TOFİQ BAYRAM

VAQİF YUSİFLİ
79100 | 2014-12-06 02:39
Bakının Əmircan kəndi. Qəbiristanlıq. Bu məzarlıq neçə insanın son yeridir. Axirət dünyasına yol bu qəbiristanlıqdan başlayır. Əmircana - bu qədim Bakı kəndinə şöhrət də gətirən, ölümüylə unudulmağa məhkum olan da, cavankən həyatını qeyb edən də, ixtiyar yaşında dünyadan köç edən də burdadır. Bir heykəl önündə dayanıram. Məzarlığa şöhrət gətirən, dövrəsi gül-çiçəkli bir bu yerdə Azərbaycanın görkəmli şairi Tofiq Bayram dəfn olunub.
O Tofiq Bayram ki, sağlığında şeir məclislərində gur-gur guruldayardı. Elə pafosla şeir deyərdi ki, sonda alqış səsləri kəsilmək bilməzdi və o, yenə kürsüyə qalxar, yenə şeir oxuyardı.
Mən altmışıncı illərin sonları - yetmişinci illərin əvvəlləri tələbə idim və şeir gecələrində, "Natəvan" klubundakı tədbirlərdə tez-tez iştirak edərdim. Tofiq Bayramı da o illərdən tanıyırdım. Hər bir şairin necə şeir oxumağını indiyə kimi xatırlayıram. Hüseyn Arif şeirlərini çox sakit, aram-aram oxuyardı. Təbiət şeirlərini oxuyanda özünü, dağda, çeşmə başında, ağacların, quşların yanında hiss edərdin. Bəxtiyar Vahabzadə şeirlərini dinləyəndə hiss edərdin ki, kürsüdə şair yox, çılğın bir filosofdur. Məmməd Araz təmkinlə, səsini ucaltmadan şeirini deyərdi. Onun səsində qürur və əzəmət vardı. Qışqırmırdı. Amma bu səs ürəkləri fəth edirdi. Xəlil Rza tribunanı da hərəkətə gətirirdi. Bizə elə gəlirdi ki, o, "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qıram, Qolumdakı zəncirləri qıram gərək, qıram gərək!" deyəndə Afrikada, Latın Amerikasında onun səsinə səs verirdilər. Nəbi Xəzri şeir deyəndə çanki dəniz ləpələnirdi, o balaca salonda məhəbbət çiçəkləyirdi. Qabilin asta-asta şeir deməyi də yadımdadır. Hərdən alnına düşən saçını geri itələyərdi, səsində heç bir qeyri-adilik yoxdu, biz onun oxuduğu şeirin mənasına baş vurardıq. Əlağa Kürçaylının şeir deməyi isə dramatik bir süjeti xatırladırdı, əvvəli sakit, sonu həyəcanlı. Tofiq Bayram isə hər misranı elə ahənglə oxuyardı ki, bütün salon heyrətə gələrdi ki, bu səsdən yazıq şairin elə öz ürəyi partlaya bilər. Onun səsində avtomat gülləsindən də uzağa gedən, hədəfə tuşlanan atəş sədası vardı. Adama elə gəlirdi ki, elə bu saat, gözlərimiz qarşısındaca Tofiq Bayram Səməndər quşuna dönəcək, yanacaq, yanacaq, amma sönməyəcək.

Deyirsən, hissini bir az cilovla,
Bir az mülayim ol, hələ uşaqsan.
Əgər belə yansan, bu od-alovla
Sən özün-özünü yandıracaqsan.

Məni əbəs yerə gəl tutma dilə,
İnamın oduyla yanan bir şamam.
Gərək elə yanım, külümdən belə
Nəsillər tanısın, Tofiq Bayramam!

Biz o illərdə şairləri təkcə səsindən yox, həm də şəxsiyyətindən tanımağa can atırdıq. Əlbəttə, on yeddi-on səkkiz yaşlı bir tələbənin tanınmış bir şairlə ülfəti, ünsiyyəti, dostluğu ola bilməzdi. Onlara yaxınlaşmaq heç mümkün deyildi. Onlar bizim nəzərimizdə ədəbiyyatın bütləri idi. Bir dəfə bir tələbə yoldaşımla o zaman təzəcə nəşrə başlayan "Ulduz" jurnalına şeirlərimizi təqdim eləməyə getmişdik. Doğrusu, filologiya fakültəsində oxusam da, az qala hər gecə bir "şeir" yazsam da, bunları bir kimsəyə göstərməyə cürət etmirdim. Amma tələbə yoldaşımın felinə uyub redaksiyaya gəldik. Tofiq Bayram o zaman "Ulduz"da şeirə baxırdı. O, tələbə yoldaşımın bir şeirini oxudu və hökmlü bir səslə dedi ki, get dərslərini oxu. O sözdən sonra mən öz "şeirlərimi" qoltuq cibimdə bərk-bərk sıxıb tələbə yoldaşıma işarə elədim ki, gedək. Və o gündən, o səsin hökmündən sonra şeir yazmağa cəsarət eləmədim. Sonralar Tofiq Bayramın bu misralarını heç yaddan çıxarmadım:

Bir qoşma deməklə dağdan, arandan,
Şairlik olmayır, ad-san olmayır.
Dəmir əridəndən, qaya yarandan,
Şairin zəhməti asan olmayır.
Hər ürək bu yola gətirməyib tab,
Şairlik nə bəylik, nə sultanlıqdır.
Şairlik ən böyük əziyyət, əzab,
Şairlik ən böyük qəhrəmanlıqdır.

Tofiq Bayram cəmi 57 il yaşadı. 1934-1991. Adamın inanmağı gəlmir onun heç 60 yaşını görmədən, o yaşın sevincini yaşamadan dünyadan vədəsiz getməyinə. Amma bu, Tanrının ona bəxş elədiyi ömür payıydı və Tofiq Bayram bu ömrü bir insan, bir vətəndaş, bir şair kimi yaşadı. Bu ömrün 40 ilini o şeirə-sənətə həsr elədi. Sağlığında tanındı, sevildi, təqdir olundu, səsi təkcə Əmircandan, Bakıdan, Azərbaycandan deyil, onun hüdudlarından kənarda da eşidildi.
Hər bir şairin sənətə gəlişi müəyyən təsirlə, kiminsə, kimlərinsə xeyir-duasıyla baş verir. Tofiq Bayramın atası Qulam kişi Əmircanda tanınmış bir şəxs idi və o dövrün çox tanınmış sənət adamları bu evin qonağı olardılar. Balaca Tofiq bu evdə kimləri görməmişdi? Xan Şuşinskini, Həqiqət Rzayevanı, Əliağa Vahidi, Səttar Bəhlulzadəni. Bu evdə Füzuli qəzəlləri oxunurdu, Əliağa Vahid şeir deyirdi, muğamlar səslənirdi. Sonralar APİ-nin tarix fakültəsində təhsil alarkən müəllimi İsmayıl Şıxlının təşkil etdiyi ədəbiyyat dərnəyində iştirak edir. İsmayıl müəllim bu haqda belə yazır: "Mən Tofiq Bayramın şeirlərinə ilk dəfə V.İ.Lenin adına APİ-də oxuyarkən rast gəlmişəm. O zaman həmin institutda Tofiq Bayram tələbə idi, mən müəllim. Bizim ədəbiyyat dərnəyimiz vardı. Orada şeirlər oxunar, yazılar saf-çürük edilər və yaxşı şeir yazan gənc şairlərin iştirakı ilə geniş ədəbi yığıncaqlar keçirilərdi. Tofiq bu məclislərin daimi iştirakçılarından olardı".
Tofiq Bayramın ən çox sevdiyi şairlər olub və bu şairlər içərisində o, Səməd Vurğunu həmişə, bütün ömrü boyu öz ustadı hesab edib. O, Səməd Vurğundan - onun poeziyasından Azərbaycanı sevməyi, xalqa, millətə, yurda, elə-obaya məhəbbəti öyrənmişdi. Səməd Vurğun şeirindəki poetik cazibə, qanadlı romantika, siyasi kəskinlik, tarixi ənənələrə sədaqət, qəhrəmanlığın vəsfi Tofiq Bayram üçün əsl poeziya dərsləri idi. Ona görə də o, Səməd Vurğunu sevirdi, onu hərarətlə təbliğ edirdi:

Əbədiyyət ünvanlıdır onun səfəri,
O ilahi şeir kimi dillər əzbəri.
Yer üstündən yer altına köçəndən bəri
Ölməzlərin cərgəsində Vurğun yaşayır.

Ayrılmadı öz gülündən, yasəmənindən,
O, dünyaya ətir saçdı söz çəmənindən.
Hər torpaqda söhbət açdı öz vətənindən,
Bütün bu yer kürəsində Vurğun yaşayır.

Təb ürəkdə, söz dodaqda yaşayan kimi,
Bülbül güldə, gül budaqda yaşayan kimi,
Günəş göydə, qartal dağda yaşayan kimi-
Şair xalqın nəfəsində Vurğun yaşayır.

Tofiq Bayram lirik şair idi. Onun lirikasında tribun nəfəsindən gələn kəskinlik də vardı, zərif gül ləçəyinə oxşayan incəlik də. Gizlətmək lazım deyil: Tofiq Bayram "Mənim partbiletim" şeirini də müəllifi idi və bu şeir əbəs yerə yaranmamışdı. O zaman çoxları kimi o da Lenin ideyalarına, Kommunist partiyasına inam bəsləyirdi. İllər keçəcək, bu inam sarsılıcaqdı. Amma onun sırf lirik şeirləri dillər əzbəriydi və indinin özündə də o lirik şeirlər bir mahnı kimi səslənir:

İllər boyu səni gəzdim,
Ay gecikən məhəbbətim!
Sən yubandın, mən tələsdim,
Getdi gənclik təravətim,
Ay gecikən məhəbbətim!

Gəl ki, sənsiz ürək bir daş,
Poz qanunu, sədləri aş.
Sevə-sevə öləydim kaş,
Sən olaydın vəsiyyətim,
Ay gecikən məhəbbətim!

Tofiq Bayram inam və əqidə şairi idi. Onun fikrincə əqidəsiz, inamsız yaşamaq ölümə bərabərdir.

Yaşaya bilərəm çörəksiz, susuz,
Yaşaya bilmərəm bir gün amalsız.

Onun yaradıcılığı barədə sağlığında çox yazıblar. Amma bu yazıların əksəriyyətində onun bir çox şeirləri təhlil olunmayıb. Elə şeirləri ki, o şeirlər T.Bayramın ictimai-siyasi ruhlu şeirlərinə oxşamır, insani hissləri tərənnüm edir, cəmiyyətdə, yaşadığı mühitdə baş verən hadisələrdən olaylardan söz açır, bir sözlə, İNSANdan danışır. Məsələn, "Nankor" şeirində "daş-qaşın içində şölə çəkib yanan", süni gözəlliyilə lovğalanan bir qadının öz xalqına, öz torpağına, xalqın ənənələrinə, şeirə-sənətə xor baxmağı satira hədəfinə çevrilir:

Sevgililər dil açıb
Pıçıldaşar şeirlə,
O qüdrətli sehrlə
Zirvədən qartal enir.
Körpələr də şeirlə
Dil açmağı öyrənir.
Sənsə onu danırsan.
Vurğun yatan torpağın
Üzərində yavaş gəz.
Yanar əlin, ayağın,
Xəzər axar, söndürməz!

"Ay keçmiş cəbhəçi" şeirində isə üzünü bir müharibə veteranına tutub deyir ki: "Nə döyüş qorxusu, nə top səsi var, Bəs niyə bir azca qorxaq olmusan? Sizin idarənin bir rəisi var, Yanında titrəyən yarpaq olmusan". Odur ki, o keçmiş cəbhəçiyə öyüd-nəsihət vermir, sadəcə, ona xatırdladır ki, "Ay keçmiş cəbhəçi, imtahan olsa, Mərdliyi sən bizə öyrətməlisən. Sabah yolumuzda bir tufan olsa, Yenə ilk sırada sən getməlisən".
Tofiq Bayramın "Səkkizliklər"indən də tənqidçilər, qələm yoldaşları söz açmayıblar. Halbuki, hər biri səkkiz misradan ibarət olan bu şeirlər öz poetik kamilliyi, məzmun və forma vəhdəti, lakonikliyi ilə onun yaradıcılığında xüsusi yer tutur. Baxın:

Bu dünyada bir ilahi, gözəl şeir var,
Şeirlərin ən qədimi, ən təzəsidir.
Bircə dəfə deyir onu bütün insanlar,
İkicə söz ürəklərin şah nəğməsidir.

O bir günəş atəşiylə gözlərdə yanır,
Könüllərdən uzaq salır dumanı, çəni.
İlk görüşdə ən ilahi şeir yaranır,
Oğlan qıza söyləyəndə: -Sevirəm səni.

Onun səkkizlikləri içərisində "Nizami çələngi", "Sabir çələngi", "Səməd Vurğun çələngi", "Səttar çələngi" xüsusi yer tutur. Bu sənətkarların ölməzliyi onun şeirlərində poetik şəkildə təsdiq olunur. "Səttar çələngi"ndən bir nümunəyə diqqət yetirək:

Gözlərin yamyaşıl, saçların dümağ,
Üzündə illərin qəmli naxışı.
Torpağın üstündə addımlayaraq,
Özündə gəzdirdin baharı, qışı.

Saçına rəng qonub dumanda, çəndə,
Gözündən yamyaşıl bir sel axırdı.
Elə bil küçəylə sən yeriyəndə
Kəpəz yeriyirdi, Göygöl axırdı.

Tofiq Bayram həm də ən mahir tərcüməçilərdən biri idi. Onun rus şairi A.Tvardovskidən, avar şairi R.Həmzətovdan və digər şairlərdən etdiyi poetik tərcümələrin misli-bərabəri yoxdur. Xüsusilə, Rəsul Həmzətov Azərbaycan oxucularına Tofiq Bayramın səlis tərcüməsiylə elə çatdırılıb ki, sanki R.Həmzətov bu şeirləri elə bizim dilimizdə yazıbmış.
Bu il Tofiq Bayramın anadan olmasının səksən illiyidir. Allah rəşmət eləsin, qəbri nurla dolsun bu gözəl şairin.
Əmircanda məzarı, ürəklərdəsə şeiri yaşayır...

TƏQVİM / ARXİV