adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

VARLIĞIMIZIN GİZLİNLƏRİ

VƏSİLƏ USUBOVA
24638 | 2014-12-06 01:27
Sən yaşamağı bacarmırsan, deyir həkimim mənə. Bir ətrafına bax, gör adamaoxşamazlar özlərinə nə gün ağlayıblar?! Hər şeyin yaxşısını mənimsəyiblər. Sənsə gündə bir şikayətnən qaçırsan üstümə...
- O adamaoxşamazların taleyi gözəl yazılıb, mənim əziz həkimim. İstəyirsən məni qına, istəyirsən qınama, mən taleyə inanıram.
- Adamın özündən də çox şey asılıdı...
- Çox şey asılıdı, ancaq hər şey asılı deyil...
- İnsan öz həyatını qura bilər. Sən də bir az dəyiş... Gül, danış... Qapanmısan özünə, sonra da günahı başqalarında axtarırsan...
- Mən heç kəsi günahlandırmıram. Buna haqqım da yoxdu.
- Dəyişə bilməzsən?
- Qətiyyən! Bu lap əzab olar ki...
- Bəlkə psixoloqa gedəsən...
Sözləri xətrimə dəyir. Daha söhbət eləməyə həvəsim qalmır. Sağollaşıb otaqdan çıxıram. Bir az kədərlənirəm də. Ürəyimdə yenə onunla danışıram...
Deməli, sən də məni başa düşmürsən, möhtərəm həkim! Nə olur-olsun, mən öz ağlımı, düşüncələrimi, sirlərimi kimsəyə etibar etmərəm. Onlar ancaq mənə məxsusdu. Qoy başqaları düz anlamasınlar. Elə anlamazlığın qorxusundan heç kəslə ürək söhbəti eləyə bilmirəm. Sənsə məsləhət görürsən ki, adamlarla çox təmasda olum. Deyirsən ki, mən çox düşünüb, az danışıram. Bununla da özümü içəridən yeyirəm...
Neyləyim, elə bir dövrə çatdıq ki, heç kəs özündən başqasını tanımaq, qəbul eləmək istəmir. Hamı özündən o qədər razıdı ki, bir kəlmə söz belə eşitməyə ehtiyac duymadıqlarını sanırlar. Başqasının dərdləri, qayğıları kimsəyə gərək deyil. Düşünürlər ki, bu adam dərdini mənə danışınca, ağzından bir-iki manat pul tökülsəydi, daha yaxşı olardı.
Möhkəm-möhkəm tapşırırsan ki, tənhalıqdan qaçım. Tənhalıqdan qaçıb kimə sığınmağımı niyə demirsən, bəs? Belə bir kimsəni tanıyırsanmı?! Əgər o kimsə yoxdursa, niyə də tənha qalmayım?! Deyirlər, ən pis adamnan ünsiyyətdə olmaq da tənhalıqdan yaxşıdı. Qəbul eləmirəm. Pisnən ünsiyyətdə olanda adam özü də dönüb pis adam olur...
Bəs, Şopenhaur? "Kim tənhalığı sevmirsə, azadlığı sevmir" deyib o ağıllı adam.
Səndəmi azadlığı sevmirsən, həkim?!
Həmişə üzün gülsün, deyirsən. Çətin deyil, gülərəm. Bəs, ürəyim?! Onu necə məcbur edim gülməyə?! Axı, yalandan gülməyin adama zərər olduğunu da bilirsən. Onu da bilirsən ki, hər şeydən ovunan, təsəlli tapan, aldananlardan deyiləm. Məndən ötrü sözün də, təsəllinin də ağırı-yüngülü, dolusu-boşu var. Özünü yorma, mən artıq bu mərhələləri keçmişəm...
Öz halımın səbəblərini bilirəm. Sənin verdiyin təsəllilərdən qat-qat güclüdü bu səbəblər. Çoxu artıq arxada qalıb, ancaq ağrıları keçməyib. Bu gün mövcud olanları da çözə bilmirəm. Dərd ortağım, fikir ortağım yoxdu. Şikayətlənmirəm. Təsəlli də istəmirəm. Onda lap çox darıxıram. Nə qədər eşitmək olar bu sözləri: "Həyat davam edir!" Bilirəm, görürəm. Necə davam etdiyini də anlayıram. Bax, o izdihama. Oradakıların hamısımı yaşayır?! Hər insan sinəsi ağzı örtülü qazandı. Nə bişdiyini, necə bişdiyini kimsə anlamaz.

***
Varlığımızın gizlinləri heç özümüzə də bəlli olmur bəzən. Ancaq içimizdən qaynaqlanan çox şeylər yaşadır bizi. Qulağımıza pıçıldanan sözlərin, beynimizə doldurulan fikirlərin mənbəyini kim tapa bilər?! Yəqin ki, heç kim!
"İndiqo"lardan söz açırsan mənə. Deyirsən ki, onlar qapalı sosial insanlardı. Səs-küydən, var-dövlətdən, şan-şöhrətdən qaçarlar. Onlardan ötrü nə nüfuzlu adam, nə də pərəstiş eləməli bir büt mövcuddu. Yaradıcı enerjini öz daxillərindən alarlar, nəinki zahiri həyatdan. Onlar həyəcanlı, melanxolikdilər. Tənhalığı sevirlər...
Mən də hardasa oxumuşam onların haqqında. Qəbul etdiyim tərəfləri də var, etmədiyim tərəfləri də. Məni onlara oxşatmayın, həkim! Mən xəstələnmişəm. Gəlmişəm ki, məni sağaldasınız. Fiziki ağrı-acılardan qurtarasınız.
Mənəvi ağrılarıma toxunmayın, xahiş edirəm.
Onların dərmanı yoxdu...

TƏQVİM / ARXİV