlaşan zaman yol polisi əməkdaşları ona "saxla" işarəsi verib, amma sürücü buna məhəl qoymayıb yenə nəqliyyat vasitəsini idarı edib. Yol polisi əməkdaşlarının apardığı operativ əməliyyat nəticəsində bir müddətdən sonra "Hunday" markalı avtomobil saxlanılıb. Ancaq oğrular bu maşını aşıraraq aradan çıxmağa çalışıblar. 10-cu tağımın komandiri, polis kapitanı Qulu Quliyevin və əməkdaşlar polis baş leytenantı Cavid Quliyevin, polis serjantları Mənsur Quliyevin, Anar Abıyevin, Zaur Aslanovun və Amid Qəhrəmanovun peşəkarlığı nəticəsində oğrular yaxalanıblar. Maşın oğruları - Ərşad Əli oğlu Səfərov, Həsən Hüseyn oğlu Soltanov, Mais Aydın oğlu Fərzəliyev yaxalanaraq müvafiq polis şöbəsinə təhvil veriliblər.
10-cu tağımın komandiri, polis kapitanı Qulu Quliyev bildirir ki, onlar hərəkətin təhlükəsizliyini təmin etməklə yanaşı lazım gələndə cinayətkarlığa qarşı da mübarizədə vəzifə borclarını yerinə yetirməyə çalışırlar. Həmin anlarda biz son dərəcə narahat idik. Narahat idik ki, cinayətdə şübhəli bilinənlər qaçıb aradan çıxa bilərlər. Çünki hər üç yaxaladığımız şəxs qaçıb özlərini Kür çayına atmaq istəyirdilər. Ancaq əməkdaşlarımız onlara imkan vermədi və biz çətinliklə də olsa bu adamları tutub aidiyyəti şöbəyə verdik.
Onu da qeyd edim ki, tağımımızın əməkdaşları 11 ayda 200-ə yaxın sərxoş sürücü barəsində inzibati protokol tərtib edib. Bununla yanaşı, bir neçə kobud qayda pozuntusuna yol verən sürücülər də əməkdaşlarımızın sayıqlığı nəticəsində saxlanılıblar. Heç kimə sirr deyil ki, kobud qayda pozuntularına yol verən sürücülər bəzən "dayılarına" arxalanır və müxtəlif yolla bizə təzyiq göstərməyə çalışırlar. Birmənalı olaraq deyə bilərəm ki, heç kəs bizə təzyiq və təsir edə bilməz və hər şey qanunla tənzimlənir. Bir daha demək istəyirəm ki, sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçsinlər və nəqliyyat vasitələrini təhlükəsiz idarə etsinlər.
10-cu tağımın əməkdaşları Ələt-Astara yolunun 116,6 kilometrliyində xidmət aparırlar. Xüsusən yağışlı və qarlı havalarda gecə saatlarında yol patrul xidməti əməkdaşları avtomobil yolu ilə fasiələsiz olaraq hərəkət edir, yolda nasaz vəziyyətdə qalan maşınları ordan uzaqlaşdırır və hərəkətin təhlükəsizliyini təmin edirlər. Çünki yolda nasaz vəziyyətdə hərəkətsiz qalan nəqliyyat vasitəsi digər avtomobillər üçün qəza şəraiti yaradır. Əgər həmin avtomobillər vaxtında yolun hərəkət hissəsindən götürülməzsə, deməli, bu hər hansı qəzanın baş verməsi deməkdir.
Yol Patrul xidməti Alayının komandir müavini, polis polkovnik-leytenantı Qüdrət Məmmədov bildirir ki, şənbə-bazar günləri bütün tağımlar üzrə reydlər keçirilir. Bu reydlərdə 10-cu tağımın əməkdaşları da bütün qayda pozuntularına qarşı davamlı olaraq mübarizə aparırlar. Mənim özüm də bir neçə dəfə həmin tağımın keçirdiyi reydlərdə iştirak eləmişəm. Görmüşəm ki, əməkdaşlar çox peşəkar və tələbkardılar. Qanunların aliliyini həmişə üstün tuturlar. Ümumiyyətlə, o polis əməkdaşı ki polisin nüfuzunu qoruyur, ona şərəf gətirir, bax, bu cür əməkdaşlara hamı hörmətlə yanaşmalıdır.

Reyddə iştirak edirdilər: Qulu QULİYEV - Yol Patrul Xidməti Alayının 10-cu tağımının komandiri, polis kapitanı; Cavid QULİYEV - 10-cu tağımın baş inspektoru, polis baş leytenantı; Mənsur QULİYEV - 10-cu tağımın əməkdaşı, polis baş serjantı; Amid QƏHRƏMANOV - 10-cu tağımın əməkdaşı, polis baş serjantı; Anar ABIYEV - 10-cu tağımın əməkdaşı, polis baş serjantı;

TƏQVİM / ARXİV