adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"İT HÜRƏN"Ə GEDƏN ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
23509 | 2014-12-06 15:24
Günəşi görüb ona inandığım kimi sizə qibtə etdiyim, daha doğrusu, oxumağa məcbur olduğunuz bu yazıda bəhs olunan bütün məqamlar gerçəkdir, ona inana bilərsiniz. Çünki mən yüzə-yüz əminliklə təkrar edə bilərəm ki, onunla eyni ildə, eyni ərazidə, eyni doğum evində, hətta eyni dəqiqədə dünyaya gəlmişəm. Bizim hər ikimizin bu dünyaya gəlişimizi eyni həkim, eyni tibb bacısı müşayiət edib. Doğrudur, həmin illərdə ucqar kəndlərdə həkim problemi var idi. Və bu məsələləri, daha çox kənd yerlərində deyildiyi kimi, "mamaça"lar həll edirdi. Bax elə bizim ikimizi də o qarşılayıb, o valideynlərimizə gözaydınlığı verib, şirinliyi də o alıb. Həmin o gündən təbii ki, ayağımız yer tutan zamandan indiki ana qədər bir yerdə addımlayırıq. Bir-birimizin köynəyindən keçib, bir-birimizin bədənində qərar tutmuşuq. Özü də...
İkimiz də kitab oxumağı, nağılı dinləməyi sevmişik və ikimizin də yadında qalıb ki, adamlar həmişə işıq gələn tərəfə meyl ediblər, o istiqaməti özləri üçün ümid ünvanı bilib oraya doğru gediblər. Amma biz nədənsə daha çox it hürənə tərəf getmişik. Bu heç də bizim qeyri-adiliyimiz və yaxud hansı qüsurlarla doğulmağımız demək deyil. Biz sadəcə iti də başa düşməyə çalışmışıq, onun da vəzifəsinin, missiyasının hürmək olduğunu qəbul etmişik. Və it hürənə gedəndə əlimizdə bircə qələmimiz olub, ağacımız yox. Və getmişik... və gedirik... və Tanrı ömür payımızı nə qədər müəyyən edibsə, o məsafə boyunca yenə də gedəcəyik. Axı biz bu dünyanın adamı deyilik!..
Sizə qəribə gəldi. Mən bunu hiss edirəm və anlayıram ki, bu cür düşünməkdə də haqlısınız. Çünki elə bir durumda, elə bir zamanda yaşayırıq ki, mücərrədliklər, xəyallar, xüsusilə ekoloji və bioloji basqılar bizi caynaqlarının arasında sıxıb bir qoz qabığına yığıb. Hələ internet həmlələrini xatırlatmıram. Onu də üstünə gəlsək, onda bilərik ki, biz insanlar (burda söhbət anlamaq bacarığı olan insanlardan gedir - Ə.M.) ətdən, sümükdən ibarət deyilik. Biz həm də daşdan-dəmirdənik. Ona görə də dözürük. Özü də dözə-dözə də bitib-tükənirik. Bir də ki...
Yeri gəlmişkən, bir zarafat da edim. Bu zarafat da köhnə kişilərin deyimindən qaynaqlanır. Həmin o kişilər deyiblər ki, guya dözməyib neyləyəcəksən?.. (Bu deyimin yozumlarını sizin ixtiyarınıza buraxıram. Hara, nəyə istəyirsiniz, o cür də yozun, ixtiyar sahibisiniz - Ə.M.)
Bəli, bu gün hər tərəfdə işıqlar yanır. Demək olar ki, o rəngbərəng işıqlar gecənin qaranlığını əməlli-başlı yox edib. O qədim məsəli də unutdurmağa qadirdi. Ona görə də işığa gedən adamların yolları xeyli rahatlanıb. Bircə özlərinin ayaqları sürüşkən olmasın, yəqin ki, gedib istədikləri ünvana, istədikləri rəngli işığa çata biləcəklər. Burda həmin adamlar xor şəklində deyə bilərlər ki, indi itdən də qorxmağa ehtiyac yoxdu. Axı hər tərəf işıqdı və o işıqlar da itlərin qaranlıq bir yerə çəkilməsinə imkan vermir. Uzaq məsafədən onları görüb ehtiyat tədbirindən faydalanmaq olar... Doğrudur, mən o xorun söylədiklərini qəbul edirəm, amma bir etiraz var. Belə ki, itlər qaranlıqda da, işıqda da, bağlı və yaxud açıq olanda da elə it olaraq qalırlar. Ona görə də köhnə kişilər deyib ki, "itlə yoldaşlıq et, ancaq çomağını əlindən yerə qoyma". Yəqin ki, bu müdrik deyimin nəyə işarələndiyini də siz qəbul edərsiniz. Mən isə...
Hə, mən bu bəlli ömür yolunda işıqlar kimi, qaranlıqlar da gördüm. Və mənim üçün it hürən səmtin maqnit gücü oranın cəlbetmək imkanı həmişə maraqlı oldu. Özü də o qədər maraqlı ki, mən bəzən o tərəfə yüyürmək də istədim. Çünki o səmt ürəyimin, duyğularımın, hətta qurduğum xəyalların elə bil ki, bütün sevgisini, bütün arzusunu və bütün gücünü özündə toplamışdı. Mən də ona qovuşmağa, ona gedib çatıb ona sarılmağa tələsmişəm. Görünür, bu da bir dəlilikdi və yaxud da:

Tüstüləndi
tüstüləndi
axır ki, yandı
demək,
tüstülənən zaman
yanacağına inandı -
bu ocaq...
Və mən də
yanan ocağa
baxa-baxa
düşündüm ki,
arxada qalan
əlli beş il
sən demə
bir andı -
ötüb, gedib
içində də
olmuşlar və olacaq
indi
tüstülənən o ocaq
sönəndə
bircə özüm bilirəm
nə olacaq!..

***
Uzun və narahat bir yoldan qayıtdım. Gedəndə də, gələndə də yol-yoldaşım Dünənim oldu. Mən bu uzun yol boyu Dünəndə qalan və Dünənim olan hər şeyi nöqtəsinə, vergülünə qədər vərəqlədim. Gözümün qarşısında elə anlar gəlib durdu ki, mən onların bir qismini bugünə qədər xatırlamadığım üçün və hətta unutduğum üçün özümü qınadım. Məhz onda başa düşdüm ki, bugünün adamından küsmək, incimək o qədər də doğru deyil. Ona görə ki, bugünün adamının təkcə çiyinlərində yox, ürəyində də, başında da, həyatında da o qədər yük var, o qədər qayğı var, o ancaq sürünməklə, çapalamaqla məşğuldu. Lap çılpaq desəm, əl boyda çörək və bir də başının üstündə bir dam onun həyat amalına çevrilib, o bunun üçün çaprışır. Bu mübarizə də ona çox şeyləri unutdurur və yaxud da dünəndə qalan çox şeylər barədə düşünməyə imkan vermir. Təbii ki, mən də həmin adamlardan çox da fərqlənmirəm. Və mənim də yaşımın bu çağında hər dəqiqə sökülmək təhlükəsi yaşayan özülsüz evin sahibi olmaq qədərim məni həmin o dediyim insanlardan biri kimi dünənimdən uzaqlaşdırır. Elə yol boyu da xatırladıqlarım ona görə o yolda düşüb qaldı ki, mənim içimdə çapaladığım problemlər onlara güc gəldilər, onları maşından bir növü itələyib yerə saldılar. Lakin o yol boyu mən xatırladığım, üz-üzə, nəfəs-nəfəsə dayandığım dünənimdə olanlarla söhbət etmək fürsəti qazandım...
Bir dağ kənd var idi. Elə indi də var. Bir dağ kəndində də günəşi salamlayırdılar, qarın yağmasına sevinirdilər, ağacların çiçək açmasını, meyvələrin yetişməsini, sümbüllərin saralmasını sevinclə, həsrətlə gözləyirdilər... Bir dağ kəndi var idi. Adamları da, uşaqları da, məktəbləri, müəllimləri, həyət-bacaları, bir sözlə, özlərinə uyğun, özlərinə bab dünyaları da var idi.... İndi də bu kəndin adamları da, uşaqları da, məktəbləri, müəllimləri öz həyət-bacaları və bir də namərdlikləri də var. Mən iki müstəviyə diqqət yetirirəm. Bir dağ kəndinin yarıya bölünən həyatını əlimin içinə götürürəm, sağ və sol əlimdə tuturam onları. Sol əlimdə mənim doğmalarımın da olduğu zaman, tarix, illər, bir sözlə, hər şey. Sağ əlimdə mənim, doğmalarımın, illərimin, zamanımın, bir sözlə, hər şeyimizin yoxluğu...
Bəli, o kənd barəsində bu iki fikri üz-üzə qoyuram, üz-üzə gətirirəm, qarşılaşdırıram. Mənim olduğum məqamda o kənd dünyanın cənnəti idi... Yer kürəsinin dayaq nöqtəsi idi... İndi o kənd düşmənin sığınacağı olduğu üçün mənim qəzəbimin, mənim ağrılarımın, mənim intiqam hissimin tuşlandığı bir yuvadı. Deməli, doğulduğum bir kənd indi adamların günahından qəzəbimin, nifrətimin ünvanına çevrilib... intiqam hissimin əlisilahlı yüyürüb getmək istədiyi bir məkan olubdu. Mən də bu iki məqamın arasında Lazımı gözləyə-gözləyə dayanıb durmuşam. Və çox təəsüf ki, dünəni bütünlüklə silahlandırır, ağlımı başımdan alıb özünə doğru səsləmək, aparmaq gücündə deyil. Bəlkə də onun gücü daha böyükdü. Sadəcə, qarşıdakı bu gün sərhəddi dünənimi dözməyə, itaət etməyə məcbur edib. Hər halda, bu qarmaqarışıq düşüncəmin, fikirlərimin bir atəşi, bir hayqırtısı var. O da mənim və mənim kimi olan bütün bəndələrin gec-tez ayağa qaldırmaq, alovlandırmaq haqqıdır. Mən bilirəm ki, bu haqq mütləq qalib gələcək. Bunsuz dünənimiz də olmayacaq. Təbii ki, söhbət məndən gedir və mənim dünənimin barəsində fikir söylənilir və dünəninə cavabdehlik məsuliyyəti də mənim üzərimdədi. O yol, o ünvan indi it hürən tərəfdədi. Biz istəsək də, istəməsək də o səmtə gedişə hazır olmalıyıq.
Doğrudur, hər kəsin odu öz içində olur. Bu da gendən gəlmə bir şeydi. Yəni bütün hüceyrələrin mayası olduğu kimi, insanın içindəki odun da mayası var. Sadəcə, bu odun alışmaq, yanmaq, yandırmaq imkanlarını odun sahibləri zaman-zaman artırıb- azalda bilirlər. Bu artım və azalma əqidədən, dözümdən asılı olan bir nüansdı. Ona görə də mən həmin o dağ kəndini bir gün yenə dünyanın dayaq nöqtəsi və dünyanın cənnəti kimi görəcəyimə inanıram. Və düşünürəm:

Barmağının ucunda
Bir damla su çilədin
Atəşimin üstünə...
Sönmədi
Söndürmədi -
Əksinə,
Daha da alovlandı
Və hər tərəfdən
Göründü
Bu atəş -
Dəli kimi
Necə sarılır tüstümə...
Bax sən isə
Heç vaxt ürəkdən
İstəmədin-
Odur ki,
Toparla özünü
Göstər ki, sən atəşsən! -
Atəş söndürən deyilsən...

Bir məsələdə hər kəslə mübahisə edə bilərəm. Bu da bir adamın digərinə nisbətən yaxşı və ya pis olması məsələsidi. Yəni mənə görə adamlar günəşdən daha çox aya bənzəyirlər. Əgər fikir versəniz, ayın üzərindəki ləkəni görərsiniz. Bax, mən də düşünürəm ki, hər kəsin özünə görə, əməlinə, xidmətinə görə, fəaliyyətinə görə mütləq günahı var. İstənilən hərəkət, istənilən fəaliyyət ətrafdakıları yüzə yüz təmin etmir. Lap elə avtobus minəndə kiməsə toxunursansa, kiminsə ayağını tapdalayırsansa, təbii ki, qəsdən yox, buna görə də üzr istəmirsənsə, deməli, bir günah qazanmış olursan. Bax, bu mənada mən hər kəsin günahkar olduğuna yüzə-yüzə əminəm. Əgər söhbət böyük arenadan, böyük fəaliyyətdən gedirsə, buradakı günahları saymaq və göstərmək yəqin ki, uzun bir vaxt aparar. Ona görə də hamının da etiraf etdiyi bir gerçəyi xatırlatmaqla fikrimin əsas nöqtəsinə qayıdıram. Allahını tanıyan hər kəs bilir ki, ondan, yəni Yaradandan başqa hər kəsin günahı var. Bu, aksiomadı!
Bəli, mən Tanrının günahkar bəndələrindən biri kimi özüm özümə az-çox hesab verə bilirəm. Xüsusilə səfərlərdə olanda, gecələr göy üzü ilə söhbət edəndə və bir də ürəyinə toxunanda. Bu üç məqamda günahlarımın boy sırasına baxıb utandığım, xəcalət çəkdiyim məqamlar da olur. Amma az-çox xeyirxahlığım, ağac əkməyim, gül becərməyim, kiminsə halını soruşub əlindən tutmağım, hətta yolu keçməsinə kömək etməyim kimi məqamların çoxluğu o günah və günahsızlıq tərəzisində müəyyən bir ədalət tərəzisini balanslaşdırır. Görürəm ki, günahsızlığımla günahkar olmağım bir boyda, bir duxundadı. Necə deyərlər, ikisinin arasında bu 55 ildə gəldiyim yolun üzü it hürənə gedirəm. Yol boyu da kimdənsə gizlənmək, kimdənsə daldalanmaq fikrim olmayıb və yoxdu. Çünki adamların gözləri mənim inamıma görə qiymət tərəzisidi. O gözlərdən gizlənmək mümkünsüzdü... o gözlərin içinə baxmaq həmin o günahsızlığın göstəricisidi...
Mən də getdiyim yolun harda bitəcəyini bilməsəm də, amma hara getdiyimi bildiyim üçün yolçuluğumdayam. Həyatın sərt döngələrindən tutmuş könül oxşayan hər bir anına kimi bəlli gəlişindən-gedişindən tutduğum yüklə arxamca kimlərinsə gəlib-gəlməməsinə məhəl qoymadan addımlayıram. Düzdü, bəzən deyirlər ki, ya kiminsə arxasınca getməlisən, ya da kimlərsə arxanca gəlməlidi!.. Mən bu deyimi normal qəbul etsəm də, daha çox tək qurdların həyatını önəmli sayıram. Axı türk dünyasında bu totem daha qabarıq olduğu qədər də, daha çox seviləndi...
Hə, bütün yazı boyu hiss etdim ki, ovqatım sizlərin ürəyincə olmadı. Siz bir qarmaqarışıqlıq içərisində nəyisə axtaran bir müəllifin yazdıqlarını oxumaq zorunda qaldınız. Amma siz də etiraf edin ki, bu yazıda həm görünən, həm də görünməyən bir çox işarələr var idi...
Hə, it hürənə gedən bir adamdan sizə təhlükə gələcəyini yəqin ki, düşünməzsiniz.

TƏQVİM / ARXİV