adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ELMƏDDİN NİCAT

MƏMMƏD DƏMİRÇİOĞLU
42539 | 2014-12-06 01:26
Poeziyanın nə olduğunu anlamadan bənövşə qoxulu, qönçə yuxulu, çiçək təravatli, ağac səxavətli, dağ əzəmətli, su səsli, qu nəfəsli, durna avazlı, ay haləli, lilpar naləli şeirlər yazmaq mümkün deyil. Bu sadalamaları sonsuzluğa qədər uzatmaq olar. Adi sandığımız qaraca daşın da duruşundan bir poeziya seli axır.
Bəlkə rəssam olduğumdan irəli gəlir ki, belə fikirlər söyləyim. Yəni, təbiətin istənilən bir guşəsini eşqin gücü, rənglərin dili ilə peşəkarcasına canlandıra bilsən, bu əsil sənət əsəri ola bilər. Baxın, Van Qoqun ən məşhur əsərləri belə adicə təbiət mənzərələridir. Amma ruhu Allah eşqiylə pərvəzlanan sənətkar, rənglərin dili ilə kətan üzərində fırtınalarlar qoparır, ilahi eşq ilə yaratdığı tablo adicə təbiət mənzərəsi yox, eyni zamanda emossiya, enerji və sellənən poeziya əhval-ruhiyyəsinə dönərək adamı mözüzələrlər dolu bir aləmə aparıb çıxarır.
Bu, şeirdə də belədir. Bəzən elə şeirlər rast gəlirik ki, ütülü, sığallı, bütün hecaları yerində olsa belə, adamın heç tükünü belə tərpətmir, onu oxuduğun vaxta heyfsilənirsən. Bu tipli şeirlər, qiyafəsi gözəl, içi boş adamlar kimi adamı yorur, darıxdırır.
Bir az bilib çox danışan adamları, bir də içi boş, uzun-uzadı şeirləri heç xoşlamıram. Elə siz də xoşlamırsınız, bilirəm.
İndi sizə təqdim edəcəyim bu gənc, maraqlı şairin bütün şeirlərindən poeziya qoxusu gəlir, yurd həsrəti, torpaq nisgili, sevgi ətri, bir aə da irfan nəfəsi duyulur.
Bu müstəqim mənada belədir ki, ən mahir ovçular kimi, ən möhtəşəm şairlərin də atdıqlarının hamısı onluğa dəymir. Hər şairin özünə məxsus bir onluq hədəfi olur və könlü eşq ilə dolu olanlar, ağacla, daşla, quşla dil tapıb danışmağı bacaranlar (bura bəsirət gözünü, helmi, Allaha qovuşmağa can atan ruhu da əlavə edək) daim istədiyi hədəfə toxuna bilirlər. Onluqlar isə hər şairin, sənətkarın yaradıcılığı ilə nizamlanır.
Elməddin Nicat, daim onluğu nişan almağa çalışan şairlərdəndi. Elə buna görədir ki, bu gün Elməddin Nicat sevilir, oxunur, duyğulu könüllərə yol tapa bilir.

Məndən ötüb getdilər
Məndən ötrü ölənlər.
Kölgədən çıxmadılar
Gündən ötrü ölənlər.

Bir yol gümana gəlməz,
Allah amana gəlməz.
Nədən imana gəlməz
Dindən ötrü ölənlər?

Üzümə vuruldular,
Oduma qovruldular.
Tüstümə kor oldular
Çəndən ötrü ölənlər.
Yerini qorumadı,
Pirini qorumadı.
Birini qorumadı
Mindən ötrü ölənlər.

Könül bir kəlmə dilər.
Bil dedim bilmədilər.
Mənimçün ölmədilər
Səndən ötrü ölənlər.

Bu şeiri ona görə misal gətirdim ki, burada olan axıcılığa, ritmin, ahangin səlistliyinə diqqət yetirəsiniz. Məzmun və məna isə o qədər aydındır ki, çozələməyə ehtiyac yoxdur.
Bütün sahalərdə olduğu kimi poeziyada da sənətkar öz iç dünyasını aşkarlayır, təfəkkür və istedadının ölçüsü qədər özünü ifadə edə bilir. Bunu daha aydın, daha anlaşıqlı, daha səlist dildə deyəndə şair daha tez sevilir, oxunur, yadda qalır.
Mən bu barədə başqa yazılarımda da vurğulamışam ki, sürrializm, moderinizm "bayrağı" altında anlaşılmayan, mücərrəd cəfəngiyatlarla məşğul olanlar özünü və başalarını (bura xiridarları aid etmirəm) aldatmaqla məşğuldurlar.
Nə yaxşı ki, Elməddin Nicat bu xəstəlikdən çox uzaqdadır. O bilir ki, Türkün qos-qoca Yunis İmrəsi, Aşıq Ələsgəri, Vaqifi... elə bu səbəbdən möhtəşəm və həmişə yaşardırlar.
Ağzımızın dada gəlməsi üçün daha bir nümunə:


QARAGÖZLÜM

Başlayar yaz yağışları,
İslanarsan, qaragözlüm.
Bir yağışnan sığallanıb-
Süslənərsən, qaragözlüm.

Həsrətiyik gör nələrin,
Yaz yağışlı gecələrin.
Ölərəm olmaz xəbərin
Yaslanarsan, qaragözlüm.

Bəhsə girib dərd ölümnən,
Zara gəlib dərd əlimnən.
Uzaqlaşma, dərd ələmnən-
Bəslənərsən, qaragözlüm.

Tuşmu gəldik qarğışlara,
Bəd nəzərli baxışlara.
Məni yazda yağışlara
Qısqanarsan, qara gözlüm.

Bəzən bizi bölgəbazlıqda qınayırlar. Onda nəyə görə deyirlər Göyçayın narı, ağsunun heyvası, Lənkəranın nə bilim nəyi... bunları deməklə biz ölkəni regiyonlaramı bölürük, əcaba? Bunlar bir fakt deyilmi ki, Şuşa musiqinin, Qazax yazarların, Gədəbəy alimlərin, Bakı rəssamlar (sadalamanı uzatmaq olar) vətənidir. Bu fikirlərlə ölkə bölgələrə parçalanmır. Bura da enerji faktorunu nəzərə alsaq görərik ki, münbit məkanlar var ki, orada təbiər, torpaq, hava, su öz məhsulunu ortaya qoya bilir.
Elməddin Nicat Kəlbəcər mühitinin yetirməsidir, Dədə Şəmşirin sazından, Ağdabanlı Qurbanın, Məmməd Aslanın, bir az da Bəhmənin, Şücaətin yurd ətirli, el-oba nəfəsli şeirlərindən mayalanıb, amma onların heç birinə bənzəmədən, özünün bildiyi çığırıyla üzü Tanrıya tərəf uçunmaqdadır.
ADAM SEVİRƏM

Mən dünyanı ağac-ağac,
Hə! Adam-adam sevirəm.
Mən kipriyi ox ucluğu
Gözləri badam sevirəm.

Yaşamaq hasili ölüm,
Ölməyin üsulu ölüm.
Saçından asılım ölüm
Qəribə edam sevirəm.

Bir naxışam toxunası
Yaxılmayan toy xınası.
Deyiləm səndən danası
Sevirəm qadam, sevirəm.

Xeyli zamandı tanıyıram Elməddini. Qınayan olmasıydı deyərdim bizim İncə dərəsindəndi. Əslində İncə Dərəsiylə Kəlbəcərin bir ortaq ruh qohumluğu var. İstər sazımızda, istər sözümüzdə, istərsə də məişət və dil dadında, tamında.
Bizim İncəlilər, İncəli aşıqları Kəlbəcər şairlərinin sözlərini daha çox oxuyurlar, nəinki İncəlilərin. Elməddin ruhən İncəliyə və İncəlilərə çox bağlıdı. Bu da təsadüf deyil. Söz müqəddəsdir, İrfana söykənən söz isə qutsaldı. İncə dərəsi ona görə qutsal məkan sayılır ki, ora Əfqan Hacının, Hacı Mahmud Əfəndinin, uyuduğu torpaq, Aşıq Avdının, Aşıq Cəlalın sazının, sözün pöhrələndiyi məkan, Ağamalı Sadiqin, Akif Səmədin baş qoyduğu yurd yeridi.
Elməddinin içində bir irfan nəfəsi boy verməkdədi. O bu nəfəsin ətrinə bürənən şeirlərini hələ yazmayıb. Amma o şeirlərə gedən yolu yaxşı tanıyır.
Bu yaxınlarda Gəncədə görüşdük. Aşıq Elbrusla gəlmişdilər mənimlə görüşə. Çox mənalı bir gün yaşadıq həmin gün. Aşıq Elbrus ruh aşığıdı, içi dolu, zəkası ötgürdü. Yamsılamaları sevmir, sözün xalisini irdələyir, sazın könlünə yol tapa bilir.
Şair dostum, həmin görüşdən sonra, elə həmin axşam görüşün təfərrüratından cezvə gəlib bədahətən bir şeir yazıb göndərdi mənə:

Məmməd
Dəmirçioğluna

Tanrı dağındakı Şaman babama-
Qan qoxan yuxumu yozana şükür.
Gecədən sabaha uluyan qurda
Sübh çağı oxunan azana şükür.

Ağrım ürəyimdə, girgim içimdə,
Könlü ovuduram sürgün içində.
Bir ömür yaşadıq bir gün içində...
Bir günü, bir ömrə yazana şükür!!!
Ruhun bənnasıdır uca söz kəsən
Könlü sevdalılar bilir, sən nəsən.
Şair - bal arısı, söz üstə əsən
Şan üstə sızlayan xəzana şükür.

Həsrət qovuşmaqdır,
qovuşmaq həsrət,
Bir açıq gözüm var o da bəsirət.
Tanrıdan danışan şairə heyrət
Ürfandan oxuyan ozana şükür.

Şükür! Şükür edirəm ki, çox uzaqlardan gələn bu nəfəsdə yad nəfəs yoxdur. Elməddin öz içini oxuyan şairdi. Üzü gülərdi, mehribandı, dost cannıdı, yurd sevdalısı, qürbət yolçusudur.

Əritdi bu ömrü belə
Sevdanın uzaq yolları.
Gəlsənə eşqin adına
Həkk edək, yazaq yolları.

Bu dərd məndə yuva qurub
Könlümə elə oturub
Qələmi dərdə batırıb
Şeirlə cızaq yolları.

Var yolunu, yox yolunu,
Sən bilirsən sağ-solunu.
Həyatımdan sal yolunu
"Sən onun uzaq yolları".

Mənə dəyən "ondan" dəydi,
Qar islatdı, tufan döydü.
Yuxuda "yol" yaxşı şeydi
"Yollar"a yozaq, yolları.

Hər bir nida səsdən gedir,
Nə gedirsə qəstdən gedir.
Ürəyimin üstdən gedir
Bu Bakı-Qazax yolları.

Elməddin Nicat artıq imzası olan şairlərin sırasındadır desək yanılmarıq. Onun sevdiyi adamların sayından çoxdu onu sevənlər var. Şairi sözünə görə sevirlər. Amma elə şairlər də var ki, onlar şəxsiyyətə çevrilirlər, mənəviyyat meyyarına, qürur mənbəyinə dönürlər. Bu bütövlükdü...
Ümid edirəm ki, hələlik kövrək sayıla biləcək Elməddin Nicat nəfəsi öz bütövlöyünü tamamlayacaq. Çünki, o özünə yad adam deyil. O içini oxuyur, içi onu tamamlayır.
Üzü mənə oxuduğu bir örnəyə də nəzər salaq:

YÖNÜM HARAYA DÜŞDÜ...

"Yaxamda buz bağladı,
Gözümün qoraları."
M.Dəmirçioğlu.

Gəldi qovhaqov çatdı,
Avey çat, Murov çatdı.
Köksümdə alov çatdı,
"Gözümün qoraları".

Hücum çəkdi bölük dərd,
Etdi ələk-vələk dərd.
Tapdı birdəfəlik dərd
Biz bəxti qaraları.

Yağan qar aya düşdü,
Ömür qaraya düşdü.
Yönüm haraya düşdü
Tanıdım haraları.

Qara geydi ağ qönçə,
Bitməz dördqanad yonca.
Aran İncə, Dağ İncə
Bir addım araları.

Sonluqda Aran İncəylə Dağ İncəni təsadüfən qoşalaşdırmayıb...
Balaca olarkən (7-8 yaşlarında) babam məni dizlərinin üstündə oturdaraq demişdi: "Mənim çırtdan balam, orucluq ayı başlayıb. Sən bir gün oruc tut, mənə bağışla. Mən də bax o qara quzunu sənə bağışlayım". Doğrusu babamın bu sözlərinə inana bilməmişdim. Ona görə ki, o quzunun mənim olması əlçatmaz bir arzuya bənzəyirdi. Babam şərtləri mənə izah etmişdi ki, bax iftar vaxtına qədər nə yemək olmaz, nə içmək. Özünə güvənirsənmi? Tuta bilərsənmi? Bir gözümü quzudan çəkmədən - "Tutaram", - demişdim...
Mən o qara quzunu böyütməklə məşğuılam. O gün olsun ki, onu tezliklə Kəlbəcərdə - Elməddin Nicatgilin yurd yerində qurban kəsək.
Və son olaraq Elməddin Nicatı dinləyək.


ÇİNAR YARPAĞI...

Bu səhər bir çinar yarpağı düşdü
Mən sənin eşqinə düşdüyüm yerə.
Elə kövrəldim ki, yarpağı görüb
Bir çinara baxdım, bir də göylərə...

Mən baxan çinarın düz budaqları
Mən baxan göylərin, "Zöhrə"si vardır.
Yanacaq sevdanın od-ocaqları
Kimin ki, könlündə zərrəsi vardır.

Bu çılpaq Çinara, sarı yarpağa
Baxıram, qızılı payıza sarı.
Bu yarpaq ölməyə düşüb torpağa
...Qaçmaq istəyirəm o qıza sarı.

Dalğalı, ləngərli xəyal gəmisi,
Sahilə yan alır, limanı bəlli.
Səni xatırladan payız çiçəyin
Sənə göndərəcəm, ünvanı bəlli...


AXŞAMLAR

Saat neçəni göstərir
Necədir orda axşamlar?
Sənsiz gün ilişib qalır
Düşmür ki, burda axşamlar.

Bu vəfa ki, dərddə ki, var
Mənim olsun dərd nə ki, var.
Səndən qalan dərdlər ki, var
Dönür ac qurda axşamlar.

Zaman axır öz kefinə
Kim ağlaya, kim sevinə.
"Evlilər gedir evinə
Qəriblər harda axşamlar?!."

Kim əydi dümdüz dünyanı
İçimə gömdüz dünyanı.
Gəzəsən gündüz dünyanı
Dönəsən yurda axşamlar.


TƏQVİM / ARXİV